Şamil Əsgərov (Dəlidağ)

Olmasaydı

Dünyanın üyəyi qan ağlamazdı,
Əldən-ələ keçən zər olmasaydı.
Bəşərin qəlbində dərd çağlamazdı,
Pul zülmü fırladan pər olmasaydı.

Beşı sanamazdıq dördü bilməsək,
Namərdi sezməzdik mərdi bilməsək.
Sevinci duymazdıq dərdi bilməsək,
Zəhmət görünməzdi tər olmasaydı.

Dayaz bəlli etdi dərini bizə,
Acı nişan verdi şirini bizə.
Pis dedi yaxşının yerini bizə,
Qorxaq bilinməzdi ər olmasaydı.

Qaranı görəndə ağı tanıdıq,
Şoranı görəndə bağı tanıdıq.
Təpəni görəndə dağı tanıdıq,
Tülkü tanınmazdı nər olmasaydı.

İnsanın göz yaşı ğölə dönməzdı,
Heç kimin əməli felə dönməzdı,
Şamılin qəzəbi selə dönməzdı,
Böhtan olmasaydı, şər olmasyadı.

Bir anam kürd, bir anam od

 

Bilsin hamı, bilsin aləm, qəlb deyəni yazır qələm:
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!
Vicdan satan, araqatan danışsa da həlləm-qəlləm,
Gecə-gündüz Od yurdunun keşiyində duran Kürdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm! 

Gədə-güdə ətəyindən nahaq yerə tökmür daşı,
Əqidəmi dəyişmərəm cəhd etsə də nadan, naşı.
Azərbaycan torpağına, iftiraya şərə qarşı
Otuz səkkiz izotoplu – nüvə odlu «uran» Kürdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!

Necə danım, kola girib kürəklərdən atan da var,
Ucuz şöhrət arzusuyla marıqlarda yatan da var.
Nə olsa da «… karvan keçər, yel qayadan nə aparar?»
Mən dostluğa sədaqətdə hər kəlməsi «Quran» Kürdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!

Axarını dəyişdirib çaylar geri dönə bəlkə,
Kainatdan ayrı düşüb günəş göydə sönə bəlkə.
Dəyişmərəm, ayrılmaram doğransam da tikə-tikə,
Azərbaycan təsibiylə polad qala quran Kürdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!

Yoxdur alçaq – qəlbdən gülüb üzdə saxta yanan kimi,
Danma, yoxdur haramzada öz əslini danan kimi.
Ey Kürd! Odlar diyarını sev öz doğma anan kimi,
Mən bu xalqa arxalanıb düşmən bağrı yaran Kürdəm!
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!

Çətın

Həyat həm şirindi, həm acı zəhər,
İçməmək də çətin, içmək də çətin.
Həyat həm zülmətdir, həm aydın səhər,
Seçməmək də çətin, seçmək də çətin.

Əkizləşib ömrün sevinci-qəmi,
Azdır dərdə yanan könül həmdəmi.
Həyat bir sünbüllü, tikanlı zəmi,
Biçməmək də çətin, biçmək də çətin.

Gah sərin, gah şaxta, gah isti-bürkü,
Birəsiz olmayıb əyninin kürkü.
Həyatın dağlardan ağırdı yükü,
Çəkməmək də çətin, cemək də çətin.

Dünya yaranandan ikibaşlıdı,
Kimı şad, kimisi gözüyaşlıdı,
Şamıləm, yolları yaman daşlıdı –
Keçməmək də çətin, keçmək də çətin.

Şeşələnməsin

Boş yerə özünü bənzədib şirə,
Tülkü kola girib meşələnməsin.
Tutub qulağından çəkərlər zirə,
Özgə yerişinə peşələnməsin.

Acgöz el malını çapıb ötürdü,
Boynuna alçaqlıq yükü götürdü.
Ürəyi qərəzdən kələ-kötürdü,
Nahaq cilalanıb şüşələnməsin.

Yerə düşəcəksə demə sözünü,
Daşa ağız açıb yorma özünü.
Çalış al həmişə işin gözünü,
Cəhd eylə üstünə iş ələnməsin.

Deyin atasından xəbərsiz bicə,
Burnu ovulanda dönəcək gicə.
Xalqın gəmisinə girib gizlicə,
Qoy eşənək atıb eşələnməsin.

Bir alçaq dindirdi müdrük babanı,
Cavab aldı: - İgid satmaz obanı.
Kişi el qəlbində qursun yuvanı,
Qoltuqlar altında guşələnməsin.

Başı uca olan, sür ömür, sür gün,
Kim səni nahaqdan eyləsə sürgün.
Payını alacaq axırda bir gün,
“Mənəm-mənəm”- deyib nəşələnməsin.

Əməli yaramaz öyünüb şişər,
Şamil, ona yəqin qurular məhşər.
Elin qəzəbindən qırılıb düşər -
Özgə buynuzuyla şeşələnməsin.

Gördüm

Ələk-ələk etdim mən bu dövranı,
Astarını gördüm, üzünü gördüm.
Qənimi olubdu insan insanın,
Əyrisini gördüm, düzünü gördüm.

Şüşədə olsa da divlərin canı,
Axtarıb tapmadım onu qıranı-
Zalımın günahsız eli-obanı,
Yandıran odunu, közünü gördüm.

Öz altından su yeridən samanın,
Pambıq ilə başı kəsən fərmanın,
Barmağı məkrli ala şeytanın,
Əllisini gördüm, yüzünü gödüm.

Şamıl Dəlidağam, bədin, xəbisisn,
Yamanlığa, nahaq qana hərisin,
Çoxlarına tələ quran iblisin,
Axırda tələdə özünü gördüm.

Yerinə

Qız, qəlbini neyləmisən,
Qoymusan bir daş yerinə?
Əyri qılınc bağlamısan
Söylə niyə qaş yerinə?

Zülmət etmə al səhəri,
Saç nurunu, gözəl pəri.
Mənə acı-tünd zəhəri
Gəl yedirmə aş yerinə.

Qoy qınına kirpik oxu,
Sən Şamilin varı-yoxu.
Ürəyini açıb oxu,
Qan axıtma yaş yerinə

Çəkər

Gözəl, hüsnündəki o gözəlliyə
Baxsa, gül-çiçək də xəcalət çəkər.
Bəs onda de görüm bu yazıq canım
Mən sənə baxanda nə halət çəkər.

Qamətin dastandır dildə, ağızda,
Görsə səni Şirin – o pəri qız da,
Gözəllər hesabı olan kağızda
Öz adı üstündən qara xətt çəkər.

Həsrətin çoxunu eylədi xəstə,
Hər rəssamam dəyən düşsə də qəsdə –
Gözəl camalını ağ kağız üstə
Rəfaeldə olan məharət çəkər.

Amandır Şamili eyləme sayıl,
Gözün can almağa hamıdan qayil.
Mən də can alanam dəyən əzrail –
Bircə baxışından xəsarət çəkər.

Deyirsən

Ay qız səndə nə müddətdir gözüm var,
Söyləməyə sinəm dolu sözüm var.
Ürəyimdə alovum var, közüm var,
Amma sənsə gör bir nələr deyirsən,
Necə danım, xatirimə dəyirsən.

Sübh çağıdır, qayıdırsan bulaqdan,
Yerişini tanımışam uzaqdan.
Dayanmışam dar cığırda bayaqdan –
“Yol ver keçim, adam gələr”, - deyirsən,
Necə danım, xatirimə dəyirsən.

Dayanmayıb tez ötürsən yel kimi,
Hicran dərdi coşa gəlir sel kimi.
Soruşanda “göndərimmi elçimi?”
Gülümsəyib “anam bilər” deyirsən,
Axı, mənim xatirimə dəyirsən.

Yazılmış

Gözəl, baxışından roman oxudum,
Dərdlərimə orda çarə yazılmış.
Yalvarıb gözündən aman oxudum,
Gör mənim taleyim hara yazılmış?

Sən gülümsə – atım qəmi, kədəri,
Qaşı çatsan – dərdin olmaz qədəri.
Gözlərin – bəxtimin ömür dəftəri,
Ora həm ağ, həm də qara yazılmış.

Sənsən mənim arzum bu yer üzündə,
Naz etmə, bilirsən bunu özün də.
Bilmirəm nədənsə ala gözündə
Şamili çəkərəm dara! – yazılmış.

Sən oldun

Gedən, ayaq saxla, könlümün quşu
Çox gəzib dolandı, məkan sən oldun.
Elə ki, istədim çıxam yoxuşu,
Yorulan vaxtimda təkan sən oldun.

İlqarın yolunda keşikdə durdun,
Ona səmt gələnin gözündən vurdun.
Qəlbimdə dağ kimi bir qala qurdun,
Axırda uçurub sökən sən oldun.

Yatırdıb, yuxudan vaxtsız oyatdın,
Verdiyin ilqarı şöhrətə satdın.
Eşqin şərbətini mənə uzatdın,
Əlimə çatmamış tökən sən oldun.

Gözlərin yad kimi üzümə baxdı,
Elə bilqəlbimdən qara qan axdı.
Atamın saçının qapqara vaxdı,
Başımda ağ tükü əkən sən oldun.

Şamili tullayıb yaxmışdın xına,
Səni də atdılar, özünü qına.
Qəlbini qərq ətdin qəm dəryasına,
Dərdin böyüyünü çəkən sən oldun.

Bildir

Qoy sənə pir deyib yapışım a dağ,
O gözəl, çeşməndən içibdi bildir.
Qoy üzümü sürtüm üzünə yolaq,
O gözəl bu yerdən keçibdi bildir.

Səndə qalan ətri olub heyanım,
Ondan məst olmuşam, çətin oyanım.
Qoy üstündə boynu buruq dayanım,
Yar burada boynunu bükübdü bildir.

Həsrətini necə dözüb çəkim mən,
Belə dərdə sanma ollam həkim mən.
Qoy üstündə quşa dönüb səkim mən,
Yar da kəklik kimi səkibdi bildir.

Bir gülünü qoysam gözümün üstə,
Şamiləm, sağalıb olmaram xəstə.
Qoy mən onu seçim, canımı istə,
Yar da sonalayıb seçibdi bildir.

Sağallam

Bir canandan ötrü canım can verir,
Əhvalımı xəbər alsa, sağallam.
Ya yuxuda görsəm o dərman verir,
Ya da məni yada salsa sağallam.

Taleyin ulduzu nurunu saçsa,
Qəlbimi gizlicə əksimə açsa,
Ona oğrun baxıb dodağı qaçsa,
Şirin xəyallara dalsa, sağallam.

Yolum düşsə bir vaxt gəzdiyi bağa,
Min səcdə qılaram həmin torpağa.
Əlim dəysə, əli dəyən yarpağa,
Mənə bu bəxt nəsib olsa, sağallam.

Hanı mənim kimi qəlbi yaralı,
Cəsədim qalıbdı candan aralı.
Yönü bəri baxıb o dağ maralı,
Uzaqdan qeydimə qalsa, sağallam.

Bir ot bitərdimi olmasaydı su?
Yarsız bar verərmi qəlbin arzusu?
Şamilin ölməyə çoxdu qorxusu,
Başım üstə kiprik çalsa, sağallam.

Yazıldı

Sitəmindən “a” yazıldı
Sinəmdəki “yar” yanına.
Səni gördüm dilimdən “sız”
Düşdü “etibar” yanına.

“Yüz” önündən “bir” silindi –
Sevincin sayı bilindi.
Gözlərimdə, ay qız, indi
“Tər” gəlibdir “tər” yanına.

Sən dolanıb gəzdin yandan,
Şamil oldu sinəsi qan,
Bülbül uçub gülüstandan
“Ğa” qonubdur “qar” yanına…

Mən nəçiyəm ki

Nə desən baş üstə, dilinə qurban,
İxtiyar sənindir, mən nəçiyəm ki.
Söylədin – yaylağa gedək, - a ceyran,
O dağlar sənindir, mən nəçiyəm ki.

Eşqin odu kimi köz ola bilməz,
Gözlərinə bənzər göz ola bilməz.
Canım lazımdırsa, söz ola bilməz,
Gəl apar, sənindir, mən nəçiyəm ki.

Bir gözüm lazımsa – cütünü verrəm,
Paranı istərsən – bütünü verrəm.
Evimiz uçsa da sütunu verrəm,
Nəyim var sənindir – mən nəçiyəm ki.

Nə deyirəm

Olub keçənləri sovurub yelə,
Atırsan sən məni, at, nə deyirəm.
Ox nə lazım bircə kəlmə “yox” ilə
Qatırsan torpağa qat, nə deyirəm.

İlqarın sınanıb boranda, çəndə,
İnanmıram səni salalar bəndə.
Qara bulud olub məni görəndə
Çatırsan qaşını çat, nə deyirəm.

Dilədim bəxtimiz gül kimi açsın,
Eşqimiz könülə nurunu saçsın.
Qəm bizi görəndə baş alıb qaçsın,
Hökm et taleyimə yat, ne deyirem.

Amandır, inanma hər yetən sözə,
Gəl oturaq giley eylə üz-üzə.
İxtiyar səndədir, dəyər-dəyməzə
Satırsan Şamili sat, nə deyirəm.

Kimi

Qəlbimin eşq hörgüsündə,
Bəxtim deyib hörəm kimi.
Ürəyimin güzgüsündə
Əks eyləyə, görəm kimi.

Sənə dedim: -Yar, qan oldu,
Tufan qopdu, boran oldu.
Könül evim viran oldu,
Dağ dilləndi: - Dərəm kimi?

Dəlidağın gül fəslisən,
Gözəlliyin yüz mislisən.
Vallah yəqin sən Əslisən,
Mən yanıram Kərəm kimi.

Döndərər

İgidi söz, kababı köz,
Yandırıb külə döndərər.
Söz qananı bircə kəlmə,
Nazildib milə döndərər.

Ox süzərmi yay olmasa,
Dərya olmaz, çay olmasa.
Yar yarına tay olmasa,
Hər günü ilə döndərər.

Hikmətdirmi arı şanı?
Şamil, onda hünər hanı?
İnsan əli boz tikanı,
İstəsə gülə döndərər.

Biri nə?

Üç gözəli bir çəməndə görmüşəm,
Biri güldü, biri çiçək, biri nə?
Birisinə üç hədiyyə vermişəm,
Biri candı, biri ürək, biri nə?

Bir talada həm tikan, həm lala var,
Kimdir deyən sökülməyən qala var?
Yer üzündə üç dağıdan bəla var,
Biri seldi, biri külək, biri nə?

Dost zəhrini şərbət kimi içmişəm,
Mən Şamiləm, çoşqun seldən keçmişəm.
Bu dünyada mən üç arxa seçmişəm,
Biri eldi, biri çörək, biri nə?

Olmaz

Çox şirindir dost vəfası,
Ondan daldı qaymaq olmaz.
Dost cəfası – can səfası,
Ləzzətindən doymaq olmaz.

Canı qıymaq qəlb arzusu,
Qandan keçmək bir içim su.
Bu dünyada tək namusu
Dost yolunda qoymaq olmaz.

Şamil, uca olsun başın,
Var yığmaqla yoxdur işin.
Sərvətindir dost-tanışın,
O qədərdir saymaq olmaz.

Dədə dostu

Rütbən düşsə, eyləmə şəkk,
Yox olacaq vədə dostu.
Bacarıb tez başından ək,
İpiqırıq gədə dostu.

Çay qurumaz, suyu bolsa,
Hər bir zaman sadiq qalsa,
Övlad əsil övlad olsa,
Möhkəm olar dədə dostu.

Şamil, durma hayına yet,
Böl dərdini, şərinə get,
Dar günündə imtahan et,
Sınama heç nədə dostu.

Kaş olmayaydı

Yolsuz bir yamacdan asandır keçmək,
Adamın yolsuzu kaş, olmayaydı.
Çətin deyil yolun daşını seçmək,
İnsanın ürəyi daş olmayaydı.

Ağır yük görmüşük dönəbədönə,
Ağır söz eşidib dözmüşük yenə.
Bunlara çarə var, təki bədənə
Ağırlıq eyləyən baş olmayaydı.

Xoşdur ürəklərdə qurasan yuva,
Səndən razı qala bütün el-oba.
Şamil, nə xəyanət, nə qan, nə dava
Dünyada heç kəsə xoş olmayaydı.

Dördlüklər

EHarınlar min illər xalqı edib qul,
Qızılla, gümüşlə məzəlenibdir.
Toyu da nimdaşda keçirib yoxsul,
Öləndə paltarı təzələnibdir.

              *****
İynə öz-özünə iz qoya bilməz,
Onun arxasında sapı gərəkdir.

Dişlər hırıldayıb dayana bilməz,
Ona dodaq kimi qapı gərəkdir.

              *****
Dağ soruşdu:-Nəyin məsti olmusan,
Niyə gözlərinin yuxusu gəlir?
Söylədim: - Üstündən keçib səvdiyim,
Sənden nazı yarın qoxusu gəlir.

               *****
Bu gecə Ay yaman çox işıqlıdı,
Elə bil hüsnünə qəndil taxıbdı.
Bildim niyə belə yarşıqlıdı,
Ona nazlı yarın gözü baxıbdı.