Şamil Əsgərov (Dəlidağ)

«Muzeyi köçürmək istədiyimə görə məni təxribatçı adlandırdılar»

 Şamil Əsgərovla müsahibəni apardı:Telman Qafar, «Iki sahil»in müxbiri.
31 Mart, 1994

   Müsahibim əslən kəlbəcərli, 66 yaşın içində olan el ağsaq-qallarından biridir. Yurd-yuvalarından didərgin düşən bütün adamlar kimi, o da Kəlbəcəri xatırlayanda başından tüstü çıxır. Orada böyük var-dövləti qaldığından, bir çöp də götürə bilmədiyindən yana-yana danışır. Yox, o, var-dövlət dedikdə heç də minik avtomobilini, xalı-xalçanı, açılmamış mebellərini, sürü ilə mal-qarasını nəzərdə tutmur. Deyir ki, Kəlbəcərdə dişimlə-dırnağımla düzəltdiyim muzeyim qaldı. Dünyanın ən zəngin kitabxanalarının belə həsəd aparacağı 30 min nadir kitabım qaldı. 35 il sərasər yazdığım gündəliyim qaldı…

  Yana-yana danışan bu adam hamının yaxşı tanıdığı Şamil Əsgərovdur. Onun evi hələ Kəlbəcərin təhvilindən əvvəl dağılmışdı. Indi oğlu Xaliqin Bayıldakı darısqal otağına sığınıb.

  -Şamil müəllim, iki ay əvvəl Kəlbəcərin rəhbərlərindən biri demişdir ki, Novruz şamlarını Kəlbəcərdə yandıracağıq…

  -Lovğalanmaqda, çay gəlməmiş çırmanmaqda tayı-bərabərimiz yox-dur. Acı da olsa, bir həqiqət var: Azərbaycanda hakimiyyət davası qurtarmayınca, cəbhədə qələbədən danışmaq mənasızdır. Torpaq-larımızın, o cümlədən Kəlbəcərin əldən getməsinin başlıca səbəbi də elə hakimiyyət uğdunda çəkişmələr, didişmələr oldu. Şəxsən mən bu adamın 2 ay əvvəl o sözləri nəyə əsaslanıb dediyini başa düşə bilmirəm.

   -Deyirlər Kəlbəcəri 400 əsgərlə qorumaq olardı. Olardısa, niyə olmadı?

 -Inanın ki, satqınlıq, hakimiyyətdə olanların xalqın taleyinə biganəliyi olmasaydı, Kəlbəcəri 400 yox, lap 40 əsgərlə də qoruyub saxlamaq olardı. Bunun üçün Kəlbəcərə hücum təhlükəsi gözlənilən 17 yeri partladıb yolu kəsmək lazım idi. Bunu biz vaxtında rəhmətlik Məhəmməd Əsədova demişdik. Onun ölümü ilə hər şey unuduldu.

 - Şamil müəllim, axı bu müharibə qılınc-qalxanla aparılmır ki, yolu dağıdasan, düşmən gələ bilməyə. Bunun vertaliyotu, təyyarəsi var, min cür müasir silahı var…

   Bütün bunlar nəzərə alınmışdı. Dağlıq rayon olduğu üçün vertalyot, təyyarə də burada bir şey edə bilməzdi. Hər halda, Kəlbəcər düşmənə təhvil verilməz, əhalisi didərgin düşməz, bu qədər ölüm-itim olmazdı…

 -Kəlbəcərin təhvil verilməsində hərə özündən başqa bir neçə adamı, xüsusilə o vaxt rayona rəhbərlik edənləri, bir də hərbiçi rəhbərləri, yəni komandirləri qınayır. Mənim isə bu barədə öz fikrim var: Kəlbəcəri kim təhvil verdi? – sualını verənlərə deyirəm: Bunu bilmək istəyirsinizsə, gəlin güzgüyə baxaq. Bu fikrə münasibətiniz.

 -Kəlbəcərin süqutundan sonra Məmməd Araz yazmışdı: «Hamımıza ar olsun!». Indi, oğul, mən o sözlə də razıyam, bu sözlə də. amma Kəlbəcər axı hökumət, dövlət səviyyəsində müdafiə olunmadısa, rayonun rəhbərləri də buna məhəl qoymadılarsa camaat nə edə bilərdi? Bir şey deyim: bir ay əvvəl Azərbaycan ordusu Kəlbəcərin Yanşaq kəndini ermənilərdən geri alanda gedib baxdım. Bircə görəydiniz ermənilər bir neçə ayın içində orada necə də möhkəm müdafiə səddi qurmuşdular! Hər tərəfdə topdağıtmaz beton qurğular ucaldılmışdı. Bax, müdafiəni bu cür yaradarlar, qardaş!

  -Belə çıxır ki, Kəlbəcər şüurlu surətdə verilib.

  -Əgər Ermənistanla sərhəddəki bu odlu nöqtədə bir səngər belə qazılmamışdısa, bir müdafiə qurğusu yaradılmamışdısa, son iki ildə rayona bir litr yanacaq göndərilməmişdisə, bununla da adamlarda dövlətə, hakimiyyətə qarşı inamsızlıq yaradılmışdısa, daha necə düşünmək olar?

  -Deyirlər Kəlbəcərin qonşuluğundakı erməni rayonları top-tüfəng atmağı, müasir müharibə üsulları öyrənəndə, qoşun toplayanda, acığınız gəlməsin, kəlbəcərlilər də aşıq məclisi qurar, mütəkkəyə söykənib nağıl-dastan gecələri keçirərdilər. Bəlkə düz demirəm?

  -Sözünüzdə həqiqət var. Belə bir fakt da deyim: 10-15 il əvvəl Stepanakertə Ermənistandan aparılan tabutdan şübhələnib açdırıb baxmışdıq. Içindən nə çıxsa yaxşıdır?- Ən müasir silahlar. O vaxt KQB-yə xəbər verdik. Dedilər tədbir görərik. Vəssalam. Biz bu illərdə həmişə respublika rəhbərliyinin gözündən uzaq olduğumuz üçün könüldən də iraq olmuşuq. Onun təbii sərvətlərinin, ilk növbədə qızıl mədənlərinin, mineral sularının, zəngin florasının, qiymətli tikinti materiallarının taleyinə biganəliyi heç Allah da bağışlamayacaq.

  -Belə biabirçılıqlara Siz niyə dözürdünüz? Niyə ziyalılar öz səsini ucaltmırdı?

  - Haqlı sualdır. Ancaq rəhmətliyin oğlu, ziyalı sözünə baxan kim idi? Hələ 1974-cü ildə Aslan Kəmərli ilə birlikdə «Dəlidağın gileyi» adlı bir məqalə yazıb «Azərbaycan gəncləri» qəzetinin 3 nömrəsində dərc etdirdik. Vecinə alan olmadı. 1990-cı ilın oktyabrında «Sovet kəndi» qəzetində «Daxili qaçqınlar və ya Kəlbəcər boşala bilər» adlı yazım çap olundu. Yenə vecinə alan olmadı. 1991-ci ilin noyabr ayında «Ədəbiyyat» qəzetində «Mühasirə rayonu» adlı böyük məqaləm dərc edildi. Vecinə alan olmadı. Kəlbəcər faciəsindən 46 gün qabaq «Müstəqil» qəzetdə Tale Həmidin suallarına cavablarım dərc olundu. Burada deyilirdi ki, Kəlbəcərin müdafiəsi yox dərəcəsindədir. Yenə də bu haray səsimizi vecinə alan olmadı. Çünki Kəlbəcər hərraca qoyulmuşdu. O satılmalı, xəyanət qurbanı olmalıydı. Indi deyin, ziyalı başına hansı daşı salaydı?

  -Xahiş edirəm rəhbəri olduğunuz muzeyin taleyi və Kəlbəcərin süqutundan əvvəlki günlər barədə danışasınız.

  -Kəlbəcər muzeyində 10 min rəng çaları olan çox qiymətli daşlar vardı. Muzeyin bayır divarları 2037 çaları olan daşlarla bəzədilmişdi. Muzeyin milyonlarla manat qiymətləndirilən eksponatları vardı. Kəlbəcərin süqutundan bir gün əvvəl icra başçısı Ilham Həsənovun və  general Nəcməddin Sadıqovun yanına gəlib yalvardım ki, muzeyi xilas etmək üçün maşın verin. And içdilər ki, imkanımız yoxdur. Ilhamın müavini Nüşrəvan kabinetdə bir-iki nəfərlə hünduşka kababı tıxır, araq vururdular. Mənə də təklif etdilər. Onlara deyəndə ki, muzeyi köçürməyə kömək edin, mənə dedilər sən bununla təxribat törədirsən. Üzlərinə tüpürüb çıxdım.

  Indi qardaş, Kəlbəcər muzeyini Bakıda bərpa etmək istəyirəm. Xeyli eksponat toplamışam. Sağ olsun imkanlı adamları. Ilk növbədə ürəyi Azərbaycan torpağı üçün yanan Buzovna sakini Namiq Şıxəliyevə minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən qəzetiniz vasitəsilə bütün kəlbəcərliləri, imkanlı adamları Kəlbəcər muzeyinin yaradılmasına kömək etməyə çağırıram. Muzeyə adi əşyaların toplandığı yer kimi baxanlara demək istəyirəm ki, muzey xalqın dünənini və bu gününü əks etdirən canlı bir varlıq, həmişəyaşar tarixdir. Heç olmasa bu tarixə biganə qalmayaq.

   Kəlbəcərin son günlərinə gəldikdə isə, hər şey məlum deyilmi? Hətta o da məlumdur ki, Kəlbəgərin süqutunun başlanğıcı üç-dörd il əvvəl qoyulmuşdu. Süqutdan bir il əvvəl quş tüfənglərini də yığırdılar. Tüfəngi alandan sonra 5 min rüşvət istəyirdilər ki, səni tutmayaq. Bu da Kəlbəcərin sonu…

  -Bu müsahibəni istənilən qədər uzatmaq olar. Amma gəlin arzusunda olduğumuz bir mətləbdən danışaq. Kəlbəcər nə vaxt yenə bizim olacaq? Onun bizim olması üçün nə etmək lazımdır?

  Tarixi bir fakt deyim: I Şah Abbas 1587-ci ildə Irandan 24 tayfanı indiki Kəlbəcər ərazisinə köçürmüşdü ki, dövlətin sərhədlərini qorusun. O vaxtdan bu torpağa bir dəfə də olsun düşmən ayağı dəyməmişdi. Bizim babalarımız buralara diş qıcadan erməniləri balta, yaba ilə qovublar. Biz indi çox nahaq yerə öyünürük ki, bizdə Koroğlu qeyrəti, Babək hünəri var. Qardaş, bunlar bizdə nə vaxtsa olub, amma indi elə bil yoxa çıxıb. Bu qeyrət, bu hünər nə vaxt qayıdarsa, Kəlbəcər də, əldən verdiyimiz o biri torpaqlarımızı da o vaxt qaytara bilərik.

  Yadımdadır, Kəlbəcər işğal olunandan sonra Əbülfəz Elçibəy və Vəfa Quluzadə deyirdilər ki, ermənilərin Kəlbəcəri tutması onların uduzması deməkdir. Guya dünyada erməniləri təcəvüzkar kimi tanıyacaqlar… Əlbəttə, çalışmaq lazımdır ki, Kəlbəcər də, o biri rayonlar da sülh yolu ilə qaytarılsın. Heydər Əliyevin bu yoldakı səylərinə tərəfdarıq. Amma, vallah, hamı bilir ki, kiş deməklə donuz darı zəmisindən çıxmaz. Bir ordu quruculuğunda dönüş yaratmalıyıq. Orduda da, arxada da təxribat hələ çoxdur. Bunların qarşısı alınmalıdır. Qələbəmizə mane olan ən başlıca səbəb isə bayaq dediyim kimi, Azərbaycanda hakimiyyət qovğalarıdır. Artıq deyəsən işıq görünür. Inşallah, hər şey yaxşı olacaq. Ağsaqqal yaşımda bunu artıq hiss edirəm.

  -Müsahibəyə görə sağ ol. Kəlbəcərdə görüşənə qədər!

                                                             -Inşallah!

Kəlbəcər niyə işğal olundu

 

Şamil Dəlidağla müsahibəni apardı: Musa Axundov
«Respublika» qəzeti, 06 aprel, 2000-ci il
 

  Azərbaycanın zümrüd tacı, zəngin sərvətlər xəzinəsi olan Kəlbəcər rayonunun erməni quldurları tərəfindən işğal edilməsinin yeddi ili də tamam oldu. Kəlbəcər elə polad qala idi ki, az bir qüvvə ilə də onu müdafiə etmək olardı. Ermənistan və Dağlıq Qarabağ ilə əhatələnmiş Kəlbəcərə 1918-1920-ci illərdə bir erməni ayağı dəyə bilməmişdi. Bəs bizim günlərdə Kəlbəcərin ermənilər tərəfindən işğal olunmasının əsl səbəbləri nə idi?

  Müsahibimiz Kəlbəcər rayon sakini, filologiya elmləri namizədi, Əməkdar Mədəniyyət işçisi, respublika Ağsaqqallar Şurasının üzvü, şair Şamil Əsgərovdur:

Kəlbəcərin işğal olunmasının bünövrəsi əvvəldən qoyulurdu.

Hələ 1984-cü ildə aran rayonlarına məxsus olan Kəlbəcər yay-laqlarının bir hissəsi Ermənistana verildi. Bu iş elə gizli aparıldı ki, Kəlbəcər camaatı bu işdən xəbər tutmadı. Ermənilər Zod aşırımının o üzündə, bizimkilər isə öz tərəfimizdə qızıl axtarmağa başladılar. Söyüdlü çayının səmtində bizim geoloq və fəhlələr üçün binalar tikildi. Bir azdan sonra müəmma baş verdi. Bizimkilər torpağımızda qızılın faizi azdır deyə kəşfiyyat işini dayandırıb çıxıb getdilər.

Ermənilər çıxardıqları qızıllı xammalı yarım saflaşdırmaq üçün fabrik tikdilər. Qızıldan ayrılmış daşı, çınqılı dağın başına çıxarıb bizim tərəfə hellədilər. Yüz hektarla gözəl yaylaqlarımızda təmizlənməsi mümkün olmayan daş-çınqıl qalaqları əmələ gəldi. 80-ci illərin axırlarında bizim geoloqlar yenidən Söyüdlü çayının səmtlərində – əvvəlki yerlərdə yenə də kəşfiyyat işləri apardılar və müəyyən etdilər ki, bizim torpaqda qızılın faizi daha çox imiş. Artıq gec idi. Ermənilər bizim tərəflərə keçib maneəsiz qızıllı torpaqlarımızı daşıyıb  aparırdılar.

  Bu barədə məsələ qaldırıldı. Bizimkilərlə Ermənistan nümayən-dələri qızıl çıxan yerdə görüşdülər. «Hamısı bir qazana tökülür» – deyə bizimkilər torpaqlarımızdan qızıl çıxarması ilə razılaşdılar.

  Artıq 1991-ci ildə aran rayonlarının fermalarının bir çoxu, 1992-ci ildə isə hamisı qorxularından Kəlbəcər yaylaqlarına gəlmədilər. Biz də həmin yerlərə gedə bilmirdik. Bu yerlərin sərvətlərindən ermənilər istifadə edirdilər.

  1991-ci ildə Istisu kurortuna gələnlərin sayının heçə enməsi yerli camaatın narahatlığına səbəb oldu.

  Dil pəhləvanları Bakıda qışqırıb vətəni qorumaqdan danışırdılar, qorxularından isə Istisu kurortuna gəlmirdilər.

  Kəlbəcər gözdən-könüldən iraq bir rayona çevrilmişdi. Əhalinin iqtisadi vəziyyəti həddindən çox ağırlaşmışdı. Ermənilər Ağdərə rayonu ərazisindən keçən işıq xəttimizi tez-tez kəsirdilər, aylarla işıqsız qalırdıq. Əsas Kəlbəcər – Ağdərə yolumuz bağlanırdı. Camaatımız iki yolla Bakı və başqa rayonlarla əlaqə saxlayırdılar. Ya 3250 metr Murov dağının hündürlüyündən keçib Xanlar rayonuna enirdilər (Çox vaxt qışda qarın altında qalanlar olurdu. Şəxsən mən özüm də çovğunla üstümüzü örtən qarın altında dəfələrlə olmuşam), ya da Kəlbəcər-Laçın-Qubadlı-Zən-gilan rayonlarını keçib Bakıya gedirdilər. Yükləri Füzuli rayonunun Horadiz stansiyasından daşıyırdılar. Bu, əhaliyə çox böyük iqtisadi zərbə vururdu. Rayona ağ neft də göndərilmirdi.

  Çox vaxt belə suallar eşidirik:- Siz ağsaqqallar, ziyalılar niyə vaxtında öz haray səsinizi ucaltmırdınız? Haqlı sualdır. Mən ağsaqqalların, ziyalıların günahsız olduğunu iddia etməkdən uzağam. Bizim ən başlıca günahımız o idi ki, rayona səriştəsiz, bacarıqsız adamları başımıza rəhbər qoyanda cınqırımızı çıxarda bilmirdik. Amma Bakıda kəlbəcərlilərin təşkil etdiyi «Murovdağ» cəmiyyəti Kəlbəcərin müdafiəsi üçün ciddi çalışırdı. Şəxsən, mən Kəlbəcərin müdafisinin yox dərəcədə olması, təhlükənin getdikcə yaxınlaşması barədə respublikanın bir çox qəzetlərində həyəcanlı məqalələr dərc etdirdim. Hələ 1990-cı ilin noyabr ayının 4-də «Sovet kəndi» qəzetində çap olunan məqaləm «Daxili qaçqınlar və yaxud Kəlbəcər boşala bilər» adlanırdı. Bu yazıda iqtisadi vəziyyətin ağırlığına görə qondarma Dağlıq Qarabağ problemindən əvvəl saysız – hesabsız ailələrin rayondan çıxıb get-diyindən, bu prosesin dayandırılması yollarından bəhs edirdi. Kənd sovetlərindən arayışlar toplandı, mənim yazdıqlarımın doğru olmadığını sübut etməyə çalışdılar. Lakin mən adbaad siyahını ortalığa qoyanda yaxamdan əl çəkdilər.

  Kəlbəcərin işğalından 46 gün əvvəl Bakıda «Müstəqil» qəzetə verdiyim müsahibə çap olunmuşdu. Bu yazıda deyirdim:- Kəlbəcərin müdafəsindən hədsiz narahatam. Burada elə hadisələr baş verir ki, daş da eşitsə, daşın üstündə dayana bilməz. Allah eləməmiş, Kəlbəcər işğal olunsa, onu bir milyon ilə də qaytara bəlmərik.

  Bütün bu həqiqətin güzgüsü olan kəskin çıxışlarımızın bir nəticəsi də ondan ibarət oldu ki, 1992-ci ilin noyabr ayının 17-də Kəlbəcərin işğalına bir həftə qalmışa kimi direktoru olduğum, yaratdığımız dünya şöhrətli muzeyi bağlayıb dəfələrlə böyük komissiya vasitəsi ilə yoxladılar, bir çöp də əksik çıxmadı. Beləliklə, Azərbaycan tarixinin çox əhəmiyyətli bir muzeyi də erməni quzğunlarının caynağına keçdi.

  Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra Kəlbəcərdə vəziyyət günü-gündən daha da ağırlaşdı. Heç bir səriştəsi olmayan, kolxozda uçotçu da işləməyən adamları düşmən mühasirəsində olan rayona rəhbər qoydular. Qısa müddətdə idarə, kolxoz və kənd soveti rəhbərləri vəzifədən çıxarılıb onların yerinə əksəriyyəti savadsız, idarə etmək qabliyyəti olmayan adamlarla əvəz edildi. Lovğalıq, başlı-başınalıq rayonda hökm sürməyə başladı. Kolxozların əmlakı dağıdıldı. Əhalidə ruh düşkünlüyü yaranmağa başladı. Lakin rayonda bir dönüş də yarandı. Polkovnik Zaur Rzayevi rayonumuzda briqada komandiri və komendant təyin etdilər. O, çox gərgin əmək sərf edərək ordu bölmələrini formalaşdırdı, çirkin məqsədlərlə könüllulərə qoşulanları kənarlaşdırdı. Əhalidə rayonun müdafiə olunacağı barədə inam yaranmağa başladı.

  1992-ci ilin may ayında Laçın camaatı təxribat nəticəsində yurdundan-yuvasından didərgin salındı. Azərbaycanın hər yerindən Laçına köç maşınları göndərildi. Həmin vaxt eyni ssenari ilə Kəlbəcərin də köçürülməsi planlaşdırılmışdı. Murov yolu ilə Kəlbəcərə bir çox yük maşınları axışmağa başladı. Zaur Rzayev əsas yolları bağlatsa da, «erməni gəlir, bizi sizi xilas etməyə göndəriblər» deyə əhalinin bir hissəsini aldadıb gizli yollarla köçürməyə başladılar. Z.Rzayevin keçirdiyi iclası yarımçıq dayandırıb əhalinin gizli yollarla köçürdüklərini ona bildirdim. Mən də ona qoşulub bütün yolları bağladıq. Kəlbəcəri köçürməyə göndərilən maşınların böyük əksəriyyətini o zaman Gəncə polis rəisi işləyən Eldar Həsənov və onun iş yoldaşları geri qaytarmağa nail olmuşdular. Hətta yuxarıların əmri ilə bu vaxt əmanət kassası və başqa idarələr Gəncəyə köçürülsə də, dərhal geri qaytarıldı.

  Bütün bunların hamısı sübut edir ki, Kəlbəcərin köçürülməsinin bünövrəsi əvvəldən qoyulmuşdu.

  Dəfələrlə deyilmişdir ki, 1992-ci ilin aprel ayının 8-də də, 1993-cü ilin mart ayının 27-də də eyni ssenari ilə Dədə Şəmşirin kəndi olan Ağdabanla Ağdərə rayonunun Çapar kəndi arasındakı minalanmış və keçilməz edilmiş yol «bizimkilər» tərəfindən təmizləndi və ermənilər dərhal buradan hücuma keçdilər.1992-ci ildə Ağdabanda yol təmizlənəndən, burada olan ordu hissələri hücumdan bir-iki gün qabaq çıxıb gedəndən sonra erməni başkəsənləri ağır-arxayın kəndə hücum edib 30-dan çox adamı qətlə yetirdikdən, evləri yandırdıqdan bir gün sonra «Kəlbəcərin müdafəsinə fövqalədə el yardımı cəmiyyəti» yaradıb çox ciddi təkidlə məni bu cəmiyyətə sədr seçdilər. Iki-üç gün ərzində mənim əllərimlə rayonun idarə və müəssisələri adından respublikanın rəhbər təşkilatlarının, ən çoxu Müdafiə Nazirliyinin ünvanına kəskin teleqramlar yazıldı. Rabitə qovşağının rəisi Tapdıq Cəfərovun, indi Nazirlər Kabinetində işləyən Qurban Sadiqovun, hazırda Kəlbəcər rayonunun Icra hakimiyyətində çalışan Novruz Çıraqovun köməyi ilə idarə və müəssisə rəhbərlərini rabitə qovşağına dəvət edib onların adından yazdığım teleqramları imzalayıb və möhürləyib ünvanlarına yola saldıq. Bu teleqramlarda «Kəlbəcəri düşmənə satdınız», «rayonun müdafiəsi yox dərəcəsindədir» kimi sərt ifadələr işlətmişdik. Əfsuslar olsun ki, bu qədər teleqramın birinə cavab verən olmadı.

  Uşağa da, böyüyə də bəlli idi ki, nankor erməni qonşularımız rayona üç istiqamətdən hücum edə bilərlər:

         Ağdərə tərəfdən Kəlbəcərə gələn mərkəzi yolla – Tərtər çayı istiqaməti ilə Körpü deyilən yerdən. Rayon mərkəzi ilə arası 50 kilometr olan bu yolun o tay-bu tayı hündür sıldırım qayalardan ibarət idi. Bu qayaları bir-iki yerdən partlatmaqla yolu keçilməz etmək olardı.

  Onu da deyim ki, mən hələ 1992-ci ildə Bakı şəhərinə gəlib o zaman Nazirlər Kabinetinin sədr müavini olan Feyruz Mustafayevin yanına getdim. Ona bildirdim ki, erməni quldurları yalnız mərkəzi yolla və bir neçə başqa yerdən Kəlbəcərə hücum edə bilərlər. Bizə partlayıcı maddə-ammonal verin həmin yolları dağıdıb keçilməz edək. O, Kəlbəcər ərazilərinə bələd idi. Təklifimi bəyəndi və kifəyət qədər partlayıcı maddə ayırdı. Lakin rayonda bu ammonaldan başqa məqsədlər üçün istifadə etdilər. Kəlbəcərə hücum ərəfəsində Icra hakimiyyətinə gedib təklif etdim ki, mərkəzi yolda qayalar deşilsin, partlatmağa hazır vəziyyətə gətirilsin. Düşmən gəlib araya girəndə qayalar partladılsın, həm də bu tədbirlə quldurlar məhv edilsin. Onlar məni arxayın saldılar və təklifimi bəyəndiklərini bildirdilər. Lakin mən gedəndən sonra dalımca deyiblər ki:

  1.Nə qaya partlatmaq, Şamil getsin şerini yazmağa. Bax, ağsaqqal və ziyalı sözünə belə baxırdılar.

  2.Yenə də Ağdərənin Bankulu (Vəng) deyilən kəndi istiqamətindən;

  3.Ermənistan tərəfdən Kəlbəcərin yaxınlığında olan Qaraqaya tərəfdən.

  Bəs, hücum gözlənilən bu günlərdə nə baş verdi?

  1.Briqada komandiri Zaur Rzayev hərbi qərargahı adını çəkdiyimiz Körpü deyilən yerə köçürdü və hücum gözlənilən əsas yolu  kəsildi. Lakin az sonra Müdafiə Nazirliyinin müəmmalı əmri ilə hərbi qərargah Körpüdən Laçın rayonunun ərazisinə köçürüldü və bu əsas yol müdafiəsiz qaldı. 1993-cü ildə erməni cəlladları buradan ağır-arxayın Kəlbəcərə hücum etdilər.

  2.Adını qeyd etdiyimiz Vankulu kəndi quldurların ən çox toplaşdığı yer idi. Ağdam, Tərtər və Kəlbəcər hərbi hissələri bu kəndə hücum edib qulduları buradan çıxara bilməmişdilər. Bu kənd istiqamətində 1992-ci ildə Kəlbəcərin Alaqaya kəndinə hücum edib adam öldürmüşdülar və camaatın mal-qarasını yığıb aparmışdılar. Briqada komandiri Zaur Rzayev, indi  Milli Məclisin üzvü Əlövsət Ağalarov, mən və başqaları hadisə yerinə getmişdik. Z.Rzayev Vankulu kəndi ilə yaxın olan Ağdərənin azərbaycanlılar yaşayan Narınclar kəndinin müdafiəsini möhkəmlətdi, aradakı yolu minaladı və keçilməz etdi. Ermənilər də öz tərəfindən yolu bağladılar.

  Yenə də müəmma baş verdi.1992-ci ilin dekabr ayında Narınclarda olan hərbi gözətçi məntəqəmiz ləğv olundu. Sahibsiz qalan Narınclar camaatı kəndi tərk etdilər. Erməni kəmfursətləri bizim və özlərinin bağladıqları yolu təmizlədilər. Sahibsiz qoyduğumuz bu yerdən heç bir müqavimətə rast gəlməyib 1993-cü ilin mart ayının 27-də hücum edib kəndlərimizi viran edə-edə Kəlbəcərə doğru irəlilədilər.

  3.Ermənistan tərəfdən yuxarıda dediyimiz Qara qaya istiqamətindən yol çəkildi. Bu xəbəri rayon başçılarına dəfələrlə çatdırsalar da, onların cavabı belə oldu: - Kişilər özlərinə yol çəkirlər, bunun bizə nə dəxili? 1993-cü ilin martın 27-dən başlayaraq ermənilər buradan Kəlbəcər şəhərinin üzərinə od yağdırdılar. Mənim şəxsi evimi də buradan atılan QRAD mərmisi uçurdu.

  Indi siz özünüz mühakimə edin: erməni vəhşilərinin hücum etdikləri həmin üç yolun sahibsiz qoyulması, quldurların üzünə açılması ən ağır xəyanət deyildimi? Yoxsa, xəyanətin buynuzu olur?

  Bax, erməni cəlladlarına belə bir əlverişli şərait yaradıldığına görə onlar 1993-cü ilin mart ayının 27-də yuxarıda göstərdiyimiz üç istiqamatən Kəlbəcərə hücum etdilər. Bizimkilər küçələrdə, yollarda əliyalın adamları tutub döyüş bölgələrinə göndərdilər. Bunun da heç bir əhəmiyyəti olmadı. Ordu və polis işçiləri iki gün cammatdan qabaq rayonu tərk etdilər. Əvvəllər quş tüfəngləri də əllərindən alınan əhali çaş-baş qaldı və istəməsə də, rayonu tərk etməkdən özgə bir əlacı qalmadı.

  Biz bir çox yazılarımızda, «Kəlbəcərin qəm dastanı, viran olan gülüstanı» adlı kitabımızda çox böyük ürək ağrısı ilə camaatımızın Murov yolunda çəkdikləri məşəqqətlərdən söhbət açmışıq. Ona görə də burada bu barədə danışmaq istəmirəm.

  Kəlbəcərə erməni azğınları hücum edəndə Laçın tərəfdə bəlkə də 4 min nəfərdən çox əsgərimiz və bir çox hərbi texnika vardı. Laçının bir çox kəndləri ermənilərdən geri alınmışdı. Laçındakı qoşun hissələri bu hərbi texnikanın və döyüş sursatının böyük əksəriyyətini orada qoyub gəlib Kəlbəcər ərazisindən keçib Murov yolunu aşıb bu rayona heç bir köməklik göstərməyib çıxıb getdilər. Kəlbəcərdə və Laçında olan ordu hissələrinin hamısı eyni briqada komandirinə – Əzizağa Qənizadəyə tabe idilər. Sual olunur: - Laçından gəlib keçən ordu nəyə görə Kəlbəcərə heç bir köməklik göstərmədi? Nəyə görə bir erməni qulduruna bir güllə də atılmadı?

  Yeri gəlmişkən, burada iki məsələni açıqlamağı da vacib bilirəm. 1992-ci ilin sentyabr ayında Zaur Rzayev və ona kömək edən Laçının polis rəisi Akif Səlimovun başçılıq etdiyi dəstələr Laçının 40 kəndini düşməndən azad etmişdilər. Mən Eldar Həsənovun Laçına göndərdiyi döyüş sursatı ilə dolu maşınları müşayət edib lazımi ünvana təhvil verdik. Briqada komandiri general Zaur Rzayev mənə bildirdi ki, Laçın şəhərinin 2 kilometirliyinə enmişik. Nazirliyin əmrini gözləyirik. Laçını geri almağa tamam hazırıq. Bu söhbət Ərdəşəvi kəndindəki qərərgahda oldu. Elə bu zaman Zaur Rzayevi Bakıya çağırdılar. Naxçıvana Heydər Əliyevə qarşı iş aparmağa göndərmək istədilər. O, bu təklifə rədd cavabı verdi. Buna görə də onun Laçına qayıtmasına imkan verməyib sərəncamda saxladılar. Polkovnik Əzizağa Qənizadə briqada komandiri təyin olundu. Bu gündən Laçında heç bir irəliləyiş olmadı və Kəlbəcərin qara günləri başladı.

  Moskvada yaşayan bir həmyerlimiz Kəlbəcərin işğal olunduğu günlərin vidio-kasetini ələ keçirmişdir. Kəlbəcəri çox az erməni hərbiçiləri işğal etmişdir. Mən bu video-kasetə baxanda xəcalətimdən istədim ki, yer yarılsın, batım, yox olum. Bu video-kaset sübut edir ki, Kəlbəcər xəyanətin qurbanı olmuşdur.

  Bu il Kəlbəcərin işğalının 7-ci ildönümü televiziya ekranlarında, qəzetlərdə daha çox işıqlandırıldı. Kəlbəcərlilər yana-yana, odlana-odlana danışdılar. Mənə görə işğaldan sonra çadırlarda, daxmalarda dünyaya gələn körpələrin də haqqı var desin ki, bizi bu günə salan, çətin şəraitdə yaşamağımıza səbəb olanlar kimlərdir? Televizorda hadisələrin iştirakçıları da, onları eşidənlər də çıxış etdilər.

  «ANS» televiziyası 31 mart 2000-ci il tarixdə Kəlbəcərin işğalı barədə keçirdiyi tele-şounu ekranda göstərdi. Bəri başdan deyim ki, bu gərəkli bir verliş idi. Lakin həqiqətin nə yerdə olduğu hamıya bəlli olsun deyə oradakı söhbətlərə öz münasibətimi bildirmək istəyirəm. Verilən suallara cavab olaraq o zamankı müdafiə naziri və başqaları bildirdilər ki, Kəlbəcərin işğalı ərəfəsində ora mümkün olan köməklik-texnika, hərbi hissələr göndərmişdi. Bunlar ağ yalandan başqa heç bir şey deyildir. Nəinki Kəlbəcərə qüvvə göndərilmişdi, əksinə, başqa yerlərdən olan hərbi qüvvələr bütünlüklə Kəlbəcərdən çıxarılmışdı. Sərhədlərdən dərələrə endirilmiş hərbi gözətçi məntəqələrində olan kəlbəcərlilərdən başqa rayonda heç bir başqa hərbi qüvvə qalmamışdı. Kəlbəcərin gözətçi məntəqələrində olanların əksəriyyətini isə təcrübəsi olmayan, orduda qulluq etməyən cavanlar təşkil edirdi. Onların əlindən isə bir qədər əvvəl maşınlar və danışıq əlaqələri vasitələri alınmışdı. Buna görə də gözətçi məntəqələri bir-biri ilə əlaqə saxlaya bilmirdilər. Belə dözülməz şərait yaradıldığına görə onlar düşmənə müqavimət göstərməkdən məhrum edilmişdilər.

  Qəribədir, Laçın kimi alınmaz qalanı düşmənə verəndə əhalini köçürmək üçün hər kəndə Azərbaycanın hər yerindən çoxlu maşınlar göndərilmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, o vaxt Kəlbəcər də eyni ssenari ilə köçürmək istəyirdilər. Amma Kəlbəcər işğal edildikdə Yevlaxdan göndərilən bir-iki vertaliyot müstəsna olmaqla, Murovun 3250 metr hündürlükdən qarı yara-yara, sürünə-sürünə aşan kəlbəcərlilərin xilas edilməsi üçün onların köməyinə bir araba da göndərilmədi. Bir xarici ölkənin qızıl-xaç maşını Murovun Xanlar rayonu üzünə qalxıb soyuqdan, çovğundan tir-tir əsən qaçqınlara odyal paylayırdı. Bəs, bizimkilər? Xaricilərdə olan insaf onların ürəyində tapılmadı.

  Müəmalı bir sərəncamdan da söhbət açmağı vacib hesab edirəm. Biz 1993-cü ilin aprel ayının 1-də hələ Kəlbəcərdən çıxmayıb ümid edirdik ki, rayona hərbi qüvvə göndəriləcək. Lakin sonradan öyrəndik ki, aprel ayının 1-də Nazirlər Kabineti Kəlbəcər qaçqınlarının yerləşdilirməsi və onlara pul yardımı ayrılması barədə sərəncam vermişdir. Bəlkə də sərəncam kəlbəcərlilərə qayğıdan meydana gəlmişdi? Əsla yox. Bakı şəhərinə pənah gətirən Kəlbəcər qaçqınları 2-3 ay uçota götürülmədi və onlara heç bir dövlət yardımı göstərilmədi. Həmin sərəncamdan da məlum olur ki, Kəlbəcərin boşaldılması əvvəldən planlaşdırılmışdı.

  Bu cür faktlardan çox söhbət aça bilərik. Lakin dərdləri sadalamaqla kifayətlənmək olmaz. Indi qabağa baxmalı, gələcəyimizi düşünməliyik. Heç bir şübhə yoxdur ki, o cümlədən Kədbəcərin əldən getməsinin başlıca səbəbi kürsü davaları idi. Min-min təəsüflər olsun ki, bu kürsü davaları indi də səngimək bilmir. Gəlin daşı ətəyimizdən tökək, umu-küsümüzü torpaqlarımızın düşməndən xilas olunmasından sonraya saxlayaq. Gəlin hamımız əl-ələ verək, çəkici eyni zindana vuraq.

  Torpaqlarımız geri qaytarıldıqda əhalinin öz yurd-yuvasına qayıda bilməsi yollarını indidən düşünək. Bunun üçün hər bir işğal rayonunun daxili imkanlarının gerçəkliyə çevrilməsi üçün indidən dərindən fikirləşək və qəti tədbirlər görək.

                                                     



 

İtənlər və itməyənlər


Müsahibəni apardı: Amil Novruzov,

«Azərbaycan» qəzetinin müxbiri

01 Aprel 1998-ci  il

  Müsahibimiz filologiya elmlər namizədi, Azərbaycan Yazıçılar Birliyinin və Ağsaqqallar Şurasının üzvü Şamil Əsgərovdur.

   -Şamil müəllim, söhbətimizə Kəlbəcər haqqında məlumatla başlayaq. Ümumiyyətlə, Kəlbəcər Azərbaycan üçün nə demək idi?

   -Bircə cümlə ilə desək, Kəlbəcər Azərbaycan üçün hər şey demək idi. Təəssüflər olsun ki, bəziləri Kəlbəcərin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli bir rayon olduğunu bilmədilər. Onun inkişafı və müdafiəsinin möhkəmləndirilməsinə fikir vermədi.

  Kəlbəcər rayonu ərazisində 20-dək istisu, 100-dən çox narzan, 30 mindən artıq təbii, sərin çeşmələr var idi. Əgər müalicə əhəmiyyəti olan bu isti və narzan qaynaqlardan axan suları qablaşdırıb satsaydıq, gələn gəlir Azərbaycanın iqtisadiyyatının inkişafına güclü təkan verərdi. Tərtər çayının demək olar ki, 20 faizi mineral sular idi. Bu sular axıb aran rayonlarını şoranlaşdırırdı. Əgər isti və narzan sulardan dediyimiz kimi səmərəli istifadə olunsaydı, aran rayonlarında torpağın şoranlaşmasının da qarşısı alınardı.

  Kəlbəcər muzeyində Kəlbəcər ərazilərindən topladığımız 79 mineral və 36 süxur daşların nümunələri saxlanılırdı. Bunların bir çoxunu muzeyin çöl divarlarına bəzək kimi hörmüşdük ki, bəlkə «yuxarıdan» gələnlər bu sərvətləri görüb Kəlbəcərdə daş karxanaları açsınlar. Lakin…

  Rayon ərazisində qızıl, civə, obsidian (dəvəgözü), pemza, qabbro, serpentitit, listevenit, bazalt, mərmər, tuf kimi bir çox meneral və süxur daş ehtiyatları bütün Azərbaycana bəs edərdi. Indi bu sərvətləri, xüsusən qızılımızı erməni quldurları vəhşicəsinə istismar edir.

  Kəlbəcər dağlarında 4000 minə qədər müxtəlif bitkilər yetişir. Bunların içərisində muzeyimizin müəyyən etdiyi 160-dan çox dərman bitkiləri vardır. Kəlbəcər meşələrində 100-dən çox ağac və kol bitirdi. Burada qırmızı palıd, meşə fındığı kimi nadir ağaclar əmələ gəlirdi.

  Kəlbəcər Azərbaycan üçün sarsılmaz qala idi. Erməni cəlladları bir yanı Dağlıq Qarabağ və bir yanı Ermənistanla əhatələnmiş bu qalaya 1918-20-ci illərdə və əvvəlki dövrlərdə ayaq basa bilməmişdilər.

  Kəlbəcər dağlarına Azərbaycanın 22 rayonunun fermaları qaldırılırdı. Hər il bulaqlar başında minlərlə çadır qurulurdu. Təəssüf ki, bu cənnət diyarı düşməndən qorumaq qayğısına qalan olmadı. Bakıda vəzifə çəkişmələri düşmənlə dava etməyə imkan vermədi. Içərimizdə olan didişmələrdən fürsətlə istifadə edən erməni başkəsənləri asanlıqla «qüdrətdən səngərli, qalalı dağlar»ı (Aşıq Ələsgər) tapdağa çevirdilər və hələ də burada at oynadırlar.

   -Deməli bu rayonu itirməklə əvəzsiz mənəvi və maddi dəyərlərimizi, zəngin xəzinəmizi, təbiət muzeyimizi əldən vermişik…

   -Kəlbəcəri itirməklə hər şeydən əvvəl biz Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının itirilməsinə zəmin yaratdıq. Əgər Laçın və Kəlbəcər kimi qalaları əldən verməsəydik, adları çəkilən rayonları düşmən işğal edə bilməzdi.

  Kəlbəcəri itirməklə yuxarıda ixtisarla sadaladığım sərvətləri itirdik, dağlarımız kimi vüqarımızı, döyüş əzmimizi, iradəmizi itirdik.

  Kəlbəcər camaatı həmişə ağır zəhmətə qatlaşıb, dişi və dırnağı ilə çalışıb var-dövlət qazanmışdı. Kəlbəcərli qız-gəlinlərin 7500 nəfərdən çoxu (bu barədə adbaad siyahı Kəlbəcər muzeyində idi) xalça, kilim, şəddə, cecim, farmaş, xurcun, yüzdən artıq çeşnisi olan corablar və başqa əşyalar toxuyurdular.

  Şəxsən biz hər birinin yüzdən artıq xalça-xalısı olan çoxlu evlər tanıyırdıq. Kəlbəcərin bir milyon (bəlkə də daha çox) qoyun-keçisi, yarım milyon qaramalı, 200 mindən artıq arı ailəsi, minlərlə köhlən atları, dolu evləri düşmənin əlinə keçdi.

  Istisu kimi əvəzsiz müalicəvi əhəmiyyəti olan bir kurort əlimizdən çıxdı. Çoxlu məktəb, mədəniyyət, səhiyyə, ticarət, kənd təsərrüfatı binalarımız viran oldu.

  Kəlbəcər rayonu bütövlükdə muzeylər diyarı idi. Bu rayonun ərazisində minlərlə qaya təsvirləri aşkar etmişdik. Çoxlu abidələr-qalalar, məbədlər, qəbirüstü at, qoç və başqa daş fiqurları haqqında məlumatlar toplamışdıq. Kəlbəcəri təbiət muzeyi adlandırmaq olardı. 1980-ci illərin birinci yarısında insan əli ilə bir tarix-diyarşünaslıq muzeyi də yaradıldı. Ömrümün 12 ilini bu  muzeyə sərf etdim. 30 min eksponat topladıq. Əllərimlə rayon ərazisindən minlərlə rəng çalarları olan daşlar yığıldı. Bunların 2037 rəng çaları olan mineral və suxurlar muzeyin çöl divarında bəzək kimi işlədildi. Bu zəngin, Azərbaycan tarixi üçün xüsusi əhəmiyyəti olan, bir çox rəylərdə dünyanın 8-ci möcüzəsi adlandırılan tarix-diyarşünaslıq muzeyini də itirdik.

  Lakin ondan təsəlli tapırıq ki, olmazın müsibətlər görmüş, qaçqınlıq adını özünə yaraşdırmayan Kəlbəcər camaatı nələri itirsə də, öz doğma ocaqlarına qayıtmaq ümidlərini itirməmişlər. Onlar ürəkdən inanırlar ki, hörmətli prezidentimizin səyləri, Azərbaycan xalqının yaranacaq əlbirliyi müqəddəs torpaqlarımızı qəddar yağılardan xilas edəcəkdir.

   -Kəlbəcərin müdafiəsinin zəifliyi, onun işğal edilməsi qorxusunun yarandığını rayonun ziyalıları hiss etmirdimi? Əgər hiss edirdisə, bu ziyalılar niyə vaxtında öz səslərini ucaltmırdılar?

 -Çox haqlı sualdır və bunu tez-tez eşidirik. Bəri başdan deyim ki, biz ziyalıların günahsız olduğunu iddia etməkdən uzağıq. Ziyalıların əsas günahı bu idi ki, o vaxtkı iqtidar tərəfindən rayonun rəhbərliyi səriştəsiz və idarə etmək qabliyyəti olmayan adamlara tapşırılanda ziyalılar etiraz səslərini ucalda bilmədilər. Səsini ucaldan ziyalılar isə təzyiqə məruz qalırdılar.

  Bakı şəhərində Kəlbəcərli ziyalılar «Murovdağ» cəmiyyəti yaratdılar. Onlar Kəlbəcərin müdafiəsinə böyük kömək göstərdilər. Ziyalı və ağsaqqallardan biri kimi mən də dəfələrlə Kəlbəcəri fəlakət gözlədiyi barədə səsimi ucaltdım və bunun qarşısını almaq üçün təkliflər verdim. Lakin özümüz deyib, özümüz eşitdik. «Aydınlıq» (11 avqust 1990-cı il), «Sovet kəndi» (4 noyabr 1990-cı il), «Həqiqət» (12 fevral 1991-ci il), «Səs» (21 fevral 1991-ci il), «Ədəbiyyat» ( 11 noyabr 1991-ci il),  «Müstəqil» (10 fevral 1993-cü il) və başqa qəzetlərdə hay-haray qopardım ki, Kəlbəcəri fəlakət gözləyir, bunun qarşısını almaq üçün tədbirlər görülməlidir, yoxsa sonra gec olar.

  Belə hay-harayı Kəlbəcər ziyalılarından Şahlar Əsgərov, Əlövsət Ağalarov, Məmməd Aslan, Adil Cəmil, Məhəmməd Nərimanoğlu, Nurəddin Əsgərov, Musa Əziz və başqaları da qaldırdılar. Lakin onların səsləri eşidilmədi.

  Kəlbəcərli ziyali Eldar Həsənov 1992-ci ildə Gəncə Polis Idarəsinin rəisi idi (indi respublikanın baş prokurorudur). O, cəbhə bölgələrinin müdafiəsinə əməli köməklik göstərirdi. Laçın işğal edildiyi zaman respublikanın əksər rayonlarından əhalini köçürmək üçün oraya maşınlar göndərilmişdi. Eyni senari ilə Kəlbəcərin də düşmənə təhvil verilməsi planlandırılmışdı. Onda Murov yolu ilə Kəlbəcəri köçürməyə göndərilən saysız-hesabsız yük maşınlarını Eldar Həsənov geri qaytarmağa nail olmuşdu. Rayona keçmiş maşınları isə Kəlbəcərin briqada komandiri Z.Rzayev və bu sətirlərin müəllifi geri qaytardılar. Bundan sonra Eldar Həsənovu Gəncədən uzaqlaşdırdılar. Çünki onun orada olmağı bəzilərinə sərf etmirdi. Bir ziyalı və ağsaqqal kimi «Kəlbəcərin müdafiəsinə fövqalədə yardım cəmiyyəti»nin sədirliyinə camaatın təkidiylə seçildiyimi, çiynimdə avtomat orduya kömək etdiyimi və bu kimi başqa işləri hələ demirəm.

  Indi mən soruşuram: təklifləri qulaqardına vurulan, əks zərbə görən ziyalıların əlindən nə gələ bilərdi?

   -Bəzi qəzetlərdə Azərbaycanda «kürd problemi» və ümumiyyətlə, kürdlər barədə başqa xoşagəlməz yazılara rast gəlirik. Sizin bu məsələlərə münasibətinizi bilmək istərdik.

   -Bəli, Azərbaycan kürdləri barədə tamamilə əsassız, sübutsuz, mayası böhtan və yalan olan yazılar ara-sıra dərc olunur. Tam qətiyyətlə və cəsarətlə deyirəm ki, Azərbaycanda heç bir «kürd problemi» yoxdur və ola da bilməz. Respublika Kürd Mədiniyyət Mərkəzi bu haqda 30 yanvar 1998-ci il tarixdə «Xalq qəzeti»ndə öz bəyanatını dərc etdirdi. Burada sualınıza cavab tapa bilərsiniz.

  Qəzetlər Laçında «kürd dövləti» qurulmasından, erməni quldurları ilə vuruşma dövründə kürdlərin seperatçılıq etməsindən, onların Azərbaycandan ayrılmaq istəməsi kimi cəfəngiyyatlardan dəm vururlar. Belə çirkab dolu yazılara adam öz nifrətini gizlədə bilmir.

   Gəlin, birlikdə bu məsələlər barədə fikir yürüdək. Əgər Laçında «Kürd dövləti» yaradılmışdısa, niyə orada bir nəfər də olsun kürd qalmadı, niyə bir nəfər də olsun kürd xəyanətkar çıxmadı, niyə təqribən bir il sonra Kəlbəcər işğal olunanda heç bir kürd satqını tapılmadı? Nəyə görə erməni vəhşiləri Kəlbəcər şəhərini yerlə-yeksan ediblər (bu barədə video kaset var), bu illər ərzində qəzetlərin kürdlər haqqında yazdıqları «faktların» heç olmazsa bircəsi düz çıxmışdırmı?

  -Elə qüvvələr hələ də qalmaqdadır ki, istəyirlər milli azlıqlarla nifaq törətsinlər və öz çirkin niyyətlərinə nail olsunlar. Lakin «Xalq qəzeti»ndə dərc etdirdiyimiz bəyanatın başlanğıcında yazıldığı kimi, «Azərbaycan dövlətçiliyinə ziyan vuran toxumlar kürd zəmisində cücərə bilməz».

   Azərbaycan hökumətinin milli azlıqlar üçün nəzərdə tutduğu tədbirlərdən başqa (mədəniyyətin, dilin, tarixin, ədəbiyyatın öyrənilməsi və inkişafı) Azərbaycan kürdlərinin heç bir iddiası yoxdur. Azərbaycan dünyanın yeganə ölkəsidir ki, tarix boyu burada kürdlərlə heç bir xırda ziddiyyət də baş verməmişdir və verməz. Qədimdən burada yaşayan kürdlər haqlı olaraq Azərbaycanı özlərinin doğma vətəni hesab edirlər. Böyük kürd şairi Əbdürrəhman Həjarın Azərbaycan və kürdlər haqda yazdığı:

Axsa da birgə yerdə gərək axsın qanımız,
Ölsək də birgə yerdə gərək ölsün canımız.

- kimi hikmətli sözlərinə Azərbaycan kürdlərinin bundan sonra da sadiq qalacağına ürəkdən əminik.

   -Sizin bu fikirləriniz Azərbaycanda «kürd problemi»nin olmadığını bir daha təsdiqləyir. Lakin özünüz də etiraf etdiniz ki, öz məkirli niyyətlərinə çatmaq üçün müxtəlif vasitələrə əl atmaqla bu problemi cücərtməklə, ayrı-seçkilik salmaq istəyənlər hələ də var. Ona görə də bu məsələyə aydınlıq gətirməyiniz yerinə düşərdi. Istər kürd, istərsə də azərbaycanlı həmyerliniz olsun, onlardan respublikada məsul vəzifələrdə çalışanlar və ya başqa imkanı olan adamlar vardımı ki, ağır vəziyyətdə yaşayan qaçqınlarımıza köməklikləri dəyə bilsin və bunda hər hansı bir ayrıseçkilik hiss olunsun…

   -Qətiyyən yox! Birmənalı şəkildə deyirəm: belə fikirdə olanlar Azərbaycanın düşmənləridir! O adamlar müstəqil dövlətçiliyimizə zərbə vurmaq, onu parçalamaq, ya da ki, hakimiyyətə çan atmaq üçün ondan vasitə kimi istifadə edənlərdir. Fərqi yoxdur, hər iki mövqedə olanlar Vətənə, millətə xəyanət yolu tutanlardır.

    -Şamil müəllim, qayıdaq Kəlbəcərin işğalına. O ağır günlərdən 5 il keçir. Siz Kəlbəcərin işğal edildiyi günləri necə xatırlayırsınız?

   -Mən Kəlbəcərin erməni cəlladlarının cənginə keçdiyi günləri heç vaxt xatırlamaram, ömrümün sonuna kimi həmin müsibətli günlərin acı hadisələri yaddaşıma həkk olunmuş, ürəyimdə özünə qəm sarayı tikmişdi. Hər vaxt, hətta röyada da Kəlbəcərin və onun əhalisinin başına açılan həmin bəlalı günlər bir kino lenti kimi gözümün önündən keçir.

   Rayonun müdafiəsi yox dərəcəsində idi və hətta bu müdafiə «gündən-günə zəiflədilirdi». Kəlbəcəri düşmənə təhvil vermək üçün hərbi-gözətçi məntəqələrindən rabitə vasitələri, maşınlar geri alınmışdı. Ondan xeyli əvvəl əhalidə olan quş tüfəngləri də yığılmışdı. Hamı başa düşürdü ki, nankor qonşularımız üç istiqamətdən Kəlbəcərə hücum edə bilər. Bizimkilər həmin yerlərdən gözətçi məntəqələrini götürmüşdülər. Buna görə də heç bir müqavimət görmədən ermənilər 1993-cü ilin mart ayının 27-də həmin üç istiqamətdən rayona hücum etdilər. Ordu və polis dəstələri əhalidən iki gün qabaq rayondan çıxıb getdi. Rayondan qaçmağı ağlına gətirməyən əhali güman etdi ki, mərkəz onların köməyinə gələcəkdir. Bu ümid də boşa çıxdıqda əhalinin rayondan köçməkdən başqa heç bir çarəsi qalmadı. Əsas Kəlbəcər-Ağdərə yolumuzu düşmənlər bağlamışdı. Camaat Murov dağının 3250 metr hündürlüyündən aşıb Xanlar rayonuna enməyə məcbur oldu. Heç bir xəstəyə, qocaya, şikəstə maşın ayrılmamışdı. Əhali dolu evlərini tərk edib Murova doğru hərəkət edirdi. Rayonda kifayət qədər bıçaqlı bulduzerlər olmasına baxmayaraq, yollarda 5-6 metr olan palçıqlı  yerlər kürünmədiyinə görə maşınlar qarşı-qarşıya gəlib saatlarla dayanmalı olurdular. Əgər 5-6 bulduzer yola çıxarılsaydı, (1 nəfər bulduzerçi özü yola çıxmışdı) heç olmazsa əhali ev əşyalarının bir hissəsini çıxara bilərdi. Rayonun rəhbərliyi bunu da etmədi. Qocalar, xəstələr, şikəstlər xurcunun hər tayına bir uşağına qoyan gəlinlər Murova sarı addımlayıb dizin-dizin yeriyirdilər. Şaxtadan ölən uşaqları qarı yarıb içərsində «dəfn edirdilər».

  Mən aprelin 1-də Kəlbəcərdən çıxıb 2-də axşam Murov dağının Kəlbəcər üzdəki «Yol evi» deyilən yerə çatmışdım. Şiddətli qar yağır, boran, tufan qopurdu. Çoxlu adamın şaxtadan əli, ayağı donmuşdu. Sonradan onların bir neçəsi yatağa düşdü. Xarici bir ölkənin «Qızıl Aypara» maşını «Yol evi»nə çıxıb soyuqdan tir-tir əsənlərə odeyal paylayırdı. Bizim hökumət isə hes bir kömək etmədi. Bu, Kəlbəcər əhalisinə qəsd deyildimi?

  Aprelin 3-nə keçən gecə Murov aşrımına çatmışdıq. Mal cəmdəkləri ilə dolu ordu maşınları əhalini hədə ilə yoldan çıxarıb gedirdilər.

   -Qarabağ probleminə son qoyulması – torpaqlarımızın düşməndən xilas edilməsi istiqamətində üzərimizə düşən vəzifələri nədə görürsünüz?

  -Məlumdur ki, hörmətli prezidentimiz Qarabağ problemini sülh yolu ilə həll edilməsinə ciddi səy göstərir. Biz də bunu çox düzgün yol hesab edirik. Lakin düşmən məkirli və arxalıdır. Əgər işğalçılar respublikamızda möhkəm əlbirlik yarandığını, hamının çəkici bir zindana vurduğunu hiss etsə, yekdilliyimiz onları qorxudar.

  Ölkəmizdə müəyyən sabitlik yaransa da, hələ vəzifə davaları davam etməkdədir. Bizə elə gəlir ki, bu vəzifə davalarını bir kənara qoyub əlbir olmaq, ordumuzu daha da möhkəmləndirmək, gənclərin respublikadan kənara getməsinə yol verməmək və gedənləri geri qaytarmaq vacibdir. Düşmən ipə-sapa yatmayıb sülh yolundan imtina etsə, atalar demişkən, Allah əmrini qəbul etməsə, onda «yan dəmiri ilə danışıb» Qarabağ probleminə son qoyub torpaqlarımızı geri qaytara bilərik. Bu məqsədə çatmaq üçün hamımız səfərbər vəziyyətdə olmalıyıq. Uca-uca saraylar tikdirənlər, qoşa-qoşa bahalı maşınlara sahib olanlar ölkəmizin müharibə şəraitində olduğunu, qaçqınlarımızın çətin  vəziyyətdə yaşadığını unutmamalıdırlar. Gərək onların hansı yolla əldə etmələrindən asılı olmayaraq, topladıqları pullar Vətənin müdafiəsinə sərf edilsin.

  Bir də təkrar edirəm: vicdanımızı, qeyrətimizi, varımızı-yoxumuzu səfərbər edib birlik yaradaraq müqəddəs torpaqlarımızın xilasına çatmalıyıq. 

                                                     

title

Add your main content here - text, photos, videos, addons, whatever you want!