Şamil Əsgərov (Dəlidağ)


Neçə dəfə baxmışam,
Kəlbəcər muzeyinə.
Nuru işıq salırdı
Gözə, ağla, beyinə,
Dostum Şamil Əsgərin
Gözlərinin nuruydu,
Azərbaycan xalqının
Ən böyük uğuruydu.
Zəlimxan Yaqub

Onu yaradan kişi çağdaş Prometey idi,
Dağıtdı bu nağılı, qarət eylədi yağı.
Vətənin sinəsindən getməz bu namərd dağı.
Kəlbəcərin muzeyi bir nağıl muzey idi,
Dünyada hər şey idi..
Hüseyn Kürdoğlu

Bu muzeyin təməl daşını qoyan qələm dostumuz Şamil Əsgərov bir ömrə şöhrət ola biləcək bir iş görüb və camaatın ürəyində özünə heykəl ucaldıb.
Sabir Rüstəmxanlı

Bu  dağların yüz min illərin amansız caynağında dirilib-ölmüş ömrünü bir kişi yenidən dirildib ayaq üstə qoya bilərmiş... Şamil Əsgərov iki ilin içərisində alimi də, çobanı da heyrətə qoya biləcək bir iş görüb. Bu iş insan işi deyil, sözün həqiqi mənasında div işidir.
Məmməd Aslan

Azərbaycan tarixinin təbii zənginliyini görmək üçün onun ürəyinə, bu muzeyə baxmaq kifayətdir. İlahi, bir insanda nə qədər can yanğısı, axtarış həvəsi və incə zövq olarmış! Eşq olsun sağlığında özünə qeyrətli, cəfakeş əməliylə heykəl qoyan dostum şair Şamil Əsgərova!
Məmməd İsmayil

Kəlbəcər muzeyi köçüb Bakıya,
Dövranın ən ağır dəhşətidir bu.
Zalım satqınlara, imansızlara
Elin nifrətidir, lənətidir bu.

Göydənmi, yerdənmi fəlakət yağdı?
Bu da sinəmizdən silinməz dağdər,
Kəlbəcər muzeyi Bakıda sağdır,
Şamil Dəlidağın xidmətidir bu.

Əvvəlini gördük - görərik sonun,
Kəlbəcər qayıdar dəyişər donun.
Əli Dastançıtək neçə milyonun
Arzusu-diləyi, niyyətidir bu.
Əli Qurban Dastançı

Ramız Nəcəfli, sənətşünas                                                                                  Girov Muzey

 

Erməni işğalçıları torpağımıza ayaq basanda minillərdən xəbər verən bir çox tarixi abidələrimiz kimi, mezeylərimiz də yağı əlinə keçdi. Bu mezeylər içində Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi özünün orжi-nallığına və zənginliyinə görə başqalarından əsaslı surətdə fərqlənirdi. Sorağı çox-çox uzaqlara yayılmış, tarixi əhəmiyyətli əşyalarla zəngin olan bu muzeyi mütəxəssislər həm də geologiya, arxelogiya, incəsənət və qiymətli səslər muzeyi adlandırırdılar. Muzeyin çöl divarlarını 2 mindən artıq müxtəlif rəng çalarlı daşlar bəzəyirdi. Həyəti 900 kv.m-dən artıq sahəni tuturdu. Burada ağac və bitki nümunələri, qaya təsvirləri, qəbirüstü qoç və at fiqurları, nəhəng bəzək daşları, qazıntı nəticəsində tapılmış çoxlu əşiya ilk baxışdan tamaşaçıların diqqətini özünə cəlb edirdi.

Muzey eksponatları bir dəhliz, 3 kabinet, 9 nümayiş salonunda toplanmışdı və içərsində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Dəhlizdə tamaşaçılar Qanlıkənd səmtində olan Lök qalasının, xalça, şəddə və kilimlərin, rayon xəritəsinin və bir çox başqa eksponatların yaraşıqlı şəkillərini, fotolarını və təsvirlərini görürdülər. Rayonun zəngin təbiəti barədə tamaşaçılara ətraflı məlumat verən birinci salonda ağac və bitki nümunələri, rəng-rəng və müxtəlif növ daşlar, dağ, dərə, təpə maketləri və. s. nümayiş etdirilirdi. Tikinti işlərinə təkan vermək  məqsədilə daşlar yonulmuş və onlardan stend düzəldilib birinci salonun divarından asılmışdı. Burada obsidian (dəvəgözü), travertin, tuf, bazalt, qabro, listivenqim və başqa tikinti materialları göz oxşayırdı. Bu daşların rayonun hansı ərazisində yerləşdiyi barədə xəritə də işlənib stendə əlavə edilmişdi. Salon tamaşaçıda 30 mindən çox sərin çeşmə, yüzlərlə narzan və şəfa qaynaqları olan istisuların fəvvarələr vurduğu təsəvvürünü yaradırdı. Bu dağlıq ərazidə meşələr özünə məskən salmış və burada 4 minə qədər bitki boy atır. Salonda Kəlbəcər ərazisində bitən dərman bitkilərinin müəyyən hissəsinin hansı xəstəliyə əlac olduğu barədə də məlumat əldə etmək olardı. Muzeyin direktoru, filologiya elmlər  nami-zədi, şair Şamil Dəlidağın bu haqda şerlə yazdığı məlumatı tamaşaçılar maraqla oxuyardılar.

Kəlbəcər dağlarında yaşayan bir çox vəhşi heyvanların müqəvva nümunələri muzeydə nümayiş etdirilirdi. Ikinci salon rayonun qədim dövrünə həsr edilmişdi. Kəlbəcərdə məşhur Istisu kurortu yaxınlığında aşkarlanmış ən qədim insan məskənlərinin - yarıdağılmış damların fotoşəkilləri tamaşaçıya geniş məlumat verirdi. Qadın qəbrindən tapılıb nümayiş etdirilən bürünc keçi totemi (boyundan asmaq üçün) və bürünc boyunbağı insanın xəyallarını eramızdan əvvəlki  III-IV minillərə aparırdı. Muzeyin həyətindəki qaya-salların üzərində olan 6-7 min il tarixə malik keçi təsvirləri,qədim dövr salonundakı bütüncdən keçi totemi, habelə muzeydəki kilim, heybə və nəmibaşları, 30-100 il bundan qabaq toxunan primitiv keçi təsvirləri və onların hər üçünün bir-birnə oxşarlığı indiki nəslin qədim kökə bağlı olmasını sübut edib tarixçilərin mübahisəsinə son qoyurdu. Rayonun Abdullauşağı  kəndində qazıntı zamanı kalafa yerindən tapılan «Buynuzdan ox atan» da bu salondaydı. Qədim dövr salonunda nümayiş etdirilən obsidian (dəvəgözündən) 5 min ildən çox yaşı olan oxlar, küp qəbirlərdən əldə edilən dəmir nizə uc-luqları, daş qəlyanlar, daşdan insan skeleti, iri xumdar, daş, saxsı və dəmir qara çıraqlar, oxunması mümkün olmayan daş üzərindəki şəbəkə yazı, torpaqdan çıxan qədim alətlər, azı 150 milyon il yaşı olan Təttərçay qumlağında tapılan daşlaşmış ilbiz və digər eksponatlar Kəlbəcər torpağının qədim dövr salnaməsinin ayrı-ayrı və dərin mənalı səhifələri idi.

Üçüncü salonda əsasən toxuculuq əşyaları nümayiş etdirilirdi. Burada müxtəlif çeşidli xalı və gəbələr, farmaşlar, kilimlər, asmalıqlar, duz torbaları, xurcunlar, heybələr, qırxılıq qabları, corablar, yer hanasında toxunan şallar diqqəti cəlb edirdi. Salonda 1986-cı ildə 147 yaşında vəfat etmiş və vaxtı ilə Aşıq Ələsgərin adına söz qoşduğu kəlbəcərli Güləndamın şəkli və onun toxuduğu 100-dən artıq gəbə və kilim nümayiş etdirilirdi. Aşıq Ələsgərlə bağlı muzeydə kifayət qədər xatirələr var idi. Onların sırasında aşığın bir çox Kəlbəcər gözəllərini və igidlərini vəsf etməsi, bir çoxlarının toylarını keçirməsi, salonda bu gözəllərin, igidlərin, toyunu Aşıq Ələsgərin keçirdiyi adamların böyük bir siyahısı var idi. Ustad aşıq Kəlbəcəri belə tərənnüm etmişdi:

Gəşt eylədim, bu dünyanı dolandım,
Kəlbəcərin xeyri-şəri yaxşıdı…
Qardaş deyib  dindirirlər adamı,
Hörmətləri,  mərifətləri yaxşıdı…

Dördüncü salonda əsasən keçmişdə məişətdə işlədilən qab-qacaq, qədim silahlar, köhnə metal və kağız pullar yerləşdirilmişdi. Tamaşaçılar burada müxtəlif mis qablarla (kasa, cam, bölmə, dövrə, sini, məcməyi, sərnic, bayda, ağızlıq, satıl, tava,  samovar, abgərdən, aşsüzən və.s.) qəmə, xəncər, qılınc, korda, yay-ox, barıtqabı, pistonqabı, qara tüfəng, çaxmaq kimi köhnə əşyalarla tanış ola bilərlər. Ağacdan düzəldilmiş eksponatlar sırasında «hazarpeşə» böyük maraq doğrururdu. «Hazarpeşə» sandıq şəklindədir. Onun içərsində stəkan, nəlbəki, çaynik, çay qaşıqları, qənd və.s. saxlanılır. Tuluğa qatıq tökmək üçün ağacdan düzəldilmiş, ağac qaşıq və çömçələr, divək daşları və başqa məişət əşyaları salonda cəmlənmişdi.

Tamaşaçıların dərin marağına səbəb olan eksponatlardan biri də Şam (Dəməşq) qılıncı idi. Əldə olunan yazılı məlumatlar bu qılıncın dəmirinin Hindistandan alındığı və Şam şəhərində polada çevrildiyini bildirir. Qını ilan qabığı  ilə örtülmüş, dəstəyi gümüşlə bəzədilmiş xəncərlər də tamaşaçı diqqətini özünə cəlb edirdi.

Beşinci salonda yaşı 100-dən çox olan ağbirçək və ağsaqqallar, rayonun aşıqları, alimlər, şairlər haqqında məlumat əldə etmək olardı. Əhalinin hər min nəfərə hesabı ilə yaşı 100-dən çox olanların sayına görə Kəlbəcər rayonu keçmiş Sovet Ittifaqında birinci yeri tuturdu. Məcməyilər üzərindəki yazılardan aydın olurdu ki, Əlif kişi 157 il və onun həyat yoldaşı Tükəzban 141 il ömür sürüblər. 1973-cü ildə dünyasını dəyişən Əlif kişi Qaçaq Nəbinin yaxın dostu olub. Bu barədə xatirələr salonda tamaşaçıların diqqətini cəlb edirdi. Əlif kişi 150 yaşında köhlən at səyirdir, yumurtanı nişana qoyub ona sərrast güllə atırdı.

Altıncı salonda xalq oyunları və adətləri öz əksini tapmışdı. Müqəvvalardan düzəldilmiş oyun və adətlər öz əksini tapmışdı. Müqəvvalardan düzəldilmiş oyun və adətlər qədim dövrlərdən xəbər verirdi. «Yeddi hünər», «Kilimarası», «Ayın tutulması», «Yaylıq atma», «Iynəatma», «Tale», «Maraloyunu», «Dirədöymə», «Mətəqazma» və başqa oyunlar əyani təqdim edilirdi. Məsələn, məlum olduğu kimi, ay  tutulanda əvvəlcə camaat mis qab, qazan döyərmiş. Güman edilirmiş ki, bu zaman baş verə biləcək bəlanın qarşısı alınır. Şamil Dəlidağ bu mənzərəni nəzmə çəkərək tamaşaçıya belə təqdim etmişdi:

Dad çatarmı keçən günün dadına
Nələr düşür gör adamın yadına,
Ay tutulsa  yetişərdik dadına.
Tez-tələsik mis qazanı döyərdik,
Ay çıxanda özümüzü öyərdik. 

Yeddinci salonda keçmiş dövrün kənd təsərrüfatından, köhnə bir evin quruluşundan söhbət açılırdı. Burada xış(cüt), kotan və qara kotan dəmiri, boyunduruq, ağac və dəmir samılar, həvəndə, işgil, masan, vəl,şana, kürək,şadara, xəlbir, sambağı və.s. nümayiş etdirilirdi. Şübhəsiz, «kotan nə bilir ki, qayış nə çəkir» atalar sözünü hamı eşidib. Ancaq adı çəkilən qayışı az adam görmüş olar. Iki mal (qaramal, yaxud camış) gönündən hazırlanmış və kotan dartarkən zəncirdən daha faydalı olan həmin qayışın nümunəsini bu salonda görmək olardı.

Səkkizinci və doqquzuncu salonlarda ölkənin və Kəlbəcər rayonunun müasir dövrü öz əksini tapmışdı. Salonun böyük bir hissəsi «Kəlbəcər rayonu vətən müharibəsi illərində» adlanırdı. Bundan başqa, bir çox tanınmış adamların lentlərə yazılmış səsləri də muzeydə saxlanılırdı.

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi haqqında yazmağa qalın-qalın kitablar da kifayət etməz.  Bu yazi isə min bir əziyyətlə belə bir muzeyi ərsəyə çatdıran Şamil Dəlidağla söhbətin kiçik bir təəssüratından doğub. Onu da qeyd edim ki, bu sətirlərin müəllifi vaxtilə  muzeydə elmi işçı kimi çalışıb. Yəni vaxtı ilə adlarını qeyd etdiyim eksponatların elmi pasportunu hazırlamışdım.

Belə zənn edirəm ki, Şamil müəllimin şəxsiyyətini, onun xalqa və Vətənə hansı ürək telləriylə bağlı olduğu haqqında bu rə’yləri oxumaqla da hörmətli oxucular müəyyən və konkret təsəvvürə malik olacaqdır.

Kəlbəcər ermənilərə təslim ediləndən sonra Şamil Dəlidağ «bu muzey şəhid oldu» deyərək Bakıda yeni bir muzey yaratdı. Adını da qoydu Şahid muzey. «Şahid muzey» zəbt edilən «şəhid muzey»in şahididir. Bu muzeydə şəhid muzeydən xeyli məlumatlar öyrənmək olar.

Nazılə Həmzəyeva, Nəbatat institutunun elmi işçisi                            Kəlbəcər xatirələri

Mən Kəlbəcərli deyiləm, Irəvan şəhərində doğulub boya-başa çatmışam, lakin tək bircə dəfə olduğum gözəlliklər diyarının itgisi doğulduğum yerlərin itgisi qədər məni sarsıltdı...

1987-ci ildə məzuniyyətimi həyat yoldaşım Səməd, oğlanlarım Nazim və Rüfətlə Kəlbəcərdə keçirmişdik. Doğrudan da Isveçrəni görməyən üçün Kəlbəcəri görmək kifayət edərdi. O yerlərin cözəl təbiəti, meşəli və meşəsiz, bir-birindən əzəmətli dağların şux duruşu   oradakı  qürurlu insanlara çox oxşayırdı.

Məni  və uşaqları valeh edən dağlardan bir-biriylə yarışa girən və bənzərsiz dağ şəlalələri, qayalar arasında sanki gizlənmiş balaca və sızqa bulaqlar idi. Bu bulaq yenicə doğulmuş körpə uşaqları xatırladırdı. Bulaq elə bil yenicə dünyaya göz açır, qaynayıb yer səthinə çıxır və özü üçün axar axtarırdı. Hamılıqla oturub uzun müddət bu bulağa tamaşa etdik və onun ətrafını genişləndirdik. Bulağın suyu  qaynayıb bulandı və az keçmədi ki, dup-duru duruldu. Hər birimiz göz bülluru kimi saf bu sudan içib yolumuza davam etdik.

Ertəsi gün Kəlbəcərin bitki örtüyünü - florasını öyrənmək üçün başqa səmtə yollandıq. Bu yerlərin endem (yalnız bura xas olan və burda bitən) bitkilərindən herbari hazırlayıb institutumuzun herbari laboratoriyasını bir qədər də zənginləşdirdim.

Xoş xatirələrdən ən yadda qalanı Kəlbəcər tarix-diyarşünaslıq muzeyinə səyahətimiz oldu. Muzeyin hər otağı biri birindən gözəl və rəngarəng idi. Ən qədim dövrlərdən başlayaraq müasir dövrə aid olan minlərlə eksponatlar göz oxşayırdı, adam özünü  sehrli bir  dünyada  hiss edirdi. Uşaqların aramsız verilən  suallarına muzeyin direktoru  Şamil Əsgərov çox həvəslə cavab verir, hər bir eksponatın əldə etdiyi yeri, onun tarixini çox sevinclə danışırdı. Şamil müəllimin nümayiş etdirdiyi eksponatlarla davranışı  valideynin öz doğma balasına göstərdiyi münasibəti xatırladırdı. Hər bir cansız əşya onun üçün qiymətli və əziz idi. O, bizə muzeydə olan qədim əkin alətlər (oraq, cüt, öküz arabaları), kənd əhlinin milli geyimlər (naxışlı toxuma yun corablar, arxalıqlar, çuxalar), məişətdə işlədilən əşyalar (kirkirə, sərnic, səhəng, abgərdən, mis qazanlar) haqqında geniş izahat verdi. Muzeydə həmçinin Kəlbəcərin müasir alim və ziyalılarının, uzunömürlü insanlarının şəkilləri və onların ailə həyatları haqqında məlumatlar öz əksini tapmışdı. Muzeyin hər bir şöbəsi, otağı çox səliqə-sahmanla və tarixi ardıcıllıqla düzəldilmişdi. Bu muzeyin artıq ölkə səviyyəsindəki şanı-şöhrəti artıq bizi təəcübləndirmirdi, çünki biz özümüz də bu muzeyi tərk edə bilmirdik. 20 ildən çox keçməsinə baxmayaraq hələ də bu təəsürratlar könlümüzü oxşayır. Muzeydən çıxanda Şamil müəllim mənim Irəvanlı olduğumu bilib bir mərmər daşın üzərində erməni əlifbası ilə nə yazıldığını soruşdu. Orada «erməni qardaşım, sən bunu tapmalısan» sözləri yazılmış və aydın olmayan tarix göstərilmişdi. Daşa baxan kimi  onun tamamilə müasir və yeni olduğu hiss olunurdu. Şamil müəllim nəzərimizə çatdırdı ki, bu daş da bədnam qonşularımızın tarixi saxtalaşdırmaq cəhdlərindən yüzdə biridir.

Muzeydən doymadan ayrıldıq, sonra Istisuya getdik, bu şəfalı sudan da doyunca içə bilmədik. Məzuniyyət vaxtı tez qurtardı. Muzeyə, bu  gözəlliklər diyarına bir daha dönmək arzusu ilə və əbədi qəlbimizə həkk olunmuş xoş xatirələrlə Kəlbəcərdən ayrıldıq...