Şamil Əsgərov (Dəlidağ)

Şirindil Alışanov, tənqidçı, "Elm" nəşriyyatının direktoru     Dəlidağın qardaşı

   Bu gün  ömrünün müdrik zirvəsində dayanan, Dəlidağından, Kəlbəcərdən perik düşmüş Şamil müəllim haqda söz demək səlahətində özümü haqlı sayıram. Şamil Əsgər Dəlidağı mən 40 ildir Şamil müəllim ki-mi tanıyır və onun şəxsiyyətinə, bitib-tükənməyən həyat eşqinə, vətəndaşlığına, təmənnasız dostluğuna səcdə edirəm. Şamil müəllimi görəndə elə bilirəm Kəlbəcər elə həmin Kəlbəcərdir və Şamil müəllim 30-40 il əvvəl olduğu kimi, indi də haylı-küylü bir əhvalla 3-cü mikrorayonda yaşadığımız mənzilin qapısını ərkyana açaraq, Dəlidağın, Kəlbəcərin bitib-tükənməyən söz sərvətini, o dağların, o adamların ətrini bizə ərmağan edəcək. Şamil müəllim yarım əsr mənim böyük qardaşım Hüseyn Kürdoğlu ilə dostluq etdi. Vaxt ötdükcə bu yarım əsrin ibrətamiz məqamları göz önünə gəlir və mənim üçün əziz olan bu iki şəxsiyyətin saf, müqəddəs dostluğu and yerimə çevrilir.

   Şamil müəllim ilk növbədə şəxsiyyətdir. O, qaya kim məğrur və sadədir, Tətrər kimi coşqun və safdır, uşaq kimi kövrəkdir. Şamil müəl-limin şəxsiyyətini onun poeziyası tamamlayır. Şamil müəllim – Kəlbəcər bəlkə də sinonimdir. O, Kəlbəcərin bir qətrəsidir. Kəlbəcər onun poeziya beşiyidir. Kəlbəcərsiz Şamil Əsgər şeri də yoxdur. Kəlbəcər az qala onun həyat tərzidir, düşüncə meyarıdır. Qonaq-qardaşa ürəyinin odunu əsirgəməyən Şamil müəllim Tərtərə necə poetik məna verir:

Qışda buz bağlayıb lal axan Tərtər,
Elə ki, el-oba üz tutar dağa,
Minib köhlənini, üzü gülümsər,
Gedir qonağını qarşılamağa.

Baxanda deyirsən: kökləyib simi,
Mahnı bəstələyir, kaman çalır o.
Nəğmə deyə-deyə arana kimi,
Gedən qonağı da yola salır o.

  Bu misrada əslində Şamil müəllimin öz obrazı poetik əksini tapıb. Kəlbəcərə yolu düşən elə bir ziyalımız olmayıb ki, Şamil müəllimin qonağı olmasın, Nazilə xanımın dadlı-duzlu süfrəsinin başında otur-masın.

  Azərbaycan ədəbiyyatının, Azərbaycan elminin Bəxtiyar Vahab-zadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Teymur Bünyadov, Məmməd Aslan, Söhrab Tahir, Səfaralı Babayev, Hüseyn Arif, Qasım Qasımzadə kimi görkəmli nümayəndələri Şamil müəllimin çoxşaxəli fəaliyyətindən ürək genişliyi ilə danışmışlar. Xalq şairimiz Məmməd Araz onun poetik portiretini yaratmış, Şamil müəllimin şəxsiyyətinə böyük rəğbətini qazanmışdır:

O, daşdan yoğrulub dağ zirvəsində,
Baxışı qəzəbli, duruşu məğrur.
Elə dartılıb ki, yan-yörəsindən
Qoca qartallar da uçmağa qorxur.

  Şamil müəllimin ədəbi, elmi və ictimai fəaliyyəti əsil vətəndaşlıq nümunəsi olan bir məktəbdir. Onun qədər bu torpağı, onun daşını-qayasını, tarixi abidələrini, təbii sərvətlərini dərindən tanıyan, bilən, onunla fəxr edən şəxs təsəvvür etmirəm. Kəlbəcər ona dağ qüruru, təbii istedad, böyük həyat eşqi bəxş edib. O isə ömrünü onun poetik vəsfinə, bu diyarın tədqiqinə, təbliğinə həsr etmişdir. 60-cı illərdə Şəhriyarın «Heydərbabaya salam» poeması poetik fikirdə böyük əks-səda doğurdu. Doğma vətən, yurd nisgili, təmiz, saf ana dilində yazılmış bu böyük sənət əsəri Şamil müəllimi riqqətə gətirmişdi. Şamil müəllimin bu poemanın təsiri ilə yazdığı «Dağlar, arxalı dağlar» poemasının ilk oxu-cularından biri də mənəm. Şamil müəllim özünəməxsus bir intonasiya və çılğınlıqla poemanı oxuyur, şərhlər verirdi. Ailəlikcə Şamil müəllimi dinləyir, onun kənd həyatına, adamların düşüncə tərzinə necə dərindən bələd olduğuna heyrət edir, həyat müşahidələrinə verdiyi poetik mənaya heyran olurduq:

Tək bacalı qara damda olardıq,
Ortasında od-ocağı qalardıq.
Dörd-beş uşaq bir yorğana dolardıq,
Təpikləşib, yorulmuşuq, yatmışıq,
Belə-belə boya başa çatmışıq…

  Şəhriyarın poetik vüsəti çox şairləri öz tilsiminə saldı. Ona çox nəzirələr yazıldı. Lakin Şamil müəllimin bu poemasını nəzirə adlan-dırmaq insafsızlıq olardı. Böyük Şəhriyarın ədəbi təsiri ilə o, minlərlə oxucunun ürəyindən xəbər verdi. Əsər «Azərbaycan gəncləri» qəzetində çap olunandan sonra üç-dörd ay ərzində müəllif beş mindən artıq oxucu məktubu almışdı. Çünki bu əsərdə poetik ümumiləşdirmə güclü idi. Onlarca poeziya həvəskarı öz ömrünün anımlarını burada tapır və müəllifin poetik səmimiyyətinə inanırdı.

  Şamil Əsgər Dəlidağın hər bir şeri ünvanlıdır, konkret şəxsiyyət, hadisə və məqamla bağlıdır. Onun poeziyasının mahiyyətini anlamaq üçün şairin şəxsiyyətinə yaxından bələdlik gərəkdir. Onun son ildəki şerləri ürək qanı ilə yazılıb. Şamil müəllimin dağ ürəyi Kəlbəcər nisgilinə dözür. Axı o, Kəlbəcərin maarif, mədəniyyət işığı idi. Çoxları-nın həsəd apardığı nəhəng kitabxanasında tariximizə, mədəniyyətimizə dair minlərlə nadir kitab vardı. Moskvada təhsil aldığım illərdə Şamil müəllim oraya ezamiyyətə gəlmişdi. Aspirantlar yataqxanasına gəlib məni tapdı. Səhərisi günü ancaq kitab mağazalarını gəzdik. Bir gün də vaxt sərf edib beş-altı bağlamanı Kəlbəcərə yola saldıq. Sözün düzü, məni «kitab xəstəliyinə» salanlardan biri də Şamil müəllimdir.

  Şamil müəllimin Kəlbəcər, Dəlidağ həsrəti ilə yazdığı şerlərdəki nikbinliyə biz də qoşulur, onun müdrikliyinə, uzaqgörənliyinə səcdə edirik.

Dərdi o çıxarsın necə yadından,
El xəcalət çəkir qaçqın adından.
Dəlidağ, çıxaraq qılıncı qından,
Deyək ki, qisası aldı Dəlidağ.

  Şamil müəllim ixtisasca riyaziyyatçıdır. Filologiya elmləri nami-zədidir, tərcüməçidir, muzeyşünasdır, dilçidir və s. Nəşr etdirdiyi onlarca kitabın məzmun-mündəricəsi Şamil müəllimin ədəbi, elmi təşkilatı fəaliyyətinin hüdüdları haqqında zəngin təsəvvür yaradır. O, maarif xadimi kimi Kəlbəcərin inkişafında böyük xidmət göstərmişdir. Onlarca məktəb binası şəxsi nüfuzu, hörmət və layəqəti müqabilində tikilmişdi. Onun maarifçilik fəaliyyəti təkcə təşkilati, onun tarixi, burda yaşayan uzunömürlü insanlar haqqında elmi-populyar formada yazdığı kitablar geniş əks-səda doğurmuşdu.

  Kəlbəcərlə bağlı elə bir mədəni-ictimai tədbir olmayıb ki, Şamil müəllim onun təşəbbüskarı və təşkilatçısı olmasın. Bu diyarın etnoq-rafiyasını, folklorunu öyrənmək, təbliğ etmək baxımından da Şamil müəllimin zəhməti böyükdür.

  Poetik fikir tariximizi öyrənmək baxımından Şamil müəllimin uzun illər üzərində işlədiyi «Azərbaycan dilinin qafiyə lüğəti», «Azərbaycan dilinin mənzum cinas lüğəti», «Törəmə sözlər lüğəti» kimi əsərləri onun bir alim kimi yeni keyfiyyətlərini üzə çıxartdı. Bu əsərlər Azərbaycan dilinin məzmun zənginliyini, poetik ifadə tutumunu əyani göstərən tədqiqatlardır. Burada tərtibçilikdən çox poetik durum, bədii fəhm üstünlük qazanır. Şübhəsiz ki, Azərbaycan dilinin leksikasının tədqiqi istiqamətində Şamil müəllimin xidmətləri öz qədir-qiymətini tapacaqdır.

  Kəlbəcərə yolu düşən hər bir ziyalı hökmən tarix-diyarşünaslıq muzeyinə baş çəkməli idi. Çünki bu muzey nadir muzey idi. Hamı Şamilin muzeyi deyirdi. Əslində bu muzey Şamil Əsgər Dəlidağın ömür yolu idi. Burada onun erudisiyası, zövqü, vətəndaşlığı, böyük humanizmi öz əksini tapmışdı.

Onu yaradan kişi çağdaş Prometey idi,
Dağıtdı bu nağılı, qarət eylədi yağı,
Vətənin sinəsindən getməz bu namərd dağı.
Kəlbəcərin muzeyi bir nağıl muzey idi,
Dünyada hər şey idi.

Bu muzey haqqında görkəmli şəxsiyyətlərin səmimi ürək sözləri əslində Şamil müəllimin şəxsiyyətinə verilən böyük obyektiv qiymətdir. Onları belə ümumiləşdirmək olar. Şamil Əsgər Dəlidağ Kəlbəcərin rəmzidir, Vətənə, xalqa xidmət etməyin canlı təcəssümüdür. Iki daşın arasında yazdığım bu ürək sözlərinə bircə şeyi də əlavə etmək istərdim. Qoy Tanrı bizə yar olsun, Şamil müəllimin 80 iliyini onun öz muzeyində keçirək.

«Ədəbiyyat « qəzeti, oktyabr, 2004

Söhrab Tahir, Xalq Şairi

Şamil Əsğər Dəlidağın poeziyasına çox yaxşı bələdəm. O, Kəlbəcər dağlarının, çiçəklrinin ətrini verir.Bu poeziya çox milli koloritə bağlıdır, həddindən çox millidir və Şamilin ürəyinin o qızıl damarlarındakı qanıyla yazılan şerlərdı. Şamılın poeziyasında səmimiyyət həddindən artıq güclüdür. Azərbaycan poeziysında səmimiyyətlə sənətkarlıq burləşəndə Şamil Əsgər Dəlidağ lirikası alınır...

Mürvət Qədimoğlu Həkəri, şair, publisist                       Sənsiz Səninlə söhbətim

Yıxılanda palıd kimi dəy yerə,
Dizlərini bükə-bükə yıxılma!
Elə dəy ki, «ah-vay» desin dağ-dərə,
Ürəyini sökə-sökə yıxılma! 

Ömür iki deyil edəsən səhvi,
Əl çirkidir – güdmə qazancı, nəfi.
Dünyanın malına satma şərəfi,
Göz yaşını tökə-tökə yıxılma!

Dağa bel bağlama – vulkan uçurar,
Şamil, verməz ona aman, uçurar.
Qalaya güvənmə – zaman uçurar,
Arxanı ellərə söykə, yıxılma
!

Bütün şüurlu ömrünü bu əqidəylə, bu amalla yaşayıb, elə bu əqidəylə də köçdün dünyadan, ustad. Əslində sənin bu şerin hələ neçə illər bundan öncə həm övladlarına, həm dostlarına, həm də xətrini istədiyin bütün insanlara nəsiyyətin, vaxtında qələmə alınmış bir vəsiyyətin idi…

Mən «xətrini istədiyin» dedim və əlbəhəl də düşündüm ki, sənin xətrini istəməyən bir adam var idi ki həyatda? Tək-tək bədxahları, əqidəsi çürükləri nəzərə almasaq, bütün insanlar sənin palıd, polad, əyilməz əqidənin, mərdliyinin, kişi dön­məzliyinin, qətiyyətinin vurğunu idilər və sənlə bir gün təmas­da olan, yaxınlıq edən hər bir kəs özündə müsbətə doğru bir də­yişiklik, bir çevriliş olduğunu hiss etməyə başlayırdı…

Məni də sənə yaxınlaşdıran, hələ özünü tanımadan sənin vurğununa, pərəstişkarına çevirən və nəhayət aramızda ustad-şəyird, bir ata-bala münasibəti yaradan da elə sənin yuxarıda misal gətirdiyim «Yıxılma» rədifli qoşman olmuşdur. Şerindəki mənəvi yaxınlıq, kişilik tövsiyəsi, ərlik deyimləri sonradan Səni mənim mənəvi atama çevirə bildi…

«Döz ürəyim, döz dağlara dönüncə» adlı ağrılı-acılı, nis­gilli, haqsızlığa və ədalətsizliyə qarşı bir harayla və üsyanla  dolu olan kitabında gedəcək şerləri varaqlayıram. Oxuya-oxu­ya Səninlə sən dünyanı dəyişməzdən bir gün əvvəlki söhbətlərimizdən həmin bu kitabla bağlı bəzi fraqmentlər gəlib keçir xəyalımdan.

…Səninlə nə qədər söhbətləşib-dərdləşmişdik, bilmirəm, nəhayət gün əyiləndə qalxdım. «Sən bir az uzan dincəl, mən isə evə gedim, sabah yenə gələcəyəm», - dedim. Tez dilləndin ki, «sabah yox, bazar günü gələrsən. O vaxta kimi də bir az ba­bat­laşaram, nəşriyyata verəcəyimiz kitaba bir yerdə bir ön söz yazarıq. Sonra aparıb kitabı nəşriyyata verərsən...»

Onda May ayının 19-u idi. Bazar gününə – ayın 22-ə hələ üç gün qalırdı. O vaxt nə Sənin, nə də mənim ağlımıza gəlməzdi ki, bazar gü­nü mən sizə Səninlə ön söz yazmağa yox, artıq Sənsiz dün­yanın üçüncü gününün ağrısını bölüşmək üçün gələcəyəm...

Dəvət etmədinsə də sabahısı gün sənin yanına qayıdası oldum. Bu fani dünyanı tərk etməyin haqqında müdhiş xəbəri eşidib necə yanına süründüm, necə uçdum, heç özüm də bilmədim. Yol boyu özümü inandıra  bilmədiyim acı bir həqiqətlə barışmağa tələsdim… Çatmadım. Məni həmişəki kimi ayaq üstə yox, uzanalı qarşıladın. «Ay dədə» fəryadımı, yüzlərlə in­san selinin iniltisini və sızıltısını  eşitmədin. Yüzlərə tanıdığım və tanımadığım insanların əhatəsində Səni son mənzilə yola saldıq...

Bu gün artıq neçə həftədir ki, aramızda yoxsan. Biz birgə yazmağa qərarlaşdığımz müqəddiməni indi Sənsiz necə yazım? Səni bizdən ayıran 23 gündə 23 saniyə belə sənsiz olmadığıma inan, Ustad!

Indi də Səninlə üz-üzə oturmuşam. Bircə fərq ondadır ki, qarşımda indi yalnız iş otağımın divarından asılmış portretini, üzgün xəyalını və bir də önümdə qalaqlanan və sanki mənimlə söhbətləşmək istəyən  şerlərini görürüəm. Səninlə sənsiz beləcə dərdləşə-dərdləşə, söhbətləşə-söhbətləşə bu yazını yazmaq yəqin alın yazımmış mənim...

Şerlərinin arasından qulağıma  ətrafı lərzəyə gətirən səsinlə və az qala yarım əsr yaşı olan misralarını eşidirəm:

Kim deyir ki, bir oğulu
Doğa bilməz iki ana.
Heç uzağa getməyiniz,
Mən timsalam bu gün ona.
Bir anam kürd, bir anam od –
Odlar yurdu Azərbaycan.
Hər birinin yolunda mən
Göz qırpmadan verərəm can.
Kürd anama sataşanı
Diri-diri soyaram mən.
Od anama daş atanın
Gözlərini
oyaram mən!

Sənin bütövlüyünün, əqidə saflığının, doğulub boya-başa çatdığın torpağa, orada yaşayan insanlara qarşı olan sevgi və yanğının tərənnümü kimi qələmə alınmış bu qəbildən olan aramsız ürək çırpıntılarını hər şerinin misralarında ovcumun içi kimi açıq-aşkar hiss edirəm. Vətəni və Xalqı sevmək haqqında dərs vəsaiti olsay­dı Sənin poeziyanın saysız-hesabsız şah beytləri bu dərsliyi bəzəyərdi. Bu cilalı misralara köçmüş fikirlər və duyğular uzun müddət udduğun dağ havası kimi saf, daddığın narzan bulaqlar kimi dup-duru, Ay kimi işıqlı və Günəş kimi  hərarətlidir. Son yazılarına diqqət yetirirəm. Öm­rün vəfasına inamın azalsa da Allahın mürvətinə min şükür edirsən. Nə­sihətlərinin çoxunu artıq vəsiyyətlər əvəz edir. Onları yalnız öz övladlarına yox, hamıya ünvanlayırsan. Ömrünün son günlərində də əqidə dönməzliyinin və yüsək vətəndaşlıq möv­qeyinin şahidi oluram. Ömrün boyu yarınmaqdan uzaq oldun, özün demişkən, «arxanı ellərə söykədin, yıxılmadın», böyük hərflərlə yazılan Kişi adını ləyaqətlə daşıdın. «Gündəlik»lə­ri­nin son səhifələrindəki növbəti vəsiyyətin diqqətimi cəlb edir:

Hər kürdə edirəm bunu vəsiyyət,
Meydana çıxsa da bəd, qara niyyət,
Onlara verməyin siz əhəmiyyət,
Hər vaxt sadiq olun Azərbaycana,
Doğma ana deyin həmişə ona...

Sənin böyüklüynün və ucalğının pillələrinə bir-bir qədəm basdıqca zirvələrin Səndən nə qədər aşağıda olduğunun şahidi oluram, Ustad! Səninlə söhbətləşdikcə vücudun kimi nəhəngliyin də mənə əlçatmaz görünür. El dərdinə Sənin kimi yanan 7 oğul istərdim ki, basılan torpaqlarımızın həyasız düş­mənlərdən silib-süpürək. Yalnız Sən olmaq lazımdır ki, dər­din-qəmin ağırlığını bu həssaslıqla misralara köçürəsən və eyni zamanda bu ağırlığa Kişi dəyanəti, ər mətanəti ilə dözə biləsən:

Dərdimin dərdinə dərdim ağlayar,
Qəlbimdə bitibdi, dərdim ağlayar.
Düşmən tapdağında qalıb yurd-yuvam,
Dəryadan dərindir dərdim, ağla, yar.

Çox deyirdin «Kəlbəcərsiz haqqım yoxdur ölməyə». Zalım fələk bu haqqı Sənə qıymadı. Ilyas Tapdığın təbiri ilə desək, Əzrayıl da Səndən azı 50 il öncə yazdığın bənd üçün öz  hayıfını aldı:

 Amandı, Şamili eyləmə zayıl,
Gözün can almağa hamıdan qayıl.
Mən də can alanam deyən Əzrayıl
Bircə baxışından xəsarət çəkər.

Ancaq Əzrayıl həmişə olduğu kimi bu dəfə də namərd çıxdı. Axı Sən ona könüllü olaraq öz doğulduğun torpaqda təslim olmaq istəyirdin:

Özgəsiylə nə işim var,
Əzrayıldan xahişim var:
Vaxtım yetsə, dağa apar,
Al canımı yay səhəri,
Hardan alım Kəlbəcəri?

Bir beytində isə onsuz da Kəlbəcərsiz varlığını şübhə altına qoyursan:

Dağa necə uçum, balü-pərsizəm,
Hələlik meydanda şiri-nərsizəm.
Neçə ki yurdsuzam, Kəlbəcərsizəm,
Şamil Dəlidağ yox, yalan Şamiləm.

Kimə lənət oxuyum ki, doğulduğun torpağa qovuşmaq arzunu gözündə qoydu Sənin! Bir zaman anan dünyasını dəyişəndə onu sandıqda şəhər torpağına müvəqqəti tapşırdın, ən müqəddəs arzun isə onun nəşini dağlarda qəribsəyən ata qəbrinin yanına köçürmək idi. Çoxları inanmasa da, Sən inanırdın ki, torpaqlarımızı düşmən tapdağından azad etməyi bacaraca­ğıq. Bu arzunu da  özünlə apardın və  ananın müvəqqəti dayanacağı yanında əbədi sıgınacaq tapdın. Və bu yerdə bir cümə ax­şamı məzarının başında düşündüklərimdən yadıma düşür:

Hər əsən sərt külək yıxmazdı Səni,
Arzusu, əməli dağ aşan Kişi!
Həvəsin dünyaya sığmazdı Sənin,
Kiçik, dar məzara sığışan Kişi!

…Kəlbəcər həsrəti qəlbin deşsə də,
Doğma yurd qəmiylə qəlbi bişsə də,
Ata məzarından ayrı düşsə də,
Ana torpağına qarışan Kişi!

…Ad-san aldın qeyrət bazarlığında,
Baş olsan da millət yazarlığında,
Dəfn olundun bir kənd məzarlığında,
Fəxri Xiyabana yaraşan Kişi!.. 

Əslində vətənin torpağı hər yerdə müqəddəsdir, istər kən­ddə, istər altunlarla bəzənmiş xiyabanlarda. Fəxri Xiyaban da mənə bu dağ boyda itki üçün çox cılız təsəlli ola bilərdi. Sənin böyüklüyün qurub və qoyub getdiklərinlə, yazıb-yarat­dıq­larınla, yaddaşlarda və ürəklərə həkk elədiyin mənəvi də­yərlərlə ölçüləcək.

Sən sözün əsl mənasında dayanmadan haray çəkirsən. Torpaq yanğısı ilə qovrula-qovrula milləti «vətən üstə köklən­məyə» çağırmaqla yanaşı söz pəhləvanlarını və digər boşbo­ğazları sözdən işə keçməyə haraylayırsan:

Demə el yükünü mən də çəkərəm,
Nə qədər çəkmisən, sən onu göstər.

Və yaxud:

Söyləmə tökərəm düşmən gözünü,
Nə qədər tökmüsən, sən onu göstər.

Sən daim çarpışmadaydın – odla-alovla, şərlə-böhtanla, zalım­lıq və haqsızlıqla , nadanlıq və namərdliklə:

Harınlar min illər xalqı edib qul,
Qızılla, gümüşlə məzələnibdi.
Toyu da nimdaşda keçirib yoxsul,
Öləndə paltarı təzələnibdi.

Yüz insan ömrünə yerləşməyən gördüyün və qurduğun işlərlə öyünməyə haqqın var idi. Lakin Sən son gününə qədər nə qurub-yaratmaqdan, nə də yazıb-yaratmaqdan doymadın. Üç dəfə infarkt keçirən ürəyinin nəbzini tutanda dəhşətə gəlirdim, Sənin həyat eşqi ilə, dayanmadan yaratmaq eşqi ilə dö­yü­nən ürəyinin gur vurğuları məni riqqətə gətirirdi, ustad! Bəli, Sən ya­şamırdın, Sən yaradırdın. Yoxsa Ulu Yaradanla bəhsə girirdin? Bilmirəm. «Insan əli boz tikanı istəsə gülə döndərər» misralarını yazsan da insanın bir «cansız» buğdanı da yarada bilməməsindən təəccüblənirdin…  

Sən Ulu Tanrı qarşısında daim hesabat verirdin və ona bəlli olan hər bir şeyi onun bəndələri üçün qələmə alırdın. Yaxşı bilirdin ki, nəyin nəçiliyi, kimin kimliyi onsuz da Allahdan gizli deyil...

Ömrünün yaxın sonunu görsən də belə həyata keçirmək istədiklərinin nəhayətsizliyi qarşısında usanmırdın. Yalnız bu nəhayətsiz arzularını reallaşdırmaq naminə Ulu Tanrıdan imdad istəyirdin:

Mən Şamiləm, Ulu Tanrı özü mənə kömək etsin,
Yer üzündə başqa kəsdən imdad, pənah istəmirəm.
– deyirdin.

Sənə ürəyinin gur çırpıntılarını və bəzən də pıçıltılarını  misralara köçürmək azlıq edirdi. Son günlər ürəyinin odunu qoyduğun Diyarşünaslıq muzeyinin ikinci dəfə oyanışı və yaranışı üçün adət-ənənələrimizi yağlı boyalara və gil fiqurlara köçürməkdə davam edirdin. Sən Günəşlə də yarışa girməyə hazır idin, fəqət öz əməllərini zərrə hesab edirdin:

Günəş zərrəsinin mindən biriyəm,
Bitsə də zəmidə min dən, biriyəm...

Yaman tələsirdin. Sən zamanla da yarışa çıxmışdın və bir anda yüz ilin işini görmək iddiasında idin:

Şamil, igid olan döşünə döyməz,
Min hünər göstərib özünü öyməz.
Adam var yüz ili bir ana dəyməz,
Adam var yüz ili yaşar bir anda.

Düşünürəm ki, hər hansı bir anında şair dühan bəşəriy­yə­tə şahanə misralar bəxş edə bilibsə və onlar min illər bundan sonra gələcək nəsillərin yaddaşlarına həkk olunacaqsa, bir anda yüz ili yaşamaq möcüzəsi Sənə qismət olub. Bu möcüzənin Sənin timsalında baş verdiyinə zərrə qədər şübhəm yoxdur.  

Səninlə söhbətləşməkdən doymuram. Ömrünün qürub ça­­ğında da əvvəlki həvəslə coşub çağlayırdın, ustad. Nə həyata, nə insanlara, nə də dostlara olan ümidin qırılmırdı bir an da.  Bu gün hansı səbəblərdənsə Sənin cilalı söz incilərinin, sənət gövhərlərinin üstünü mamırlamaq istəyənlərin za­ma­nın sına­ğın­da itib-batacaqlarına həmişə əmin idin:


Qoy ruhdan düşməmək olsun hünərin,
Qədri bilinəcək bir gün gövhərin.
Şamil, işə düşər söz əlçimlərin,
Həyatın əyirən cəhrəsi də var.

Əminəm ki, bu dünyanı şərafətləndirdiyin kimi o dünya­ya da meydan oxuya-oxuya şərafət aparmısan, ustad. Nahaq deməyiblər ki:

Ömür var ki, ölüm qədər zəhərli,
Ölüm var ki, ömürdən də dəyərli.

Sən mənəviyyat və yüksək amallar uğrunda mübarizə şə­hidisən. Sən bu şəhidliyə həmişə hazır idin:

 Bu Şamilin haqq səsidir:
Dünya insan məhbəsidir.
Əcəl zəhər çeşməsidir,
Hamı ondan içəsidir.

Dünya bu gün sanki yetimləşib Sənsiz, yazıqlaşıb, fa­ğır­laşıb Sənsiz! Bilirəm ki, uzun müddət dünyamızın ədəbi aləmin qaməti düzəlməyəcək Sənsiz. Sənin kimi ömür yolçularına, ölümüylə ölümün özünü belə şərəfləndirən, ölümündən doğulanlar üçündür bu misralar:

Bax, Sənə  yaraşır – yaşadım demək,
Belə yaşayasan yaşayanda da...

Sənsiz Səninlə etdiyim söhbətimə beləcə nöqtə qoymaq istəyirəm. Ömür-gün yolunun ah-amanı, fəryadı, hay-harayı ilə dolu olan «Döz ürəyim, döz dağlara dönüncə»nin harayına qoşulub sabah söz-sənət bağ­ça­nın dərinliklərinə təkrar-təkrar baş vurmaqdan ötrü ayağa qalxıram. Bir daha üzümü divardan asılmış, bu neçə saatda mə­nimlə həmdərd olan şəklinə üz tutub deyirəm: Allah Sənə rəhmət elə­sin, Ustad! Nə yaxşı ki, yazıb-yaratdıqlarınla, qurub qoyduq­larınla, işıqlı mənəvi dün­yanla bu fani dünyamızı zinətləndirdin... Yoxsa...

13 iyun 2005-ci il.

Ələmdar Cabbarlı, Şair BDU-nun müəllimi                                      Daş qartal

 

20-ci əsrin ortalarında Azərbaycan ədəbiyyatına səsiylə, nəfəsiylə, seçilən bir şair gəldi və dedi ki:

Mən Sənə – dünyaya yetirdim nəzər,
Tay tapa bilmədim Azərbaycanım.
Arazına bənzər, Kürünə bənzər
Çay tapa bilmədim, Azərbaycanım!

Sonu var, olsa da ömrümüz ləziz,
Şamiləm qoynunda bəs nə qoyum iz.
Qurbanın olmağa canımdan əziz –
Pay tapa bilmədim, Azərbaycanım!

Şamil Dəlidağ bunları sadəcə olaraq demədi. Əməliylə sübut elədi, yaradıcılığı ilə sübüt elədi. Şamil Dəlidağın həyat fəaliyyəti, yaradıcılığı haqqında saatlarla, günlərlə danışmaq olar. Hələ neçə illər bundan əvvəl onun haqqında ustad şair Məmməd Aslan yazırdı:

Qovrulan səhrasan, qəlbin təşnədir,
Dəlidağ işğalı sənsiz heç nədi.
Sən ulu bir dağsan – təbin seçmədi,
Nə qədər dinləsək doymarıq, Şamil.

Kəlbəcər, Dəlidağ Şamilsiz heç nə olduğu kimi, onun özü də o yerlərsiz hardasa bir az kövrək görünür, əzəmətsiz görünür. O, Kəlbəcərdə olanda daha əzəmətli, həyatda daha inamlı idi. Onu Kəlbəcərin zirvələrində qartala bənzədirlər. Daş Qartal! Onun haqqında bu ifadəni Məmməd Araz söyləyib:

O daşdan yoğrulub dağ zirvəsində-
Baxışı qəzəbli, duruşu məğrur.
Elə dartınır ki, yan-yörəsindən-
Qoca qartallar da uçmağa qorxur.

Sözü hədəf gəzir göy tağlarında,
Uçmağa tələsir – mənzil uzaqdır.
Deyirsən bu saat caynaqlarında-
Dağı da havaya qaldıracaqdır!

Nə yazıq ki, Şamil Dəlidağ Kəlbəcərin havasının, suyunun, gül-çiçəyinin ona daha çox lazım olduğu günlərini Kəlbəcərdən uzaqlarda yaşayır. Onun Bakı həyatını, qaçqın həyatını Mürvət Qədimoğlu belə  təsvir edir:

Kəlbəcərsiz ömrə yoxdur həvəsi,
Kədər naxışlıdır ömür gəbəsi.
Düz yolu getməyə çatmır nəfəsi-
Bakı bürküsündə boğulan Şamil.

Şamil Dəlidağ Kəlbəcəri Azərbaycana tanıtdırdı, dünyaya tanıtdırdı. Onun təbii sərvətlərini, adət-ənənələrini tanıtdırdı, sevdirdi.

Şamil Dəlidağ Kəlbəcəri həm də min bir əziyyətlə yaratdığı Kəlbəcər muzeyi ilə də tanıtdırdı. Təkcə bu muzeyin yaradılması ən böyük ehtirama – ən böyük alqışa layiqdir. Onun ən böyük güc mənbəyi, təsəllisi elinin-obasının ona olan məhəbbətidir.

Bu məhəbbət heyrət olunacaq qədər uludur, məlhəmdir. ...Bir epizodu xatırlatmaq istəyirəm. Bildiyimiz kimi, Şamil Dəlidağ ömrünün müəyyən dönəmində haqsızlığa tuş gəlmiş – məhbəs həyatı yaşamışdır. ...Və günlərin birində Şamil Dəlidağ həbsxanadan çıxıb doğma kəndinə gəlir. Həmin vaxt bir ananın cavan bir oğlu faciəli bir şəkildə həlak olmuşdu. Şamili görən ana oğlunu bir yana qoyub, onun yanına gəlir və deyir ki, sən azadlığa çıxdın, sən gəldin, mən oğul dərdimi unutdum, hesab elədim ki, öz oğlum gəlib. Bu heyrətamiz, bu ibrətamiz hadisəni Azərbaycanın böyük şairi Xəlil Rza Ulutürk qələmə almışdır:

Oğlu ölən bir ananı səni öpən, qucan gördüm,
Can Şamilim, sən gəlmisən mən unutdum müsibəti.
Qoy əyilim, qurban olum ayağının tozuna da,
Mənim yasım toya döndü – sən gətirdin bu hörməti.
Ortalıqda qara tabut – gözü yaşlı ana gülür.
Şamil, hansı xoşbəxt görüb bu boyda el məhəbbətini?

Bu gün də Dəlidağı yaşadan, ona təsəlli verən xalqın ona olan təmənnasız məhəbbətidi.

Yazımı Sücaətin onun haqqında yazdığı fikirlərlə bitirmək istəyirəm:

Qoy tərlan xəyalın göydə dolansın,
Qoy sözün-söhbətin eldə dolansın.
Qoy səsin həmişə zildə dolansın –
Endirmə nəğməni bəmə bir belə…      

«Kaspi» qəzeti, 17 noyabr 2004-cü il

 

Baba Mahmudoğlu, Xalq artisti

 

Bir şerin analizi

Şamil müəllim söz dünyasının heyrətli və möhtəşəm bir sarayıdır. Mənə yaxın olan fəlsəfə  Allah-talanın bəşər övladına göndərdiyi ağıl və söz burulğanından ibarət  olan şahmat oyunudur.

Şamilin fəlsəfəsi daha mürəkkəbdir, onun söz sarayı qeyrətdən qurulub, qeyrət bu insanın şah damarında, mənəvi varında, genində, bətnində, özündə, sözündədir.

Iki paralel müqayisə aparacağam. Metalda elektronların nizamlı düzülüşü cərəyan deməkdir, başqa sözlə cərəyan elektronların nizamlı düzüm müstəvisində başlayır. Şair insanlara fəhmlə göndərilən söz düzülüşündəki simfoniyanın bir növüdür, Şamil müəllim boyda  söz mülkünün bir növüdür. 

Mən onun şerlərini çox ifa etmişəm. Hətta onun ən ağır məqamında da şerlərini televizionda oxumuşam:

Gözəl, hüsnündəki o gözəlliyə,
Baxsa gül-çiçək də xəcalət çəkər.
Bəs onda de görüm, bu yazıq canım
Mən sənə baxanda nə halət çəkər?

Allah-talanın o xilqətində iki canlı var ki, onlara utanmaq qabi-liyyəti, xəcalət çəkmək qabiliyyəti verib: onun biri güldür, o birisi isə əşrəfi-insandır. Hər ikisinin xəcalət çəkmək qabiliyyəti ilə biz yuxa-rıdakı bənddə tanış olduq. 

Həsrətin çoxların eyləmiş xəstə,
Hər rəssamam deyən düşsə də qəsdə,
Gözəl camalını ağ kağız üstə
Rəfaeldə ola məharət çəkər.

Yenə də dünyəvi və bəşəri maksimallıq. Dünyanın ən böyük sənət əsərlərini yaradan rəssamın fırçasının acizliyi Şamilin gözəlinin əlçat-mazlığından xəbər verir.

Qamətin dastandır dildə ağızda,
Görsə səni Şirin,  o pəri qız da,
Gözəllər hesabı olan kağızda
Öz adı üstündən qara xətt çəkər.

Əzizlərim, inandırım sizi, bütün dünya gözəllərini bilgisayarın yaddaşına vursan, həmən yaddaşın düz yarısını Şamilin gözəli tutacaqdır.   

Amandır Şamili eyləmə sail,
Gözün can almağa hamıdan qail.
Mən də can alanam deyən Əzrail,
Birgə baxışından xəsarət çəkər.

Allah-talanın bəşər xilqətini müvəqqəti dünyadan əbədi dünya ilə birləşdirən bir tiresi var ki, ona da  ömür tiresi deyirlər, o tireni açıb-bağlayan Əzrailin özünün də tərbiyə metodunu tapıb Şamil müəllim.

Şamil müəllim şer dəryasının limanında dayanan böyük bir okean gəmisidir. Çox şairlər arzu edərdilər ki, Şamil müəllimin bü nəhəng gəmisinin kayutalarında özlərinə yer tapsınlar. Sən Azərbaycan şairinin Fərhadısan, Şamil müəllim, xəmirin qeyrətlə yoğrulub:

Nədən şerimizin baş qəhrəmanı
Gah Irandan gəlir, gah da Turandan?...

Bizim çox qəribə mənəviyyat strukturumuz var. Şamil müəllim əgər Avropa ölkəsinin şüur və mənəviyyat müstəvisində dayanan bir xalqın oğlu olsaydı, ona sağlığında böyük bir heykəl ucaldardılar. Nə yaxşı ki,  yaxşılar var...