Şamil Əsgərov (Dəlidağ)

 Belimi bükən mənəm,
Göz yaşı tökən mənəm.
Cavan
ar yurdu almır,
Xəcalət çəkən mənəm.

Yurdumu itirmişəm,
Qəlbimdə gətirmişəm.
Dərdim çətin sağala,
Ömrümü bitirmişəm

Qülgəz nənə

 ...Dağa neçə uçum, balü pərsizəm,
Hələlik meydanda şiri nərsizəm.
Neçə ki yurdsuzam, Kəlbəcərsizəm,
Şamıl Dəlidağ yox, yalan Şamıləm...
                
                  
♦♦♦

Diləkliyəm Dəlidağdan keçməyə,
Buz bulaqdan bircə qurtum içməyə.
Havasını ciyərimə çəkməyə,
Döz qəlbimin od-alovu sönüncə,
Döz ürəyim, döz dağlara dönüncə.  

Şamil Dəlidağ            

 

Şamil Dəlidağın Kəlbəcər işgalı ilə bağlı yazıları

Bu dağlar kimə qaldı?..

«Respublika» qəzeti, 04 Aprel 2001-ci il

   Kəlbəcər və Laçın rayonları Aşıq Ələsgər dediyi kimi, Azərbaycanın «qüdərətdən səngərli dağlar»ı idi. Azərbaycan üçün çox böyük stradeжi əhəmiyyətə malik olan bu bölgələri erməni işğalından asanlıqla qorumaq olardı. 1918-20-ci illərdə Soltan bəyin başçılıq etdiyi dəstələr daşnaq Andronikin burnunu ovdular. Onun istilaçı qoşunu şil-küt edilib Laçın ərazilərindən qovuldu. Kəlbəcər topaqlarına isə bir erməni ayaq basa bilmədi.

  Biz isə babalarımıza oxşaya bilmədik. «Kürsü davaları», keçmiş iqtidarın fərsizliyi nəticəsində Şuşa, Laçın, Kəlbəcər kimi qalalarımızı nankor qonşular zəbt etdilər, el-obamızı qaçqına döndərdilər. Bu rüs-vayçılığın səbəbkarları isə cəzasız qaldılar.

  Kəlbəcərin işğalı və məğlubiyyətin səbəbləri barədə dəfələrlə çıxış etmiş və bu haqda ətraflı söhbət açmışıq. Hətta Kəlbəcərin işğalından qabaq bir sıra qəzetlərdə bu sərhəd rayonunun müdafiəsinin yox dərə-cəsində olduğunu car çəkib aləmə bildirmişik, fövqalədə tədbirlərin gö-rülməsinin vacibliyini kəskin surətdə cavabdeh olanların nəzərinə çat-dırmışıq. Lakin laqeyidlik və kürsü davaları səsimizin eşidilməsinə im-kan verməyib.

  Buna görə də işğalın səbəblərindən bir daha söz açmaq niyyətində deyiləm. Onu demək istəyirmə ki, zəngin sərvətlər diyarı olan Kəlbəcər gözdən-könüldən iraqda qalmışdı. Onun inkişafına gərək olduğu qədər diqqət yetirilməmiş, müdafiəsinə qayğı göstərilməmişdi.

  Rayonun ərazisi 1936 kvadratkilometirdi. Bu torpaqda zəngin qızıl yataqları mövcuddur. Vaxtilə ermənilər «Zod aşrımı» deyilən yerin Göyçə tərəfindən, bizimkilər isə bəri üzdən qızıl axtarışı aparırdılar. Söyüdlü çayı səmtində geoloq və fəhlələr üçün qəsəbə tikilmişdi. Işlərin qızğın getdiyi bir  vaxtda bizimkilər guya burada az qızıl olduğuna görə kəşfiyyat işlərini dayandırdılar.

  Bundan sonra ermənilər dağın o üzündən bizə tərəf tunellər qazaraq, sərhəddi keçdilər. Bu vaxt məni Kəlbəcər rayon Icrayyə Komitəsinin sədri seçdilər. Mən qızılımızın ermənilər tərəfindən çıxarıldığı barədə o zaman, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanova məlumat verdim. Onun köməyi ilə  ermənilərin buradı qızıl çıxarmasına imkan vermədik. Lakin sonralar SSR hökumətində rəhbər vəzifələrdə çalışan ermənilərin və onların havadarlarının bizə təzyiqi gücləndi, ermənilər yenidən tunellər qazıb qızılla zəngin xammalımızı daşıyıb aparmağa başladılar. Beləliklə yüz hektarlarla gözəl yaylaq sərhədlərimiz daş-çınqıl qalaqlarına çevrildi. Ermənilərin bu hərəkətlərinin də qarşısı alınmadı.

  Kəlbəcər rayonunun Ağyataq, Ağqaya və başqa ərazilərdə zəngin civə xammalı mədənləri aşkar edilmişdi. Rayonun Şirbulaq deyilən ərazisində civə istehsal edilən zavod tikildi, burada qəsəbə inşa olundu. Sonradan bu iş dayandırıldı. Indi erməni talançıları qızıl və civə xammalını arxayınca daşıyıb aparırlar.

  Biz geoloqların köməyi ilə Kəlbəcər ərazilərindən 79 meneral, daş, 36 süxur növünü toplayıb muzeydə nümayiş etdirirdik. Bunların bir çoxunun böyük və zəngin yataqları vardı. Obsidian, travertin, mərmər, bazalt, tuf, qabbro və başqa yataqları deyilənlərə misal göstərə bilərik.

  Şəxsən mən Kəlbəcərdə yeni və çox böyük obsidian (xalq arasında «dəvə gözü») mədəninin tapılması ilə əlaqədar geoloq alim Əli Məqribini rayona dəvət etdim. O, bir neçə gün kəşfiyyat işləri apardı və təsdiq etdi ki, bu, dünyanın ən zəngin obsidian mədənidir. Ondan düzəldilən arakəsmələr istini, soyuğu və səsi keçirmir. Deyilənə görə, atom radiasiyasına qarşı da obsidiandan istifadə edirlər. Təsadüfü deyildir ki, təqribən 1987-ci ildə Hollandiyaya Kəlbəcərin «Keçəl dağ» yatağından 10 ton obsidian göndərildi. Kim bilir ermənilər indi bu qiymətli sərvətimizi haralara satır?!

  Kəlbəcərdə tükənməz miqdarda rəngi ağ, ağ-sarı, ağ-göy tuf mədənləri yatır. Əhali daşlardan kustar qaydada istifadə edib çoxlu yaraşıqlı evlər tikdirmişdi. Biz vaxtında daş karxanaları açsaydıq, Kəlbəcər tufları ilə bütün respublikanı bəzəyə bilərdik. Bunu da etmişdik.

  Mübaliğəsiz demək olar ki, Kəlbəcərdəki bazalt daşları ilə neçə-neçə şəhər tikilsəydi, yenə də tükənməzdi. Bu sərvətləri saymaqla qurtaran deyil.

  Heç yadımdan çıxmaz, səhv etmirəmsə, 1976-cı ildə akademik Həsən Əliyevin rəhbərlik etdiyi Akademiyanın Coğrafiya Institutunda elmi-praktiki konfrans keçirildi. Mən də bura dəvət olunmuşdum. Bir nəfər məruzəçi dedi ki, Azərbaycanda 200 narzan bulaq var. Mən ona etiraz olaraq bildirdim ki, təkcə Kəlbəcərdə 200 belə çeşmənin yerini mən bilirəm. Bundan xeyli sonra Həsən Əliyev Kəlbəcərə gəldi. Mən ona 17 istisu, 56 narzan mənbəyi göstərdim. Məsləhət gördü ki, bu istisu, narzan və adi çeşmələrin yerləşdiyi ərazilərin xəritələrini çəkdir, sayını dürüstləşdir, sutkalıq miqdarını müəyyənləşdirib mənə göndər, məsələ qaldırmaq lazımdır ki, Kəlbəcərdə koxoz və sovxozlar ləğv edilsin və bu rayon kurort zonasına çevrilsin. O zaman maarif şöbəsinin müdiri işləyirdim, coğrafiya müəllimlərinin köməyi ilə bu işə başladıq. Təəssüf ki, başıma açılan haqsız oyunlar nəticəsində işimiz yarımçıq, arzumuz isə gözümüzdə qaldı.

   Bu meneral sulardan əlavə Kəlbəcər ərazilərində 30 minə qədər təbii və dişgöynədən çeşmələr çağlayırdı. Hər il respublikanın aran rayonlarından və şəhərlərindən dincəlmək üçün dağlara gələnlər bu çeşmələrin başında minlərlə çadır qurardılar. Dağ suyu və havası bu yerlərə gələnlər üçün loğmana dönürdü.

  Kəlbəcər yaylaqlarına hər il 22 rayonun mal- qarası gətirirdi. Bu səfalı yerlərdə 2 milyona qədər qoyun bəslənilirdi. Qoyunçuluğun inkişafı üçün Kəlbəcər və Laçın yaylaqlarının əvəzi yox idi.

  Ermənistanla həmsərhəd olan Kəlbəcərin «Böyük Alagöl»ü haqqında ayrıca danışmaq istəyirəm. Bu gölün sahəsi məşhur Göy-Göldən 5-6 dəfə böyükdür. Göldə çəkisi 30 kiloqrama çatan qızıl xallı (farel) balıqlar üzürdü. Bu yerlər aran rayonlarımıza məxsus yaylaqlar olduğuna görə payızdan elat dağa gələnə kimi sahibsiz qalırdı. Bundan istifadə edən ermənilər yazda və payızda göldəki balıqları ovlayırdılar. Dəfələrlə məsələ qaldırmağımıza baxmayaraq, bu talançılığın da qarşısı alınmadı. Respublikanın bir sıra tanınmış şəxsiyyətlərini gölün ətrafına aparıb xahiş edirdim ki, burada kurort, turist bazaları tikilməsi üçün məsələ qaldırsınlar. Onların də təklifləri nəzərə alınmadı.

  Müxtəlif ağaclarla zəngin olan Kəlbəcər meşələrinə söz ola bilməzdi. Meşələrdə dadı damaqdan getməyən cır meyvələr bitirdi. Buradakı qırmızı palıdın, nəhəng fındıq ağaclarının əvəzi yox idi.

  Deyilənə görə, Soltan bəy bu palıdların taxtasını Fransanın konyak zavodlarına satırmış. Kəlbəcər meşələrində palıd ağacından da hündür fındıq ağacları vardı. Akademik Həsən Əliyev Kəlbəcərə gələndə Qamışlı meşələrində bu ağacların bir neçəsini ona göstərdim. O bilirdi ki, belə fındıq ağacları dünyada nadirdir. Buna görə də onlar «Qırmızı kitab»a yazılmalıdır.

  Aldığımız məlumatlara görə erməni quldurları Kəlbəcər və Laçın meşələrinə amansız divan tuturlar, onları vəhşicəsinə qırırlar.

  Kəlbəcərdə kirəmit və kərpic üçün faydalı olan tükənməz miqdarda gil və torpaq da istifadəsiz qalmışdır.

  Kəlbəcərin ən qiymətli sərvəti, təbii ki, onun əməksevər əhalisi idi. Çətin, lakin səfalı dağlıq şəraitində yaşayan bu əhali tarix boyu zəhmətə bağlı adamlar olmuşdur. Necə deyərlər, burada qadınların barmağı qızıl kəsirdi. Biz adbaad siyahı aparıb 7500-dən çox qadının gözəl xalça, kilim, cecim, farmaş, xurcun, corab toxuduqları barədə muzeyə məlumatlar toplamışdıq. Vaxtilə Kəlbəcərdə xalçaçılıq fabrikinin filalını açdırsaq da, sonradan bu müəsisə ləğv olundu.

  Kəlbəcərdə çoxlu bənna, dülgər, suvaqçı, dərzi və başqa sənətkarlar yetişmişdi. Onların əlləri ilə rayon mərkəzində və kəndlərdə zövq oxşayan binalar inşa edilmişdi. Bu inşaatçıların qüvvəsindən istifadə edib Kəlbəcər bulaqlarının başında istənilən qədər kurort tikmək olardı.

  Kəlbəcərdə adlı-sanlı – Aşıq Qurban, Aşıq Avaz, Aşıq Şəmşir, Aşıq Qəmkeş, Aşıq Qardaşxan, Aşıq Xalıqverdi, Aşıq Əhliman, Aşıq Telman, Aşıq Hidayət və bir çox tanınmış aşıqlardan başqa, hər kənddə gözəl saz çalıb oxuyanlar vardı. Kəlbəcər şairlər diyarı da adlandırmaq olardı. Bu dağların yetişdirmələri olan Azərbaycan Yazıçılar birliyinin üzvləri, tanınmış şairlər – Ənvər Rza, Məmməd Aslan, Adil Cəmil, Bəhmən Vətənoğlu və başqalarından əlavə Yaqub və Əyyub Cabbarov qardaşları, Dəmirçi Abbas, Idris Verdiyev, Mirsəyyaf Zamanlı, Sucayət Əhmədov, Mehdixan Mehdiyev kimi şairlər və yüzlərlə başqa şer həvəskarları öz qələmləri və sözünün hikməti ilə dağların adını daha da ucaldırdılar.

  Bəli, qiymətli sərvətlər diyarı olan Kəlbəcər 8 ildir ki, düşmən tapdağı altındadır. Bu gün işğal olan torpaqlarımızın quzğun caynağından xilas edilməsi hamımızı düşündürür. Vətən həsrəti, qaçqınlarımızın yerə-göyə sığmaz dərdi hamımızın qəlbini göynədir. Torpaqlarımızın xilas edilməsi üçün müxtəlif təkliflər irəli süpülür. Əvvəl gündən bu fikirdəyik ki, birinci növbədə torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışmalı və bu işi sonadək davam etdirməliyik. Əgər ermənilər birdəfəlik yox desələr, onda yekdilliklə ayağa qalxıb torpaqlarımızı son qarışına kimi quldurlardan təmizləməliyik.

  Hərənin bir fikri var. Mən həmişə və hər yerdə dediyimi bir də təkrarlamaq istəyirəm. Dağlıq Qarabağın açarı Rusiyanın əlindədir. Bundan başqa onu da nəzərə almalıyıq ki, milyonlarla soydaşımız Rusiyada yaşayır. Buna görə də biz Rusiya ilə möhkəm dostluq əlaqələri yaratmalıyıq.

  Bu mümkün olmasa, silaha əl atmaq məcburiyyətində qalacağıq.

Bu yazımızda qısaca olaraq Kəlbəcərin Azərbaycan üçün nə demək olduğu barədə söhbət açdıq. Şəxsən mən Azərbaycanı Kəlbəcərsiz təsəvvür edə bilmərəm. Onun bir qarış torpağının də erməni qəsbkarlarının tapdağında qalmasına yol verməyə mənəvi haqqımız yoxdur.

Kəlbəcər – zəngin sərvətlər xəzinəsi


«Azərbaycan XXI əsr» qəzeti, 30 mart 2000-ci il

  Hələ də çoxlarının Kəlbəcəri düşmənə verməklə Azərbaycanın nələri itirdiyi barədə düzgün təsəvvürləri yoxdur. Son zamanlar erməni qəsbkarları Kəlbəcəri geri qaytarmayacaqlarını söyləyirlər. Bəri başdan onu deyim ki, Kəlbəcər geri qayıtmasa, Azərbaycan çox şeyi itirər və tarix bunu ona bağışlamaz. Bu günlərdə yenə də düşmən tapdağında olan torpaqlarımızdan, o cümlədən Kəlbəcərdən söz salıb yana-yana danışırıq. Bir nəfər «başbilən» adam dedi ki, nə Kəlbəcər, Kəlbəcər deyib ucalayırsınız? Daş-qayadan başqa Kəlbəcərdə nə var idi?

  Bəli, vətənimizi belə tanımağımız da onun qorunmasının, düşmənə verilməsinin səbəblərindən biridir. Bu yanlış sual da məni bu sətirləri yazmağa məcbur etdi. Kəlbəcəri itirməklə Azərbaycanın nələr itirdiyini saymaqla qurtarmaq olmaz, çünki Kəlbəcərdə yerin altı da, üstü də zəngin xəzinələr idi. Kəlbəcər qızıl, civə və başqa meneral daşlarına,isti, narzan və sərin çeşmələrinə, dərman bitkilərinə, saf ab-havasına, yaylaqlarına, gözəl mənzərələrinə və başqa sərvətlərinə görə heç bir yerlə müqayisə edilə bilməyən zəngin bir bölgə idi. Tam olmayan məlumatlara görə geoloqların köməyi ilə apardığımız araşdırmalarla müəyyən etmişdik ki, Kəlbəcər rayonu ərazilərində 79 növ mineral, 36 növ süxur daşlar vardır. Kəlbəcər tarix-diyarşünaslıq muzeyində bu mineral və suxurların nümunələri nümayiş etdirilirdi. Rayon ərazisində minerallardan - qızıl, kinovar(civə), obsidian (dəvəgözü), süxurlardan - bazalt, əhəngdaşı(izvestiyak), mərmər, pemza, serpentitit, traverit, tuf və başqalarınin böyük ehtiyatları mövcuddur. Indi bu sərvətlərdən nankor qonşularımız geninə-boluna istifadə edirlər. Kəlbəcərdə olan bazalt, əhəngdaşı, traverit və tuf daşları ilə bir dünyanı də tiksəydin qurtarmazdı. Deyilənə görə Amerikada «Ağ ev»in üzü Italiyadan aparılan trpveritlə (travertinlə) üzlənmişdir. Kəlbəcərdə bu daşın zəngin ehtiyatları olsa da, ondan istifadə edilmədi. Bu diyarın ağ, sarı, qırmızı, göy rəngli tuf daşları olduqca qiymətli tikinti materiallarıdır. Əfsus ki, bu yerlərdə daş karxanaları açılmadı. Civə zavodu tikilsə də sonralar onun fəaliyyəti dayandırıldı. Görkəmli dövlət xadimi Əliş Lənbərənski Nazirlər Sovetinin sədrinin müavini işlədiyi vaxt bir dəfə Kəlbəcərə gəldi və muzeyin divarlarındakı 2037 rəng çaları olan daşlara hörülmüş qara və qonur rəngli daşların adını soruşduqda, «pemza»dır – deyə cavab verdim. O, dedi ki, biz bu qiymətli və yüngül tikinti daşını Ukraynadan və Gürcüstandan alırıq. Mən, Kəlbəcər dağlarında zəngin pemza yataqları olduğunu ona söylədim.o, mütləq bu daşlardan istifadə etməyin vacibliyini bildirdi. Sonralar biz rayonda misli-bərabəri olmayan qara və qonur rəngli obsidian (dəvə gözü) yatağı aşkar etdik. Məşhur geoloq Əli Məqribi bizim xahişimizlə rayona gəldi. Onunla birlikdə tapdığımız obsidian yatağında bir neçə gün işlədik. Əli Məqribi təsdiq etdi ki, bu dünyanın ən böyük obisidan yatağıdır. Qızdırdıqda on səkkiz dəfə böyüyən,   istini, soyuğu, səsi keçirməyən bu qiymətli sərvətdən istifadə edilməsinə nail ola bilmədik. Əvvəllər  də bu barədə qaldırdığımız təkliflər kimi, bu dəfə də özümüz deyib, özümüz eşitməli olduq.

  Son zamanlar qəzetlərin yazdığına görə ermənilər Kəlbəcərdə zəngin almaz yatağı da tapmışlar. Bunun nə dərəcədə doğru olmasını bilməsək də, Kəlbəcərdə başqa qiymətli yataqların olmasından xəbərdarıq. Kəlbəcərdə qiymətli gil, kirəmit üçün əlverişli və hədsiz yararlı torpaq mövcuddur. Amma biz bir kirəmid istehsal edən sex də tikə bilmədik. Daşımız dünyanı təmin etməyə bəs olduğu halda, tikinti üçün kubik daşını Bakıdan daşıdığımız kimi, kirəmid istehsal etməyib evlərin üstü üçün dağ yerləri üçün əlverişli olmayan şifer almağa məcbur olurduq. Kəlbəcərdə Azərbaycan tarixi üçün çox əhəmiyyətli, tayı-bərabəri olmayan muzeyə daşlardan əlavə, 160-dən çox dərman bitkilərini də toplayıb albomlar saxlayırdıq. Onların hansı xəstəlikləri müalicə etdiklərini də öyrənmişdik.

  Uzun illər boyu bu bitkilərin toplonmasına, qorunmasına, Kəlbəcərdə dərman fabriki yaradılmasına fikir verən olmadı. Məsələn, may- iyun aylarında bitən, təsirli ürək dərmanı olan əsmə ( maralçiçəyə, rusca «veternitsa») Kəlbəcər dağlarında o qədər idi ki, bir neçə dərman fabrikinə bəs edərdi. Bu bitki həm də gözəl qoxulu idi. Onu dərib satmaqla da böyük gəlir əldə etmək olardı. Hələ 1974-cü ilin iyul ayında жurnalist Aslan Kəmərli ilə birlikdə «Azərbaycan gəncləri» qəzetinin üç nömrəsində dalbadal «Dəlidağın gileyi» başlığı altında məqalələr dərc etdirdik. Bu kəskin tənqidi yazılarda Kəlbəcər rayonunun böyük iqtisadi imkanlara malik olmasından, lakin gözdən-könüldən iraq qaldığından söz açdıq. Burada Kəlbəcərin isti və narzan sularından bəhs olunurdu. O zaman bir sutkada 4 milyon litrə qədər Istisu Tərtər çayına qarışıb axaraq aran rayonlarının torpaqlarını şoranlaşdırırdı. Amma, Bakıda Istisuyu apteklərdə tapmaq olurdu. Rayonda yüzlərlə narzan bulaqları da havayı axıb çaylara qarışırdı. Təkcə Kəlbəcərin isti və digər narzan sularını qablaşdırıb satmaqla Azərbaycanı süd gölündə üzdürmək olardı. Indi qızılımızı, civəmizi, daşlarımızı, meşələrimizi vəhşicəsinə istismar edən ermənilər Istisuyumuzu da qablaşdırıb dünyada, birinci növbədə ərəb ölkələrində baha qiymətə satırlar. Kəlbəcərin adı çəkilən sərvətlərindən biz istifadə etsəydik, bu Azərbaycan xalqının güzəranını on qat yaxşılaşdırardı. Kəlbəcər meşələrində həddindən artıq alma, armud, qoz, əzgil, zoğal, alça, itburnu, qarağat, moruq və başqa meyvə yetişirdi, əhali də barlı-bəhərli bağ-baxçalar salmışdı. Bu meyvələrin əksəriyyəti çürüyüb məhv olurdu, çükü dəfələrlə məsələ qaldırıldığına baxmayaraq, rayonda nə meyvə qəbulu məntəqələri açıldı, nə də konserv zavodu yaradıldı. Kəlbəcərin ən qiymətli sərvəti onun adamlarının iş qabliyyəti idi. Apardığımız adbaad siyahidan məlum olmuşdu ki, 7500-dən çox qadın və qızımız gözəl xalça ustasıdır. Rayonda xalçaçılıq fabriki açılması üçün müraciətlərimizə əhəmiyyət verilmədi. Kəlbəcərli ana-bacılarımız, qızlarımız təkcə xalça-gəbə yox, kilim, şəddə, cecim, qapılıq, xurcun, duz torbası, asmalıq, yəhərüstü, qırxılıq qabı və başqa əşyaları da məharətlə toxumağı bacarırdılar.

  Rayonda xeyli bacarıqlı dülgər və bənna vardı. Onların qüvvəsindən səmərəli istifadə etməklə Kəlbəcərdə tikinti işlərinin ən yüksək səviyyəyə qaldırmaq olardı.

  Kəlbəcər respublikamızda həm də ən qədim insanların yaşadığı bir diyar idi.. mən, BDU-nun professoru, tarixçi Qüdrət Ismayılovu Istisu kurortunun yaxınlığındakı qədim insanların yaşadığı bir və iki adamlıq və yalnız daşlardan düzəldilmiş məskənə apardım. O, ətraflı tədqiqat apardıqdan sonra belə nəticəyə gəldi ki, bizim qədimdə dağlarda yaşayan insanlar haqqında fikrimizi dəyişdirib onu bu tapıntı ilə daha da qədimləşdirmək imkanı qazanırıq. Biz natamam say olsa da, Kəlbəcər ərazisində 3500 qaya təsviri hesaba almışdıq. Təəssüf ki, bu barədə hazırladığımız kitabı və fotoları «Azərbaycan» nəşriyyatı çap etmədi və «itirdi». Kəlbəcərdə qədim qalalar, alban abidələri, daşlar üzərində yazılar, qəbirüstü qoçlar və atlar, daşdan yonulmuş insan fiqurları, bəzək daşları, daş üzərində atın günəşə qurban aparılması təsvirləri və tarixin bir çox belə qədim yadigarları olduqca çox idi. Heyflər olsun ki, biz bunların qorunmasına, barələrində kitablar buraxılmasına lazımınca əhəmiyyət vermədik. Bəziləri iddia edirlər ki, dağ torpaqları az məhsuldardır. Yalandır, çünki bu yerlərdə çəkisi 12-14 kiloqram olan kələm, dadlı və artımlı kartof əmələ gəlirdi. Bostan və tərəvəz bitkiləri məhsuldar və can dərmanı idi. Bu torpaqda bitən gül-çiçəklərdən şirə çəkən arılar sağlamlıq və xəstəlik dərmanı olan, keyfiyyətinə görə adı dillər əzbərinə çevrilən bal hazırlayırdılar. Kəlbəcər meyvələrinin dadına dad çatmazdı. Kəlbəcər pendiri, yağı, Kəlbəcər əti müqayisəsiz nemətlər idi. Bütün bunların hamı Kəlbəcər torpağının hikməti nəticəsində meydana gəlirdi.

  Dost-tanışlarımız həmişə bizdən Kəlbəcər kəklikotunu, yarpızını, əvəliyini, qırxbuğumunu, itburnunu və bu kimi tamı ləzzəti olan bitkilərini umurdular. Hansını qoyub, hansını deyəsən. Bizə elə gəlir ki, hər rayonun sərvətlərini nəzərə alaraq, torpaqları geri aldıqda əhalini işlə təmin etmək üçün indidən tədbirləri müəyyən edilməlidir. Məsələn, Kəlbəcərin zəngin sərvətlərinin istifadəyə verilməsi üçün orada su dolduran zavodlar tikilməsini, daş karxanalarının yaradılmasının, dərman bitkiləri fabrikinin açılmasını, xalçaçılıq idarəsinin təşkilini və başqa tədbirlərin həyata keçirilməsi üçün indidən əməli tədbirlər görülməlidir. Belə olmasa, geri alınan torpaqlara əhalini uzun illər köçürmək mümkün olmaz.

  Kəlbəcər dağlarında azı 100 yerdə kurort salmaq olardı. Buna füsünkar mənzərələr, saf hava, su, isti və sərin narzan çeşmələr imkan verirdi. Lakin biz Istisu kurortunu da lazımı səviyyədə tikə bilmədik. Kəlbəcər dağlarına hər il respublikamızın 22 rayonunun fermaları köçürülürdü. Bu yaylaqların erməni quldurlarının əlinə keçməsi birinci növbədə qoyunçuluğumuzun inkişayına böyük zərbə vurdu. Ferma işçilərindən başqa hər il Kəlbəçər dağlarında 10 mindən çox alaçıq quru-lurdu. Respublikamızın rayonlarının əksəriyyətindən bura dincəlməyə gəlirdilər. Xalq yazıçısı Əli Vəliyev Kəlbəcəri «Azərbaycan loğmanı»,  tanınmış şair və alim Qasım Qasımzadə «Azərbaycanın oksigen balışı», tənqidçi, professor Qulu Xəlilov isə Kəlbəcəri Azərbaycanın «Cənnət-dən minnətsiz cənnəti» adlandırırdı. Bu, sözün əsl mənasında də belə idi.

  Biz Kəlbəcərin zəngin sərvətlər diyarı olması barədə qısaca söhbət açdıq. Bütünlüklə Azərbaycan belə bir cənnət və loğman torpağın düşmən əlində qalmasına dözməməlidir. Erməni quldurlarının Kəlbəcəri geri qaytarmamaq barəsində arzularını gözlərində qoymalıyıq. Kəlbəcəri itirmək özümüzü itirmək deməkdir. Buna isə heç kəs razı olmamalıdır. Inanıram ki, belə də olacaqdır.

Kəlbəcər – Azərbaycanın zümrüd tacı

«Həyat» qəzeti, 03 Aprel 1998-ci il

   Azərbaycanın aran yerləri də, dağları da özünə məxsus gözəlliyə və əhəmiyyətə malikdir. Kəlbəcər sözün əsil mənasında Azərbaycanın zümdür tacı idi.

  Bizə elə gəlir ki, Kəlbəcər dağları dünyanın istənilən guşəsində özü boyda bir yerlə yarışa girsəydi əksər sahələrdə mütləq birincilik qazanardı. Dediklərimizin həqiqi olduğunu konkret dəlillərlə şərh edə bilərik. Kəlbəcər dağlarında  30 mindən artıq keyvir bulaqlar, 17 istisu və yüzlərlə narzan çeşmələri çağlayırdı. Əfsuslar olsun ki, çox böyük müalicə əhəmiyyətinə malik olan mineral qaynaqlar havayı axıb Tərtər çayına qarışırdı. Biz bu loğman sularla öz respublikamızın əhalisini də təmin etmirdik. Bu mineral sular aran rayonlarına axıb torpaqları şoranlaşdırırdı.

  Bu barədə bir çoxlarının və bizim mətbuatda qaldırdığımız təkliflərə əhəmiyyət verən tapılmırdı.

  Geoloqların köməyi ilə Kəlbəcər tarix-diyarşünaslıq muzeyi Kəlbəcər dağlarında bir çoxunun ehtiyatı tükənməz olan 79 mineral və 36 süxur aşkara çıxarılmışdı. Bu rəngarəng mineral və suxurların çoxu əla tikinti materialları idi. Əhali kustar şəkildə bu daşlardan az da olsa istifadə edirdi. Lakin belə qiymətli sərvətlərin olmasına baxmayaraq Kəlbəcərə tikinti üçün kubik daşları əsasən Bakıdan və Ağdamdan qanı qiymətinə gətirilirdi. Kəlbəcərdə daş karxanaları açmaq təklifləri həmişə qulaq ardına vurulurdu.

  Biz Kəlbəcər tarix-diyarşünaslıq muzeyi binasının çöl divarlarında 2037 rəng çalarları olan daşlardan istifadə etmişdik. Qəzetlərdə yazırdıq ki, təkcə bəzək üçün yox, bu qədər rəng çaları olan daşlardan bir də ona görə muzeyin divarlarında istifadə etmişdik ki, gəlib bu sərvətləri görsünlər, bəlkə bundan sonra rayonda daş karxanaları açılsın, Kəlbəcərdə tikinti işləri sürətləndirilsin və hətta bu rəngarəng daşlarla respublika bəzədilsin.

   Iş o yerə çatdı ki, biz «Bakinskiy raboçiy» və başqa qəzetlərdə çıxış edib belə bir təklif irəli sürdük ki, Bakı şəhərində Kəlbəcər muzeyinin filalı açılsın, onun üçün ya ayrıca bina ayrılsın, ya da torpaq sahəsi verilsin biz özümüz ayrıca bina tikək. Bildirdik ki, bu binanın çöl divarlarını azı 3 min rəng çaları olan daşlarla bəzəməyi öhdəmizə götürürük. Bu təklifi bəyənənlər də oldu və dodaq büzənlər də. Dodaqbüzənlər bir az da rişxəndlə deyirdilər: - Kəlbəcər muzeyinin Bakı şəhərində filialı? Qəribə deyilmi?

  Bəli, bu ona görə qəribə idi ki, biz başqa ölkələri tanıdığımız halda öz respublikamızı, o cümlədən onun cənnət guşəsi olan Kəlbəcəri tanımırdıq və onun Azərbaycan üçün nə demək olduğunu düzgün qiymətləndirə bilmirdik.

  Təvəzökarlıqdan kənar hesab edilməsə burada bir haşiyyə də çıxmaq istərdim. Aşağıdakı fotolardan Siz Kəlbəcər muzeyinin arxa divarını və onun yaxınlığında olan «Şahmat məktəbi» binasının ön tərəfini görürsünüz. Gördüyünüz fotolardakı divarların daşları bu sətirlərin müəllifinin əlləri ilə toplanmış, onun çertiyoжu və nəzərəti altında hörülmüşdü.

  Biz müəyyən təcrübə topladığımıza görə bu binalardan daha gözəlini Bakıda tikmək arzusunda idik. Bu arzumuz da gözümüzdə qaldı. Yenə də özümüzə qarşı laqeyd olduq. Indi Kəlbəcərin qızılından, obsidianından, bazaltından, qabbrosundan, pemzasından, isti və narzan sularından, meşələrindən, dərman bitkilərindən və daha bir çox qiymətli sərvətlərindən erməni qəsbkarları geninə-boluna istifadə edirlər.

  Dərman bitkilərinin adını çəkdik. Kəlbəcər muzeyi bu rayonun ərazisində bitən 160-dan çox dərman bitkisini üzə çıxarmış və onların müalicə əhəmiyyətini öyrənmişdi. Bu qiymətli bitkiləri mal-qoyun otlayırdı. Onları toplayıb satmağı və ya bu əsasda dərman fabriki yaratmağı biz bacara bilmədik.

  Kəlbəcər ərazilərində 3500-dən artıq qaya təsvirləri aşkar etmişdik. Bu barədə bir kitab nəşr etdiməyi bacarmadıq. Nəşrinin xərcini Mədəniyyət Nazirliyi öhdəsinə götürsə də Kəlbəcər muzeyi haqqında yazdığımız və içərsində 100-dən çox qaya təsvirləri olan kitabı «Azərbaycan» nəşriyyatı 4 il saxlayıb nəşr etmədi. Sonra biz əlyazmasını və fotoları tələb etsək də itib-batdığını söylədilər.

  Deyilənə görə nankor qonşularımız bu qaya təsvirlərini və Kəlbəcərin başqa tarixi abidələrini öz adlarına çıxıb dərc etdirirlər.

  Bəli, bunlar çəkiləsi dərdlər deyil.

  Kəlbəcər meşələrində dünyanın nadir ağacları bitirdi. Bir dəfə Akademik Həsən Əliyev Kəlbəcər maarif şöbəsi ilə birlikdə burada elmi parktiki konfrans keçirirdi. Mən ona dedim ki, Kəlbəcər meşələrində nəhəng palıd ağacları boyda fındıq ağacları bitir. Onun təkidi ilə mən onu Qamışlı kəndinin səmtindəki meşəyə aparıb belə fındıq ağaclarının 15-i göstərdim. Akademik buna çox heyrətləndi və belə ağacların dünyada çox nadir olmasından söhbət saldı və onların «Qırmızı kitaba» salınacağını bildirdi.

  Bəs, Kəlbəcər abidələri? Bu rayon qədim qalalarla, Alban məbədləri ilə, çox qədim insan məskənləri ilə, əyyamdan qalan qəbirsanlıqlarla çox zəngin idi. Təəssüflər olsun ki,  bu abidələr kompleks şəkildə öyrənilmədi, dağıldı. Biz bu barədə başımızı dəfələrlə yolduq. Bir çox məqalələrlə çıxış etdik. «Abidələr qan ağlayır» adlı geniş yazı çap etdirdik. Lakin yenə də «çax-çax başını ağrıtdı, dəyirman bildiyini etdi».

  Kəlbəcər yaylaqlarına 22 rayonun fermaları qaldırılırdı. Bu rayonun suyu, havası, balı, pendiri, müxtəlif təbii yemli bitkiləri, meyvələri can dərmanı idi. Hər il Kəlbəcər dağlarında minlərlə çadırlar qurulurdu. Buraya xəstə gələnlər sağlam geri qayıdırdılar.

  200 mindən çox əhalini xan kefində dolandırmağa yeraltı və yerüstü sərvətləri ilə böyük potensial imkanları olan bu rayon gözdən və könüldən iraq qalmışdı. Iqtisadi çətinlik adamları illərdən bəri şəhərlərə və aran rayonlarına köçməyə məcbur edirdi.  Çoxları rayonu tərk edib illərdən bəri «daxili qaçqın» olmuşdular. Biz bu barədə dəfələrlə məsələ qaldırdıq. Məsələn, 4 noyabr 1990-cı ildə «Sovet kəndi» qəzetində «Daxili qaçqınlar və ya Kəlbəcər boşala bilər» adlı geniş məqalə çap etdirdik, «Daxili qaçqınlığın» qarşısını almaq yollarını göstərdik. Başda oturanlar çoxlu belə yazılarımızı qulaq ardına vurdular.

  1988-ci ildən sonra Kəlbəcərdə iqtisadi vəziyyət gündən-günə pisləşdi. Erməni quldurları tərəfindən rayona gələn işıq xətləri kəsildi, tez-tez yollar bağlandı. Bütün bunlara Kəlbəcər camaatı dözdü. Hərbi-gözətçi məntəqələrini saxlamaq üçün var-yoxunu əsirgəmədi. Lakin rayonun müdafiəsinə heç bir qayğı göstərilmədi. Erməni quzğunları belə fürsətdən istifadə edib 27 mart 1993-cü ildə rayona silahlı basqına başladı. Düşmənə müqavimət göstərilmədi. Ordu və polis qüvvələri camaatdan 2 gün tez rayondan qaçdı. Mərkəz rayona heç bir köməklik göstərmədi. Əhali başını götürüb qarlı-boranlı Murov dağının hündürlüyündən Xanlar rayonuna doğru aşmalı oldu. Camaata odeyal gətirib Murov dağını xeyli qalxan bir xarici ölkə maşınından başqa kəlbəcərlilərin harayına gələn olmadı. Camaatın bütün varı-dövləti vəhşi düşmənə qaldı.

  Strateжi nöqteyi-nəzərdən Dağlıq Qarabağla Ermənistan arasında polad qala olan Kəlbəcərin əldən verilməsi tezliklə beş rayonumuzun düşmən tapdağına çevrilməsinə səbəb oldu. 1918-1920-ci illərdə bircə nəfər də olsun erməninin ayağı Kəlbəcərə dəyə bilməmişdi. Boynumuza almalıyıq ki, biz babalırımıza oxşaya bilmədik. Yəni Soltan bəylərimiz, Məşədi Cəmillərimiz meydana çıxmadı. Etiraf etməliyik ki, biz oddan törəyən kül olduq.                

  Başqa rayonların qaçqınları kimi kəlbəcərlilər də torpaqlarımızı geriyə qaytarılacağı barədə ümid və inamlarını itirməmişdir. Onlar qəlbən inanırlar ki, hansı yolla olur-olsun  torpaqları geri qaytaracağıq və gedib viran olunan yurdlarımızı abadlaşdıracağıq. Onlar buna da inanırlar ki, bizdən sonrakı nəsillərin başını vəzifə davaları qatmayacaq, səhvlərimizdən nəticə çıxarmaqla vətənin əsil keşikçisi olacaqdırlar. Kəlbəcər yenə də Azərbaycanın zümrüd tacı olacaqdır.

Kəlbəcərdə nələr qaldı?


  Erməni quldurları tərəfindən və özümüzün başısoyuqluğu nəticəsində düşmən tapdağında olan torpaqlarımızı adətən işğal olunduğu günlər ən çox yada salırıq və qələmlərimizi itiləyib nəsə yazırıq. Hansı ki, bu çəkiləsi mümkün olmayan dərdlərimiz hər bir an yadımızda olmalı və torpaqlarımızın xilası üçün əlbir olub yollar axtarmalıyıq.

  Tez-tez məndən xəbər alırlar: - Kəlbəcərdə nələr qaldı? Sual belə qoyulsaydı daha düzgün olardı; - Kəlbəcərdə nələr qalmadı? Onda demək olardı ki, hər şey qaldı.

  Kəlbəcərdə nələr qaldı? – Bu suala cavab olaraq aşağıdakı misraları hörmətli oxuculara və sual verənlərə çatdırmaq istərdim.

 Alovlanıb yana - yana,
Çoxu məndən xəbər aldı:
-Biz də bilək, bir-bir sana,
Kəlbəcərdə nələr qaldı?
Bu çox çətin bir sualdı,
Il bəs etməz cavabına.
Necə deyim nələr qaldı,
Rəqəm yetməz hesabına.

Çəkmək olmur belə dərdi,
Kəlbəcərin var dövləti,
Süd gölündə üzdürərdi,
Başdan-başa məmləkəti.

Əldən gedən Kəlbəcər də,
Bir alınmaz qala idi.
Qorunmadı, düşdük dərdə,
Bu görünməz bəla idi.

Sanki satdıq mala döndü,
Tərəziyə qoyulubdu O.
Elin bəxti tərsə çöndü,
Ciyərindən oyuldu O.

Eli pərən-pərən oldu,
Min bir yerə səpələndi.
Gülgün olan rənglər soldu,
Qəlblərdə qəm təpələndi.

Qaldı mənfur düşmənlərə,
Elin bütün varı-yoxu.
Bir qaçqına döndü hərə,
Sinsində kədər oxu.

Kəlbəcərdə nələr qaldı?
Müşkül işdir sadalamaq,
Heç bilmirəm bü nə haldı?
Dərdim olub qalaq-qalaq.

Belə sual eşidəndə
Dərhal artır həyəcanım.

Tez oluram ağlar didə,
Zil qaraya dönür qanım.

Yer üstündə, yer altında,
Qaldı zəngin xəzinələr,
Hər an salıb bunu yada,
Dərdim olur dərya qədər.

Əzəmətli, ulu dağlar,
Xan Dəlidağ, Murov, Keyti,
El-obasız qaldı ağlar,
Dözmək olmur buna qəti.

Minerallar, suxur daşlar,
Yer üzünə bəhs edərdi,
Bazaltları canla-başla,
Bir dünyaya bəhs edərdi.

Qızıl, civə mədənləri,
Qaldı nankor qonşulara.
Çıxarırlar çoxdan bəri,
Dağı-daşı yara-yara.

Rəngarəng tuf ehtiyatı,
Qurtarası deyildi heç.
Əhəng daşı, mərmər qatı,
Çağırırdı gəl məni seç.

Yüz əlli növ daşlar burda,
Düzülmüşdü qatar-qatar.
Sərvət idi ana yurda,
Neçə-neçə belə yatar.

Çalarları on mindən çox,
Daşlar burda tapılmışdı.
Bizim üçün olubdu yox,
Yada qalıb, bu qarğışdı.

Yada alqış, bizə qarğış!
Gör nə günə qalmışıq biz?!
Yada bahar, bizə sərt qış,
Gör nə zərbə almışıq biz?!

Kəlbəcərdə nələr qaldı?
Qaldı saysız abidələr.
Buna dözmək min zavaldı,
Necə tapıb deyim qədər?!

Qaldı «Comərd», «Lök qalası»,
Babaların yadigarı.
«Qaraçanlı – görk qalası»,
El-obanın iftixarı.

Qaldı böyük, çox möhtəşəm,
«Xudavəng»in abidəsi
Aləmdə bir özgə aləm,
Tarixlərin möcüzəsi!

Qaldı Alban məbədləri,
Saymağa vaxt hanı sayım?
Qorunmurdu çoxdan bəri,
Ucalmışdı çox ah-vayım.

Qaldı Loğman Istisular,
Dörd yüzdən çox narzan bulaq.
Otuz mindən artıq vüqar –
Diş göynədən gur-gur qaynaq.

«Yeddi bulaq», «Qırx nov bulaq»,
«Şırran bulaq», «Qıjov bulaq».
Adı «Qiblə», adı «Şirin»,
«Buzlu», «Sərin», «Qırov bulaq».

«Sarı bulaq», «Por-por bulaq»,
«Kürd bulağı», «Sor-sor» bulaq.
«Ceyran», «Daşlı», adı «Gəlgəl»,
«Göyçək bulaq», «Gur», «Mor bulaq».

Qaynaqların gurşadını,
Güzgüsünü, şümşadını,
Bir ayda da saymaq olmaz,
Bulaqların adlarını.

Kəlbəcərdə nələr qaldı?
Danışmağa dilim laldı.
Keçdi quzğun caynağına,
Qəlbimizdə bu məlaldı.

Dörd mindən çox növ-növ bitki,
Qaldı, oldu böyük itki.
Bunlar, güllər, tər çiçəklər,
Sayılırdı xalı sərgi.

«Solmaz çiçək», «Qış», «Çiyələk»,
«Zirə», «Andız», «Vaxtsız çiçək»,
«Çöl yovşanı», «Dazı otu»,
Dərman idi «Yeddi ləçək».

Dərman idi «Sığırquyruq»,
«Çaytikanı», «Zirinc», «Moruq»,
«Itburnu», «Cil», «Əzgil»,
Ta görmürük, yəqin koruq.

Gör itirdik biz nələri,
Qoruduqmu ancaq dəri?!
Iki yüzdən artıq idi
Dağda dərman bitkiləri.

Dərdimiz var qalaq-qalaq,
Bəs qeyrətə nə vaxt gələk?!
Qaldı yada ulu dağlar,
Yüz min cığır, min-min yolaq.

Qaldı min-min yamac dərə,
Saysız gədik, min bənd-bərə.
Bizdən ötrü yada döndü,
Göz oxşayan min mənzərə.

Çox çəkilməz bir dərddi bu,
Qaldı min-min çuxur, qobu.
Saysız zirvə, saysız təpə,
Indi olub bizə yuxu.

Kəlbəcərdə nələr qaldı?
Bilmirəm bu nə iqbaldı?!
Içi dolu evləri də
Əlimizdən düşmən aldı.

Sizi necə edim halı,
Hər bir evdə çoxlu xalı,
Şəddə, kilim, farmac, gecim,
Yorğan-döşək cah-calalı.

Sürü-sürü naxır, davar,
Qaldı bağça, qaldı bağlar.
Balı dildə dastan olan,
Qaldı saysız arxanalar.

Saray kimi ağ otaqlar,
Divarında möhkəm tağlar.
Viranəyə dönüb indi,
Çəkilməzdi belə dağlar.

Meşələrdə nələr, nələr…
Dadlı, tamlı cır meyvələr.
Yüz addan çox ağac, kollar,
Getdi, bizə qaldı kədər.

Yaratdığım zəngin muzey,
Qaldı içi dolu hər şey.
On iki il zəhmətimin
Bəhrəsiydi, getdi, şaxsey!

Tarixə nur, işıq idi,
Min illərdən salıq idi,
Çox gərəkli əşiyaları,
Otuz mindən artıq idi.

Sanılırdı bir dilrüba,
Toplamışdım oba-oba.
O muzeydə olanları,
Yazsam sığmaz yüz kitaba.

Tarix idi çölü, içi,
Qədim totem: qurdla, keçi,
Bürünc qəndil, daşdan çıraq,
Gözəl idi ölçü-biçi.

Nəhəng küplər, broş qazan…
Məcməilər, daş stəkan,
Kasa, bölmə, sini, dövrə,
Saxsı şamdan, saxsı fincan.

Tonla idi mis qab-qacaq,
Çox dördayaq, sac, sacayaq,
Eymə, tuluq, çatma, nehrə,
Örkən, sicim qalaq-qalaq.

Xalça, xalı, şəddə kilim,
Çuval, xurcun, farmaş, gecim,
Duz torbası, kirkid, həvə
Asmalıqlar dilim-dilim.

Qəmə, xəngər, qılınc, gorda,
Çoxlu yay-ox qaldı orda.
Inanıram belə dərddən,
Çatlayacaq ölsəm, gor da.

Əlli qovluq şer, dastan,
Yada düşür göz tökür qan.
Hədsiz nağıl, lətifələr,
Toplamışdım uzun zaman.

Hamı qaldı yağılara,
Ağzı yelli dığalara.
Belə-belə dərdi çəkib,
Ürəyimiz oldu yara.

Hələ zəngin kitabxanam?
Otuz minlik bilik xanam,
Qaldı vəhşi düşmənlərə,
Az qalıram odsuz yanam.

Kəlbəcərdə nələr qaldı?
Bu çox çətin bir sualdı.
Söylədim bir zərrəsini,
Qalan min-min cah-calaldı.

Biz qeyrətə dolmalıyıq,
Bu qisası almalıyıq.
Geri alıb hər bir yeri,
Dönüb kişi olmalıyıq.