Şamil Əsgərov (Dəlidağ)

Bəkir Nəbiyev, Akademik

1975-ci il idi. Səməd Vurğunun 70 illik yubilyi münasıbət ilə Kəlbəcərə getdik. Nümayəndə heyətinin tərkibində akademik Kamal Talıbzadə, xalq şairı Vaqıf Səmədoğlu da var idi. O vaxtkı nə raykom katibləri, nə icrakom sədrləri yadımda qalmayıb. Heç vaxt yadımdan çıxmayan isə Kəlbəcərin Azərbaycan Respublikasının paytaxtındakı fövqəladə və səlahiyyətli səfiri kimi tanınan Şamil Əsgərovdur...

...Mənim xatirimdə bu kişinin bir muzeyi qalıb, bir kitabxanası qalıb, bir də özünün xarakteri qalıb. 3 gün, 3 gecə bizi Bakıya gəlməyə qoymadı və səhər-axşam bizdən ayrılmadı. "Qoçdaş" yaylağından tutmuş İstisuya kimi dağ-dağ, qaya-qaya, çiçək-çiçək, bulaq-bulaq Kəlbəcəri bizim qəlbimizə-ürəyimizə əbədilik yazdı Şamil müəllim...

...Onun kitabxanası həqiqətən də nadir kitabxana idi və Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş mərhum ədəbiyyatşünas Məmmədəli Əsgərovun kitabxanası ilə müqayisə oluna bilərdi. Həm minlərlə rəngarəng kitabların olması ilə, həm də nadir əsərlərin olması ilə. Şamil müəllim həm filoloq, ədəbiyyatşünas və diyarşünas idi. Onun kitabxanasında SSRİ Elmlər Akademiyasının o zamankı həqiqi üzvü Levandovskinin özünün əll xətti ilə yazıb hədiyyə etdiyi kitabı gördüm.

...Orda  maraqlı bir hadisə oldu. Söhbət arası Şamilə dedim ki, 1963-cü ildə buraxdığım "Firudin Köçərli" kitabımdan dost-tanışa bağışladım və indi məndə bir nüsxə də qalmayıb. Yadımdaydı ki, ondan bir nüsxə dostum Şamil Əsgərova da bağışlamışdım. O bu barədə xatırlatdı, ancaq bir şey demədi. Sonra bildim ki, özü də cəmi 2800 tirajla çixan həmən kitabdan Akademkitabdan alıbmış.

...Bizi yola salanda  o, hərəmizə bir Lənkəran zəmbuli dolusu öz bağının nazı-nemətlərindən ibarət pay qoymuşdu. O payın içindəki özünün becərdiyi beçə balənın dadı hələ də mənim damağımdadır. Bakıya gəldim və təbii ki, payımı açdım, orda nələr var idi - məlum şeydi. Payımın içindən bir kyab da çıxdı, özümdə olmayan öz kitabım: Baəkir Nəbiyev "firudin Köçərli", 1963. Tez kitabı açdım. Orda bir yazı var idi: Bəkir Nəbiyevə onun öz kitabını hədiyyə edirəm". Bu nadır nüsxə məndə indı Şamılın ən əziz yadigarıdır...  

Budaq Budaqov, Akademik

Şamil müəllimlə 60-cı illərdə Səfəralı Babayevin vasitəsi ilə tanış olmuşam. O vaxtdan indiyə qədər onunla aramda olan dostluq, səmi-miyyət davam edir. Şamil müəllimi sədaqətli, etibarlı, təvazökar və heç bir təmənna güdməyən dost hesab edirəm. Mən Şamil müəllimin yara-dıcılığını Azərbaycan poeziyasının ayrılmaz tərkib hissəsi hesab edirəm. Mən onu 20-ci əsrin 2-ci yarısında orjinal poetik təfəkkürə malik olan bir şair kimi tanıyıram. Şamil müəllim özünə məxsus yol seçmiş, orjinal və anoloqu olmayan poetik formalardan istifadə etmiş və beləliklə bir çox bənzərsiz poeziya nümunələrini xalqımıza bəxş etmişdir.

Onun dodaqdəyməzlər silsiləsi meydana çıxanda dilimizin nə qədər poetik imkanlara malik olduğunun şahidi olduq.

Mən Şamil müəllimi gözəl bir etnoqraf və folklorşünas, xalqımızın adət-ənənələrini dərindən bilən bir şəxs kimi tanıyıram. Kim Şamil Əsgərovun  Şəhriyarın «Heydərbabaya Salam» poemasına yazdığı nəzi-rəni oxumayıbsa o çox şey itirib. Orda təsvir olunan kənd həyatı, adət-ənənələrimiz, sadə insanların məişəti, həyat tərzi və mənəvi dünyası öz poetik təsvirini tapıb.

Mən onu çox məşhur bir botanik kimi, dərmanşünas və təbib kimi tanıyıram. O, dağlarda bitən bütün çiçəkləri və bitkiləri şerə gətirərək həm ana təbiətə oxucu sevgisi aşılayıb, həm də onların dərman key-fiyyəti ilə bizi tanış edib.

Şamil müəllimi mən həm də yüksək səviyyəli, dərin, həddindən artıq hövsələsi və dözümü olan tədqiqatçı kimi tanıyıram. Onün Kürdcə-Azərbaycanca, Azərbaycanca-Kürdcə yaratdığı lüğət bir elmi tədqiqat institutunun bir neçə şöbəsinin uzun illər birgə yarada biləcəyi  bir ədəbi-elmi məhsuldur. Bu əsərlər Azərbaycan elminə ən yüksək hədiy-yələrdən biridir.

Mən Şamil müəllimi çox böyük ölkəşünas kimi tanıyıram. Onun yazdığı əsərlərin bir çoxu Azərbaycana, Azərbaycan  torpağının bir güşəsinə – Kəlbəcərə həsr olunub. O, həm o dilbər guşənin təbiətini, etnoqrafiyasını, adət-ənənələrini oxuculara çatdırır, tanıtdırır və həm də onu sevdirməyi bacarır. Şamil müəllim Kəlbəcərin təbliği baxımdan çox böyük işlər görmüşdür.

Mən Şamil müəllimin yaradıcılığı ilə az-çox tanışam və bu barədə «Elm» qəzetində məqalə də dərs etdirmişəm və orda onun nova-torluğuna  və Azərbaycan poeziyasında yeni bir nəfəs  gətirməsi məsə-lələrinə toxunmuşam.  Onun şerləri və digər əsərləri Azərbaycan poeziyasına dərin köklərlə bağlıdır.

Biz coğrafiyaçılar, geoloqlar Şamil müəllimi ən ali mineroloq kimi tanıyırıq. O, Kəlbəcərdə olan bütün mineralları yaratdığı muzeyə top-lamışdı.  Keçmiş SSRI-də olan bir çox mineroloqlar bu işlə tanış idilər və Şamil müəllimə deyirdilər ki, bu muzeyə görə onu geologiya-minerologiya doktoru  kimi görmək istərdilər. Bu yorulmaz tədqiqatçı Ali Atestasiya komissiyasının qərarı olmadan mineralogiya elmləri doktoru səviyyəsinə layiq və qalxan bir şəxsdir.

Şamil müəllim öz  çoxşaxəli fəaliyyəti ilə həm poeziyamızda, həm də elmimizdə çox boşluqları doldura bilmişdir və müstəsnalığı ilə seçilmişdir.   

Cəmil Əlibəyov                                                                            Nə yaxşı ki, Şamil varmış

Sevginin bir anı bütov bir ömrün əbədi həmdəminə dönür. Bizlər isə budur yarım əsrdir ki, Şamil Əsgərov sayəsində Azərbaycanın dilbər guşəsi Kəlbəcəri sevməkdə davam etməkdəyik. Və güman edirik dağlar diyarına bu məhəbbəti - öz izini neçə-neçə nəsillərin zəkasında və qəl-bində saxlayacaq bu dəyərlər Azərbaycan torpağını nəinki təbii  gözəl-liyi, həm də, bax  elə şamillərin şəxsiyyət nümunəsində ziynətləndirə-cəkdir.

Şamil Əsgərov heç kəsə bənzəmir. XX əsrin çoxunu yaşamış, neçə-neçə epoxanın odu-alovu, soyuğu-şaxtası içindən qanadlanıb uçan və sıxılıb üzülən insanların arasından keçən bir şəxs bunu təsdiq və təqdim etmək üçün özünü çox sorğu–suala tutmalı olmuşdur.

O, adi vətəndaşdırmı? Bunun önünə hökmən bir böyük sözünü əlavə etməli olursan. O, şairdirmi? Şairlər səma əhlidir, onun ayağı isə yerdən heç zaman üzülməyib. O, ədəbiyyatşünas-dilçi alimdirmi? Təd-qiqatçıya məxsus səbrli və soyuq beyin məhsulunun hər cümləsinə qaynar qəlbin bol-bol hərarətini hopdurub. O, geoloqdurmu? Onun axta-rışlarında süxurlar sehirləşib dil açır. O, memardırmı? Memar kimi elə imarət ucaldıb ki, onun bir daşını barmaqlarının ucu ilə cilalayıb, özü hörgüyə düzüb. O, «muzey atası»dırmı? O bu yolda neçə dəmir çarıx dağıdıb, nadir bir tarixi əsər yaradıb. O, müəllimdirmi?

Hələlik bu adla çığırılır: Şamil müəllim! Azərbaycanşünaslıqda biz ondan çox şey öyrənmişik. Ən ümdəsi də odu ki, «xalq» «vətən» deməkdən dilləri qabarlamışlardan fərqli olaraq, o, yetmiş ildir ki, çiçək-çiçək, tikan-tikan gəzərək vətəni şirinləşdirən bal toplayır, ancaq özü bu mənəvi ballardan doyunca yeməyir, bizlər səmərə alıb, Azərbaycana necə xidmət etməyi ondan öyrənmişik.

Bu sətirlərin müəllifi Şamil Əsgərov obrazı timsalında zəma-nəmizin qəribə insanını indiki və gələcək oxuculara təqdim etmək istə-yib. Ancaq ehtiyatlanıb. Bir neçə elmin, bir neçə dilin bilicisi, bir neçə peşənin sahibi haqqında yazarkən, ən vacibi kölgədə qala bilər. Hər şeyin çəkisi, ölçüsü, nizamı olduğu təki insan istedadı da kainat qədər sonsuz deyil. Oxucunu necə inandırasan ki, Tanrı Şamilə istedadı dördəlli hüdüdsuz bir səxavətlə verib. Onun qabilliyyətlərini, gözəl-liklərini, güman edirəm ki, heç, doğulandan çiyninə qonmuş Mələk də Əməl dəftərinə sığışdıra bilməyib. Bəlkə də Xudavəndi-aləm onun dedikləri ilə qane olmayıb soruşacaq: bəs sonra?!

Mən bu «sonra» haqqında mülahizələrimi söyləməyə çalışacağam. Bu şərti də əvvəlcədən kəsmək istəyirəm ki, mənim adda-budda, havi-zəmə güvənib deyəcəklərim, olsa-olsa Şamil dəyərlərinin nümunə-ləridir, ağnağazıdır. Bunları mən neçə-neçə nəsillərin çox yaxşı inandığı, qiymətləndirdikləri insanın adını yüksəltmək, onun abidəsinə yeni bir naxış vurmaq üçün demirəm. Bunlar gerçəkliklərdir.

Mən borclu olduğum insandan ahıl yaşımda hallalıq almaq istə-yirəm. Dünyadan köçmək ərəfəsində, böyük Sabir dediyinə istinad etməklə:      

Istərəm ölməgi mən ləyk qaçır məndən əcəl,
Gör nə bədbaxtəm, əcəldən də gərək naz, çəkəm.

Bəlkə «naz çəkmək» dözümü ona görə imiş ki, ah, nə qədər insana borclusan! Bu borc yükünü çiynindən atmamış hara gedə bilərsən!

Indi mən hələlik, romanı kağız üzərinə köçürmüşəm, Şamilin mənim həyatımda nə kimi dönüşlər yaratdığını xırdalayıram. Bir haşiyə çıxmalı olacağam. Anam haqqında üç roman yazıb çap etdirəndən sonra xeyli təskinlik tapmışdım ki, borcumu sağ ikən verə bilməsəm də, ruhi qəribçilikdə olarkən bunlardan xəbər tutdum, onun üçün borclarımın heç olmasa sözlə qaytara bildiyim üçün məni bağışlayar. Payımın azlığına-çoxluğuna baxmaz. Bacardığım bu olub...

Ancaq indi mənim analı dünyamı vərəqlədikcə, narahatlıq keçi-rirəm: «bəs filan məsələ haqqında, filan iş haqqında... niyə yazma-mışam?! Anam, axı mənim təsvir etdiklərimdən qat-qat yuxarıda dayanır».

Şamil haqqında romanı tamamlamaq qorxusu da bax, buradan irəli gəlir. Qədərincə söz deyə biləcəyimə gümanlana bilmirəm.

Son vaxtlar Şamil Əsgərovdan söz düşəndə, yaratdığı muzey haqqında, bu möcüzə ilə Şamili qiymətləndirib «muzeyin atası» adlan-dırırlar onu. Sənət dostlarım məni bağışlasın. Mən hətta ona yunan tarix-çisi və cografiyaşünası Herodota verilən adı da, «Dağ eli tariximizin ata-sı» deyərdim. Vallah, bu comərdlik yox, xəsislik olardı böyük insan haq-qında tərifnamədə.

Başqa məziyyətlərini demirəm, arxeoloq, etnoqraf kimi, yeraltı dəfi-nələri tapıb aşkara çıxarıb, Kəlbəcər qaya rəsmlərini qədimliyimizə yeni bir şahid kimi tarixə salıb. Vəssəlam?! Yox, mən ixtisasca tarixçiyəm, ilk çap olunan povestim «Qayaların göz yaşı»nın da ilk sətirləri Istisuda yazılıb. Və Şamilin daşların hekayətləri barədə söhbətləri, Xaçmazda haqqında eşitdiyim «yeddi qız» rəvayətini ürəyimdə elə canlandırdı ki, istirahətimin yönünü dəyişdi, mən qayalıqları, daş hikmətlərini öyrənməyə vadar oldum. Və etiraf etməliyəm ki, bir vaxtlar cavan bir qəzetçi kimi Kəlbəcərə ezamiyyətə getməsəydim, nəinki bu dağlar diyarına, bütövlüklə Azərbaycana istəyim, sevgim natamam olardı. Çünkü Kəlbəcər təkcə füsünkar gözəlliyi – diş göynədən bulaqları, şah-baz  dağları, alp çəmənlikləri ilə deyil, sədaqətli, sözübütöv, mərd, şəkər kimi şirin sözləri ilə mənim həyatıma daxil oldu. Həm də жurnalist acizliyini ilk dəfə mənə Kəlbəcər xatırlatdı. Ilk ezamiyyətimdən aldığım təəssüratları bir oçerkə sığışdıra bilmədim. Yazını tərif edənlər duy-madılar ki, məni fərəkdən keçirməkdən çox, eliyə bilmədiklərim barədə duyğulanıram. Axı, bütün gözəllər kimi, Kəlbəcirin də bədbəxtliyi onun içindədir, kənardan baxmaqla kifayətlənməyib, onun ürəyinə yol tapmalısan. Bu yolu Şamil müəllim göstərdi mənə: yeraltı daxmalardan, cındırından cin ürkən adamların geyimindən, zəhmətlə becərilmiş taxıl zəmilərinin quşbaşı dolu zərbəsindən yerlə yeksan olmasından, Kəlbəcərin (bəlkə də adı da bundadı) keçə bilməyən dar cığırlarından və burada min illərlə məskun olmuş insanların dözümündən keçirdi bu yol. Və ilk povestimi yazdım. O zaman Şamil müəllim məni inandırmışdı ki, bunların bir əlacı var-bu varlı diyarın təbii sərvətlərinin ən qiymətlisinin istehsalını təşkil etmək, yol çəkmək, təkcə elatın yox, başbilənlərin də  ayağını bu yerlərə açmaq gərəkdir. 1957-ci ildə povest hasilə gəldi. Parçaları Şamil müllimə oxudum, görkəmli geoloqumuz Sübhi Bəxtaşı tanış oldu yazı ilə, məsləhətlər verdilər. Ancaq cəsarət eyləyib üzə çıxarda bilmədim və Sibir neftini kəşf edənlərdən bəhs edən «Sınaq» romanının bir xətti də Kəlbəcərə yeni həyat gətirilməsinin zəruri problemi oldu. Hər iki xəttin bir qovuşacağı var idi –torpağa etiram, zəhmətə inam, sevgiyə sədaqət.

Çox bağlı olduğum və vərəqlədikcə beynimi dübarə insan haqqında fəlsəfi imtahanlara «Özümü axtarıram» povesti də meydana gəlməsi Şamil müəllimlə bağlıdır.

Yay idi, yenə ailəmlə istirahət üçün doğma diyar çəkib məni aparmışdı. Şamil hər dəfə, biz Kəlbəcərə gələndə, Turşsu dərəsinə getməyi planlaşdırırdı və deyirdi ki, oranın mənzərəsini gör-məyibsinizsə,  onda Kəlbəcərə gəlmiş də deyilsiniz. Sonralar Lök qalası, Dəlidağ, Istisu Taxtası, nə bilim nə qədər dilbər guşə bu siyahıya əlavə olundu. Həqiqətən də Turşsu dərəsi –«Qotur Istisu» vadisi gözəlliyin tacı idi, amma gözlərimə yıgdıqlarım təbii füsunkarlıq, gözlənilməz bir insanla görüşlə ürküb, məndən uzaqlaşdı.

Cənnət guşəsindən aldığım xoş ovqata soğan doğranıldı. Bir neçə il əvvəl Arəstə xanımla Kəlbəcərdə tanış olmuşdum. O zaman Yevlağın Malbinəsi kəndindən  kolxozun başçısı idi. Bəstəboy, nurani qadın söhbət zamanı mənim tələbəlik dostum Qasım Qasımzadənin anası çıxdı. Qatar yoldaşları kimi tez ünsiyyət tapdıq, ana-bala mehribanlığı ilə söhbətləşdik... Cəmi bir neçə il sonra bizim xoş aləmdə olduğumuz bir vaxtda, bir qadının kənarda tən-tənha oturub oval ay kimi sifətini əlləri arasında tutaraq, hamıdan ayrılıb öz aləminə çəkilməsi diqqətimi cəlb etdi. Oxşatdım da, oxşatmadım da. Şamil gedib görüşdü və heç nə demədi.

Bir neçə saatdan sonra Kəlbəcərə dönərkən, yolda bir «Pobeda» maşının dikdirə çıxa bilməyib, nərildədiyi bizi narahat etdi. Yaxınlaşdıq. Arəstə xanım maşından düşməmişdi, adamlardan gizlənirdi. Sürücüyə kömək etdilər, maşın təpəni qalxdı. Arəstə xanım Şamil müəllimgilə gedirdi. Yolda Şamil müəllim əhvalatı danışdı. Demə, Arəstə xanımı dogma işindən uzaqlaşdırıblar. Hər il Kəlbəcər yaylaqlarına qalxan sürülərin üstündə bu yerlərə gələn sabiq kolxoz rəhbəri, indii bu köhnə maşınla itmiş günlərini axtarır, heç olmasa xatirələrinin üstünü mamır basmağa qoymur. «Ay gidi dünya», dedim. Niyə belə olmalıdır, axı! Sən milyonçü təsərrüfat yarat, sonra kənardan dur bax, elədiklərin göz dağı olsun sənə...

«Özümü axtarıram»-hasilə gəldi.

Arəstə xanımın halına yandım (şükür ki, onun gözəl övladları var idi, dolanışığı da qaydasındaydı). Qarabağın bədbəxt taleyi ilə qarşılaşanda biz bir neçə yazıçı, Bərdədə vəziyyətdən hal-əhval tutandan sonra mən təkid etdim ki, gedək bir Arəstə xanımla məsləhətləşək, görək, müdrik xanım bu işlərin axırını necə görür. Getdim, söhbətimi də yazdım. Qısası: «iyirminci illərdə Soltan bəy nüfuzlu adamları başına yıgdı, gedib danışdılar, barışıq oldu. Indi də çarəsi budur».

Mən Kəlbəcərlə doğmalaşmaqda. Şamil müəllimlə on illər ailəvi dostluqdan qazandıqlarım yalnız adını çəkdiyim yazılar olubmu?

Xeyir! Bu ünsiyyət - Vətən məhəbbətini mayalaşdaran- qəribə bir müqəddəs qısqanclıq təlqin etdi mənə. Dünyanın dörd qitəsini, onlarla ölkəsini gəzərkən, mən yalnız Qərbin, Afrikanın və Amerikanın gözəl-liklərini gözümə yığıb, insanların sivil həyatına həsəd aparmalı olmadım. Mən gördüyüm mənzərələri - Alp dağlarının addımbaşı kürəyindən sal-lanan bəyaz saçlarını, bəyaz şəlalə hörüklərini, Böyük sıranın üfü-qündəki qırçın-qırçın minarələri, Nyu-Yorkun 102 mərtəbəli evini, Iranın təxti-cəmşidini, Dardanelin Istanbula ayna tutan mavi sinəsini, nələri, nələri gördukcə həzz aldığım qədər də, müqəddəs qısqanclıq içimi alovlandırdı. Mənə təskinlik verən Kəlbəcər gözəllikləri olurdu və bunlar mürür-zımanla qanıma, iliyimə işləməsəydi, mənim doğma Azərbaycanıma məhəbbətim, çox güman «vətən», «vətən»  deyib, onun taleyi ilə alver edənlərin «istəyindən» o tərəfə keçməzdi. Kəlbəcər dağları ilə qarşılaşdıranda - Tyanşanın zirvələri də mənə alçaq görünüb; ulu Yenisey də mənə Tərtərimdən dar gəlib, Vyananın göyün  neçə qatına fışqıran fəvvarələri də Istisuda soyuq çayın içindən bir qaya parçasının ortasından neçə metr ucalıga baş vuran qaynar püskürtüsü önündə mənə cılız cörünüb.

Və nəhayət, Kəlbəcərin sadə, müdrik adamları. Жurnalistik sənə-timlə bağlı mənə, yüzlərlə millətin, xalqın, tayfanın nümayəndəsi ilə dilləşmək qismət olub. ABŞ senatının üzvüləri, Rusiyanın baş naziri, Ira-nın dini rəhbəri, Tunisin və Mərakeşin liderlərinin varisləri-şahzadələri-bunlar sözlə ərsəyə çıxmışlardı, qələmlə tarixə düşmüş nə qədər yaradıcı şəxslər-bunların müdrik kəlamları, bizə Istisuda alaçıq quran, bığ yeri təzəcə tərləməyə başlayan cavan oğlanın hazırcavablığı ilə qarşılaşdırılanda - sonuncu keçirdi mənim azərbaycanlı müsabiqəmdən.

Bəlkə də bunlar qısqanclığın kor gözlərinin əlamətiydi - mənim gözümə öz məhəbbətimdən savayı heç nə görünmür. Bəlkə də müqayisələrim insanları çaşdıra biləcəyi fəndləri məni yalnış təəssüratlara vardırır. Bəlkə də Azərbaycanın Dağlıq Qarabağ, Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan, Qubadlı itkilərinin göynəltisindən havlanıb, itirilmiş min bir haqqın heç olmasa bir qismini qaytarmaq istəyimlə  bağlıdır bunlar...

Hər halda, bu inkarolunmaz həqiqətdir ki, bunların hamısına görə mən Şamil müəllimə minnətdaram. Onun mənim varlığımda yaratdığı Vətəni necə sevmək əməlləri ilə.

Qoy həmkarlarım inciməsin. Mən ikinci qələm sahibi tanımıram ki, o dogma yurdu şöhrətləndirmək üçün dırnağı ilə daş eşələyib, yığıb abidə düzəltsin, onun hər qayasını, hər bulağını heyrət doğuran bir duyğu ilə həm şifahi, həm yazılı təbliğ etsin. Bu nadir hadisədir.

Dostluğumuzun yaşı əllini  keçsə də, artıq doğmalaşlığımız halda bir-birimizə sədaqət-vəfa andı içməyimizə ehtiyac olmasa da, mən bu böyük insan qarşısında: yaradıcılıq fəhləsi, milli təəssüb əsgəri, gözəl ailə başçısı və xeyirxah insan önündə təzim edirəm və Şamil Əsgərov haqqında, onun kimliyi barədə sorğu-suallarımı davam etdirir və bütün gerçəklikləri onda ehtiva edirəm ki: nə yaxşı tale bizi qovuşdurmuşdur və nə yaxşı on illər ərzində fürsət düşdü ki, mən ürəyimdən boşaltmaq istədiklərimi heç olmazsa, bir neçə sətrini deyib, ondan halallıq almaq imkanı qazandım.                            

Tomas Qolts, jurnalist                                                               Alovlanan kitabxana

Amerikalı jurnalist Tomas Qolts 1993-cü ildə erməni quldurları tərəfindən Kəlbəcərin  işğalı zamanı mart ayının 31-dən aprel ayının 1-nə keçən gecə bir neçə müxbirlə Şamil Əsgərovun evində qalıbmış. O, Şamilin evinin və zəngin kitabxanasının «QRAD»la dağıdılmasının şahidi olub.

Tomas bundan sonra Azərbaycanin 90-cı illərin əvvəlləini əhatə edən qanlı-qadalı günlərindən bəhs edən «Azərbaycan gündəliyi» kitabında  Şamilin evinin və 30 min kitabı olan kitabxanasının viran edildiyindən də geniş söhbət açmışdır. Aşa­ğıda onun Şamilin barəsində yazısının tərcüməsini bir qədər ixtisarla oxuculara təqdim edirik.

«Yeganə bir şey məni buradan qaçıb getməyə qoymurdu ki, o da hava nəqliyyatından başqa digər yolun olmamasıydı. Ancaq çıxış yolu vertolyota minib getmək idi. Mən özümü bu «siçan yuvasına» - Kəlbəcər adlı ölüm zonasına düşdüyüm üçün lənətləyirdim. Çox-çox arzulayırdım ki, tez buradan baş götürüm qaçım.

Bir gün əvvəl QRAD mən gecələdiyim evi vurub dağıtmışdı. Yanan stullar və döşəklərin üstündən aşıb canlarını qurtaranların hamısı sevinirdi ki, evə düşən daha dəhşətli bomba yox, QRAD idi. Bu, ev sahibinin, əlbəttə, yeganə təsəllisi idi. Onun adı Şamil Əsgərov idi. O, yerli muzeyə başçılıq edirdi, Kəlbəcər və Azərbaycan kürdlərinin avtoriteti idi, çünki, o böyük hərflə yazılan bir KÜRD idi. Kəlbəcər ətrafında yaşa­yan insanların çoxu belə idi. O, doğma şəhərinin başına gələnlərdən elə sarsılmışdı ki, hönkürtüsü dayanmırdı.

«Qırx erməni Kəlbəcəri aldı», - deyərək inildəyirdi. O, qırx rəqəmini ritorik olaraq işlədirdi, necə ki, «qırx gündüz, qırx gecə», «Əlibaba və qırx quldur»,  yaxud Şiyə islamında tutulan qırx günlük matəm və s. Qəribəsi o idi ki, sonralar aydın olduğu kimi real hücüm edən ermənilərin sayı  o qədər də çox deyilmiş. Şamilin oğlu, «Reyter» agentliyinin reportyoru Xalidin atasını sakitləşdirmək cəhdi heç bir nəticə vermirdi. Şamili sarsıdan tar-mar olmuş evin soyuducusu, televizoru, hətta ailə şəkilləri, Molla Mustafa Bərzaninin portreti deyildi. O öz kitabları üçün inildəyirdi.  Otuz min idi onların sayı. Ola bilərdi, onların hamısı yüksək poliqrafiya ilə çap olunmamışdı və hətta çox güman ki, hamı üçün maraqlı deyildi, lakin onlar Şamilin fəxri və sevinci idi. O hətta öz kitab kolleksiyasını kənar oxuculara təqdim etmək üçün kataloq da düzəltmişdi. O, səliqə-sahmanla yaradılmış, «Qədim tarix», «Yeni tarix», «Yerli sənətşünaslıq», «Coğrafiya», «Geologiya», «Bədii Ədəbiyyat» və «Siyasət» kimi tematik şöbələrə bölünmüşdü. Burada Sovet incəsənətinə aid xeyli kütləvi nəşrlər var idi. Onların arasında xeyli yeri milli azlıqların poeziyasına və ədəbiyyatına həsr olunmuş və dövlət subsidiyasına ehtiyacı olan Rus-Kürd-Azəri və digər lüğətlərin əlyazmaları gözümdən qaçmadı.

Hamı siqaret çəkmək üçün bayıra çıxanda mən qeyri-ixtiyarı olaraq Şamildən bir neçə kitab götürmək üçün icazə istədim. Ancaq özündə deyildi və mənim istədiyim çox qeyri-səmimi görünürdü: sabah burada heç şeyin ola bilməyəcəyi müqabilində bu gün kitab borc istəmək  nə qədər məntiqli idi? Lakin  kitabları xilas etmək şansının yox dərəcəsində olduğunu bildiyimiz halda belə, heç nə soruşmamaq ev yiyəsinin ümid­lərini qırmaq olardı. Dilə gətirilməyən ümid ondan ibarət idi ki, Kəlbəcər alınınanda evi qarət olunan şəxs adi insan yox, kitabsevər olacaqdı. Mən təsəvvürümə gətirmək istəyirdim ki, bu kitabxananı qarət edən şəxs necə onu özünün mül­kiyyəti kimi müdafiə edəcək, necə ki, soyuducuya, stullara, xal­çalara, banka və qazanlara sahib olacaq  bir qarətçi kimi öz qə­nimətlərini qoruyacaqdı.

Bütün bunlar dilə gətirilməyən fikirlər idi, ancaq nə olur olsun biz stol arxasında oturub elektrik olmadığından onsuz da işləməyən soyuducudan götürdüyümüz sonuncu araq şüşəsini icir, anbardan tapdığımız quru meyvə konservlərdən yeyirdik. Bu bizim şam yeməyimiz idi. Anbarda düyü kisələri və digər ərzaqlar vardı, ancaq yemək bişirmək üçün nə su gəlirdi, nə qaz var idi, nədə ki elektrik. Bayırda ocaq qalamaq isə səfehlik olardı,  qaranlıqda düşmənə bombalanmaq üçün hədəf ver­mək üçün bu kifayət idi. Odur ki, qaranlıqda oturub araq içir və kitabxananın labüd məhvindən başqa hər şey haqqında söh­bət edirdik.

Səhərə yaxın intensiv mərmi axını bizi yatmağa qoymadı və biz evi tərk etməli olduq.

- Hardadır böyük oğlun? – kimsə Şamildən soruşdu.

Bu vaxt Şamilin mərmi düşmüş evi alışıb yanırdı.

- Yəqin kitabxanadadır, - bir digəri dilləndi.

...Hamımız Şamilin evinə sarı qaçdıq. Ev sahibini otuz min kitabın içində tapdıq. Kitabların çoxu rəflərdən yerə düşmüş,  lüğətlər, poeziya və geologiya, sənətşünaslıq kitabları ilə qarışmış, bütün döşəməyə səpələnmişdi.

- Mən ölmək istəyəirəm! – deyə Şamil hıçqırırdı, - qo­yun elə buradaca ölüm qalım.

Kitabların bir neçəsi artıq közərirdi, lakin insan ömrünün bir qisminin tüstülənən vaxtı olsa da belə, bu xidməti təsdiq və ya müzakirə etməyin vaxtı deyildi. Şamilsə kitabları tərk edə bilmirdi.

Növbəti QRAD bağa düşdü və həyət-bacanı tar-mar etdi.

Artıq düşünmək vaxtı deyildi. QRAD daha yaxın və dəqiq düşürdü. Kimlərsə inildəyən kitabsevəri birtəhər evdən kənara, sonra da küçəyə çıxardılar...»

Məmməd Aslan, Şair

 Əsarətdə qalan yurdun abidə insanları, Dəlidağın özü kimi

 Gecə-gündüz demədən, yorğunqluq, asudəlik düşünmədən ancaq yaratmaq üçün, özündən sonra dünyada bir iz qoymaq eşqiylə dünyamıza gəlmişdi.

Təkcə şeir yaratmaq üçün yox!

       Istedadlı insanlar nəyi yaradırsa, onlara qoşulub insanlığa xidmət eləyən hər şeyi yaratmağa sanki vəkil etmişdilər onu. Şamil Dəlidağ görklü, bərəkətli bir dağ kimi dürlü-dürlü çiçəklər açdı bir ömürdə; çiçəklərin barını-bəhrəsini gördü. Amma görmək istədiklərinin mində birinə də çata bilmədi...

Əvvəl çiçəyindən, qaymağından insanların mehrü-məhəbbətindən qoynunda ərsəyə   çatdığı   Ağcakəndin qeyri-adi  bir  cavanı  idi.  Sonra    Kəlbəcər mərkəzində gözə görünən və dərk edilən işləri ilə bütünlüklə Dəlidağın oğlu olmağı bacardı. Daha sonralar isə bir respublikada sayılıb-seçilən əksər insanların sevimlisi olmağa idrakı və gücü çatdı.

      Şamil, bir zamanlar eləcə ƏSGƏROV idi. Tələbəlik, müəllimlik və geniş fəaliyyəti dövründə kəlbəcərlilərin və geniş miqyasda bəlli dostlarının Şamil Əsgərovu idi. Bu ad və soyadı çox böyük ehtiramla çəkərdilər. Xüsusilə Qarabağ məkanlarından, Laçın, Qubadlı, Zəngilan rayonlarından onun görüşündən daha çox ziyarətinə insanlar axışıb gələrdi.

Bir zaman da çatdı ki, ailə, soyad çevrəsi ona darlıq elədi; çox düşünüb-daşındıqdan sonra Şamil Dəlidağlı oldu. Bu ünvana gəlib-gedənlərin sayı-sanbalı da onun püxtəliyinə və şöhrətinə uyğun artmaqda idi.

Şamil müəllim "Dəlidağlı" soyadı ilə də dayanıb qalmadı. Bu adı içindəki yurd sevgisinin fırtınasına cavab verməkdə az bildi. O, elə Dəlidağın özü idi. Hər yönü ilə, hər halı ilə, xislətindəki yaxşılı-yamanlı nəyi varsa onunla ucadan-uca Dəlidağ idi. O gündən ömrünün axırına kimi adı, soyadı: "ŞAMIL DƏLIDAĞ" olaraq dəyişilməz qaldı. Bu ad ona çox yaraşırdı; eldə deyildiyi kimi onun varlığına biçilmiş bir soyad idi.

      Şamilin evi Azərbaycanda qələm çalan hər kəsin və Dəlidağ pərvanələrinin sanki şərəf mehmanxanasına çevrildi. Bakıdan atlanıb Kəlbəcərə gələn kimliyindən asılı olmayaraq əksər şair və yazıçılar, bəstəkar və müğənnilər birbaşa hazırca öz evlərinə gəlirmişlər kimi, onun şöləsinə pənahlanırdılar. Bir daha təkrar eləyim ki, tanımadıqları belə Şamilin evinə mərhəm bir adam kimi ayaq basırdı. Yaxın münasibətlərimiz mənim körpəliyimdən başladığından bu qonaq-qaralı evin hər halına bələd idim və çox vaxt heyrətdə qalırdım ki, bu qədər qonaq qarğaşasına, bu qədər qeyri-adi qayğı çəkməyə Şamil müəllim necə dözüb tablaşa bilirdi. Bu yerdə onu da deyim ki, ona qonaq olanlara təkcə Dəlidağın beçə balını, qaymağını yedirtmirdi Şamil müəllim, sinəsi dəmirçi körüyü kimi olan ağsaqqal dədələrin, ağbirçək nənələrin yaddaşını süzüb qalaq-qalaq xatirələr yazdığı, ibrətli ağız ədəbiyyatı nümunələrini söyləyib onları doğrudan qeyri-adi bir aləmə aparmağı vardı...

Bir az öncə "Şamil müəllim bu qeylü-qallara necə tablaşırdı? "-dedim. Bəlkə bunun barəsində özü də götür-qoy etdiyindən dost qarşısına sağlam çıxmaq üçün bu günə kimi kimsənin çalışmalarında misli-bərabərini görmədiyim bir fəaliyyətini deməyin yeridir:

     Doğrudan, Allah ona sağlam bədən vermişdi. Bu sağlamlığın üstündən bir zərrə də əksilməsin deyə Şamil müəllimin səhərlər alnından sel-su tökülənə qədər çox çətin idman çalışmaları vardı. Bəlkə də inanmayacaqsınız, səhər yuxudan ayılınca pəncərəni açar, xalının üstündə ən azı on dəqiqə əlləri üstündə evin içindəcə dörd tərəfə cövlan eləyərdi. Elə bu vəziyyətdəcə başını yerə dayıyaraq xeyli səssiz-səmirsiz dayanardı... Deyəcəksiniz: bir belə hərəkətdən sonra nə yeyib-içir, özünə gəlirdi? Hə əsl məsələ bunda idi. Daha doğrusu, ağır fiziki çalışmaların sağlam qaynağı burada idi. Bir qablamada yağı dağ eləyər, üstünə beçə balı tökərdi. Sonra bunu qaşıqlamazdı, başına çəkib, sonuncu damlaya qədər içərdi. Hər görən "afərin" deməkdən daha çox, yazığı gələrdi ki, bu qədər qüvvətli yeməyə bu orqanizm dözə bilməz. Amma dözurdu Şamil müəllim. Bu cür qidalanma ilə Allah bircə qanad verməmişdi ona.

Löhün qalası deyilən bir tarixi abidəsi vardı Kəlbəcərin. Löh çayından qopan hay-haray burada ən əsrarəngiz bir ovqat yaradardı insan övladına. Vaxtilə ötən əsrin birinci yarısında Aşıq Ələsgər Löh qalasının boynunda özünə qazma bir daxma düzəldib, burada yaşamışdı. Löh çayının üstündəki dəyirmanda da günlərini üyütməklə keçirirdi. Şamil bu təbiət gözəlliklərindən daha çox Dədə Ələsgərin bu qayalarda qalan hay-harayını bəlkə bir də eşidər deyə, qala dibinə gələrdi.

Bir dəfə yenə Bakıdan yaradıcı ziyalılar Şamilə qonaq gəlmişdi. Şamillə birlikdə onları Löh qalasına apardıq. Sanki sağlamlığını nümayiş etdirirmiş kimi, Şamil o dimdik sıvadağ qayanın üzərində qartal kimi dayanmış qalaya sağdan-soldan yapışmadan qaçaraq dırmaşdı. Hər kəs heyrət içində qalmışdı. Amma Şamil müəllimin bu cəsarətli yürüşü ziyarətə gələnlərə qol-qanad vermək əvəzinə, onların gözünü qırdı.        Şamilin yanına yüksəlmək üçün son məqamda ayaqqabılarını çıxarıb corabların umuduna, necə deyərlər, iməkləmə çıxdılar...

      Evi yıxılsın "şəkər xanım"ın. Nə qədər Şamil kimi polad bədənləri əridib çöpə döndərib...

Şəkərlə qovuşduğu ilk zamanlar idi. Dərdini bir şeirlə yazıb, gözəl həkim dostumuz Oruc Şahsuvarlıya göndərmişdi. Təsadüfən mən də həmin zamanlar həkimin işlədiyi "Eksperimental xəstəxana"da yatırdım. Məktubu alınca yanıma gəlmişdi həkim. Şamilə bir təsəlli olar deyə, Oruc Şahsuvarovun adından 8 yanvar 1981-ci ildə nəzmlə bir məktub yazıb göndərdim:

Şəkər nə karədir üzüksün sənə?
Səmtinə gəlməyə qoymarıq, Şamil.
Min ulduzdan biri istəsə sönə,
O tək ulduza da qıymarıq, Şamil.       

Qovrulan səhrasan, qəlbin təşnədi,
Dəlidağ, Işıqlı sənsiz heç nədi!
Sən ulu bir dağsan: təbin çeşmədi!
Nə qədər dinləsək, doymarıq, Şamil!

Sızıldadın, ürəyimiz göynədi,
Bizimki də bir bıçaqdı, iynədi,
Biz bilirik: xəstəlik nə, küy nədi...
Hər küyü biz şəkər saymarıq, Şamil!

Imza Orucun olsa da, dərhal mənim nəfəsimi tanıyıb məktub yazmışdı.

O qədər həssas ürəyi, isti təbi, təbdən-təbə düşən təbiəti vardı. Kəlbəcər boyda məkanda ziyası olan nə qədər insan vardısa hamısı ilə təmasda idi.

      Hər kəsin xeyirində, şərində Şamil Dəlidağı ön səfdə görərdik. O, bütünlüklə Kəlbəcər idi, özü xülasə elədiyi kimi, Dəlidağ onun bədəni, ruhu və varlığının əsası idi.

      Şamil Dəlidağın bir insan kimi xarakterini düşündükcə ömrün cavan çağlarında yazdığı bir qoşmanın bircə misrası ruhumda səslənir:

Yıxılanda palıd kimi dəy yerə,
Ürəyini sökə-sökə yıxılma!..

      Bu misralar onun insanlıq manifesti sayıla bilər. Özü də bir çox qələm əhlində olduğu kimi, parlaq bir sifəti başqalarına isnad eləyib, özü ona əməl etməyən insanlardan zəhləsi gedərdi. Başına gələn dürlü-dürlü haqsızlıqlarda dəfələrlə yerə dəyəndə elə palıd kimi dəydi. Sağlam parçaları ilə sonralar bir palıd kimi də dikəlməyi bacardı.

 ***

  Şamil Dəlidağ ilk gəncliyindən Kəlbəcərdə təyin olunduğu vəzifələrdə əvvəl o, vəzifə masasını hörmətə mindirdi, sonra da özünü. Onun ilk təyinatlı vəzifəsi Kəlbəcər Rayon Komsomol Komitəsinin birinci katibi idi. Az bir zaman ərzində rayon gənclərinin qüvvəsini bir yerə cəmləməsi, rayonda hər kəsi və mərkəzi idarədə çoxlarını heyran qoydu. Il keçməmiş Kəlbəcər Rayon Komsomol Komitəsi mərkəzi idarənin minik avtomobi ilə mükafatdandırdı. Indiki şərtlərlə sizə gülməli gələr, amma o zamanlar bu çox böyük nailiyyət sayılırdı.

      Rayon maarif şöbəsinin müdiri və icrayyə komitəsinin sədri olan zamanlarda bilik və bacarığını bu dağ rayonunun inkişafına necə sərf etdiyi onu tanıyanların yaddaşından yəqin ki, ömür boyu silinməyəcək. Ömrünün axırıncı vəzifəsi sayılan Kəlbəcər rayon diyarşünaslıq muzeyinin təşkilində Şamil Dəlidağ az müddət ərzində çoxdan-çox fəaliyyət göstərə bildi. Onun çağırışı ilə rayonun çoxsaylı kəndlərində insanların əlində nə qədər tarixi dəyərlər var idisə, o əşyaların əksəriyyətini cani dildən gətirib muzeyə bağışladılar. Bu muzeyin sorağı təkcə respublikamızda deyil, keçmiş SSRI məkanında çox maraqlılara bəlli idi. Böyük fədakarlıqla muzeyin şöbələrini o qədər əyani yaratmışdı ki, əsrləri və əsrlərin Kəlbəcərə verdiyi dəyərləri tarixin bu yaddaşına baxmaqla asanlıqla dərk etmək olurdu.

Şamili ömrünün sonlarında üzüb-üzüb yatağa salan səbəblərdən başlıcası ürək və şəkər xəstəliyi idisə, bir yandan da rayonun və bütünlüklə millətimizin unudulmaz o mənəvi məbədinin erməni faşistlərinin cənginə keçməsi idi. Ayrı-ayrı eksponatlar haqqında göynəyə-göynəyə danışırdı Şamil Dəlidağ.

***

 Azərbaycan ziyalısının çox mötəbər və unudulmaz bir fərdi olan Şamil Dəlidağ haqqında təəssüratımda iz buraxan o qədər deməli nöqtələr var ki, bir məqalədə bunları açıb tökməyə imkanım yoxdur. Ömür olarsa, onunla bağlı isti və göynər xatirələrimi bir kitabdamı, bir kitabçadamı dilə gətirməyə niyyətliyəm.

       Onunla irəlidə hələ çox görüşlərimiz var...